Feykbuk: Sosial şəbəkədə manipulyasiyalar təhlükəli həddə çatıb - VİDEOKÖŞƏ

      Feykbuk:  Sosial şəbəkədə manipulyasiyalar təhlükəli həddə çatıb -    VİDEOKÖŞƏ
  30 May 2019    Oxunub:7023
Avropa Parlamentinə seçkilər sosial şəbəkədə indiyə qədər görünməmiş dezinformasiya və manipulyasiya cəhdləri ilə müşayiət olunub. Avaaz.org beynəlxalq təşkilatının məlumatına görə, seçki ərəfəsində feysbukda 328 profil, 550-dən çox şübhəli səhifə və qrup yalan xəbərlər, fotolar, videolar yayıblar.


Bu profil və səhifələri ümumilikdə 32 milyon insan izləyir. Onlar feyk kontenti 67 milyon dəfə bəyənib və paylaşıblar. Nəticədə milyonlarla avropalı yalanın, manipulyasianın təsirinə düşüb. İstisna deyil ki, onların kimə səs verməsinə bu saxta məlumatlar da öz təsirini göstərib. Bu isə o deməkdir ki, sözdə demokratiyanın, söz azadlığının vasitəsi kimi göstərilən sosial şəbəkə praktikada demokratiyaya ciddi əngələ çevrilir.

Avaaz.org-un hesabatından sonra Facebook həmin səhifə və qrupların 77-ni, saxta profillərin isə 230-nu ləğv edib. Amma nə faydası? Əvvəla, mavrlar öz işlərini görüblər, ikincisi, yeni saxta profil və səhifələrin açılmayacağına kim zəmanət verə bilər ki?! Əgər bunu etmək çırtma çalmaq qədər asandırsa...

Bu arada Oksford ekspertləri öz tədqiqatlarının nəticəsini açıqlayıblar ki, feyk xəbərlər məhz Facebook-da daha çox və fəal yayılır. Twitter-də feyk kontentin (xəbər, şəkil və videoların) payı cəmi 4% olduğu halda, Feysbukda bu rəqəm qat-qat artıqdır.

Bütün bunlardan çox ciddi nəticələr çıxarmaq lazımdır.
Əvvəla, feysbuk artıq bütün dünyada ciddi dezinformasiya və ictimai şüurla manipulyasiya vasitəsinə çevrilib.
İkincisi, feysbukda hər kəsin səhifə açıb, paylaşım edə bilmək imkanı ona gətirib çıxarıb ki, Bəşər tarixində heç vaxt anonim, yoxlanılmamış informasiyanın xüsusi çəkisi indiki qədər çox olmamışdı.
Üçüncüsü, bu, nisbətən ucuzdur. O mənada ucuzdur ki, məsələn, hansısa qlobal televiziyanın efirində 2-3 dəiqəlik material yerləşdirmək üçün tələb olunan pula sosial şəbəkədə bəlkə də 2-3 ay effektiv təbliğat kampaniyası aparmaq olar. Nəticədə oyunçu-manipulyatorların sayı kəskin artır və bütün kartlar bir-birinə qarışır.

Əslində anonim informasiyaların yayılmasına bu qədər geniş imkan yaratmaqla feysbuk öz oturduğu budağı kəsir, çünki istənilən dövlət və cəmiyyət üçün söz azadlığının hüdudu informasiya təhlükəsizliyinə təhdid yaranan yerdə bitir. Amma bu, başqa mövzudur. Hələlik vacib olan isə ictimai fikri sosial şəbəkələrdə aparılan manipulyasiyalara qarşı vaksinasiya etməkdir. Necə?

Əvvəla, hər kəs başa düşməlidir ki, sosial şəbəkədə yayılan xəbərlərə heç bir halda dəqiqləşdirilmədən inanmaq olmaz. Bu isə o deməkdir ki, sosial media nə qədər inkişaf etsə də, ənənəvi mediaya – yəni saytlara, qəzetlərə, televiziya kanallarına olan ehtiyac aradan qalxmayacaq. Hətta əksinə: Məhz yaydığı xəbərə görə məsuliyyət daşıyan və mənbə göstərən ənənəvi media sosial şəbəkədə baş alıb gedən informasiya vakxanaliyasına çarə ola bilər.

İkincisi isə, şüurunu mental viruslardan qorumaq üçün məşhur “Pareto prinsipi” burada da tətbiq olunmalıdır: Naməlum qaynaqdan yayılan istənilən məlumata, videoya, fotoya ən azı 80 faiz skepsislə yanaşmaq lazımdır. Təsdiqlənər – lap yaxşı, təsdiqlənməzsə, beyninizi zəhərli informasiya təcavüzündən qorumuş olacaqsınız.

Və üçüncüsü, hər zaman yadda saxlamaq lazımdır: Əgər Avropa Birliyi ölkələrində Feysbukda aparılan manipulyasiyalar seçicilərin qərarlarına təsir göstərirsə, görün, başqa yerlərdə vəziyyət necədir.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Feysbuk   Sosial-şəbəkə   Feykxəbər  





Xəbər lenti