Bakıda ingilisləri gözləyən 3 real təhlükə - VİDEOKÖŞƏ
Ona görə də, “Forin Offis”ə məsləhət vermək kimi çıxmasın, mən qərara gəldim ki, Bakıda ingilisləri gözləyən 3 real təhlükəni onlar üçün sadalayım. Bəlkə bunlardan danışsalar, hörmətli ingilislər doğrudan da qorxar və Bakıya gəlməzlər.
1. Bakıda pivəni noxudla içirlər
Bahalı pivəni elitar snack ilə içməyə adət eləmiş tələbkar ingilis mədəsi bu klassik Azərbaycan adətinə necə reaksiya verəcək? Bir əlində pivə, qabağındakı kasada isə noxud ilə “Liverpul”a azarkeşlik edən ingilis lordunu təsəvvür edin. Adam axşam oteldə uzanıb, həzm sistemi isə özünü 1947-ci ilin Hindistanı kimi aparır. Bağırsaqlarında baş verən daxili iğtişaşlardan əsəbləşən kübar ingilis xidmətçisinin üstünə qışqırır:
- Damn! What the hell was this, Barrymore?
Berrimor isə əsl ingilis xidmətçisinə yaraşan təmkinlə cavab verir:
- Noxud, sir!
2. Bakıda ağcaqanadlar var
Aprelin ortalarından başlayaraq, ingilis fumiqatorlarından qorxmayan mutant ağcaqanadlar Bakıda xarici turistlərə toy tuturlar. İngilis moskitlərindən fərqli olaraq, bunların səsi saksofon yox, zurna səsinə daha yaxındır. Ona görə, əsəbləri daha pis korlayır. Çevikdirlər və zərbənin altından vaxtında evakuasiya oluna bilirlər. Bu səbəbdən, dünyanın ən travmatik ağcaqanadları hesab olunurlar. Babanız Ceyms Kukun Avstraliya sahillərində çəkdiyi müsibət bunun yanında toya getməli olacaq.
3. Xaricilərlə nikahın bütün növlərinə maraq böyükdür
Tamamilə mümkündür ki, Bakıda kimsə sizinlə, yaxud, ailə üzvlərinizlə evlənmək istəsin. Çünki ölkədə bir qrup adam, xüsusilə müxalifətçi var ki, xaricə köçmək üçün hər şeyə hazırdırlar, hətta 60 yaşlı keçəl, yekaqarın ingilis azarkeşinə ərə getməyə də. Hələ bundan da betərini eləyənlər var. Ona görə, ehtiyatlı olun.
Yox, əgər kimsə sizin qızınıza elçi gəlsə, onda sadəcə “no” deyin, çıxıb gedəcək. Bu səhnə hətta ölkədə ən populyar folklor növü olan meyxanada da əksini tapıb:
“İngilisin qızına elçi gəlmişəm,
Bir dənə denən “no”, çıxım gedim mən”.
Bax, bu 3 təhlükədən özünüzü qoruya biləcəyinizə əminsinizsə, onda sizə zaval yoxdur, Wellcome to Baku!
Vüsal Məmmədov
Azvision.az
Teqlər: Britaniya İngilis-turistlər