“Soruşurlar ki, “Tık- tık xanım” nə vaxt olacaq?” - MÜSAHİBƏ (VİDEO)

“Soruşurlar ki, “Tık- tık xanım” nə vaxt olacaq?” -  MÜSAHİBƏ (VİDEO)
  02 Aprel 2019    Oxunub:8033
"Kukla Teatrı uşaqlarla yanaşı böyüklər üçün də tamaşalar hazırlayır".
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin Azvision.az-a müsahibəsi:

- Bildiyimiz kimi, artıq teatrlarla bağlı məsələ nəzarətə götürülüb, maddi problemlərin həlli üçün dövlət tərəfindən addımlar atılır. Teatra daha çox tamaşaçı cəlb etmək üçün hansı yeniliklərə hazırlaşırsınız?

- Dövlət proqramı qəbul olunub və biz də digər teatrlar kimi bu proqramdan lazımınca istifadə edə bilirik. Son illər ərzində bizim teatrın əməkdaşları tərəfindən istənilən mexanikada kuklalar hazırlanır. Balaca kuklalarımız təxminən 20-30 santimetrdirsə, böyük kuklalarımız 7 metrdir. Əvəllər belə imkanlar olmurdu, indi isə vəziyyət dəyişib. Son 10 ildə biz 17 beynəlxalq festivalda iştirak etmişik. Bu festivalların çoxunda birincilik qazanmışıq, ən yaxşı tamaşası olan teatr kimi qəbul olunmuşuq. Həmçinin ən yaxşı aktyor oyununa görə, ən yaxşı qadın aktrisasına görə, ən yaxşı rejissor işinə görə mükafatlandırılmışıq. Bu imkandan nə qədər mümkündürsə istifadə etmişik və belə hesab edirəm ki, uğurlu alınıb. Kukla teatrı 1976-cı ildən həm də böyüklər üçün tamaşalar hazırlayır. Çünki tamaşalarımız böyüklərin də xoşuna gəlməlidir ki, onlar balacaları teatrımıza gətirsinlər. Uşaqlar isə tamaşanın yarısından zalı tərk etməsinlər. Bu baxımdan tamaşalarımız müxtəlif olur.



- Klassik nağıl qəhrəmanları- “Cırtdan”, “Göyçək Fatma” uşaqları yormayıb ki? İndi müasir dövrdür, mənə elə gəlir ki, xarici cizgi film qəhrəmanları uşaqların diqqətini daha çox çəkir.

- Elə tamaşalarımız var ki, teatrımız üçün klassikaya çevrilib. Bunlar sırasında “Göyçək Fatma”, “Cırtdan”, “Məlikməmməd” də var. Bəzən valideyn teatra zəng edəndə birinci bu tamaşaları soruşur. Klassik tamaşalarımıza əlavələr edərək onlara canlılıq veririk. Məsələn, “Tık- tık xanım”a Qurban Mənsimov “Tak- tak”ı da əlavə edib. Vaxtaşırı dəyişiklik edirik. Açıq kassaya işləyən teatr olduğumuz üçün tamaşaçıların marağı bizim üçün daha vacibdir. Sorğularımız göstərdi ki, uşaqlar “Kəl oğlan”ı, “Maşa və ayı”nı , “Piter Ben”i istəyirlər. Biz də bu tamaşaları hazırladıq. Onların arzularını nəzərə alaraq həmin tamaşaları repertuara saldıq. Ümumən repertuarımızda 29 tamaşa var.

- Bəzən iradlar səsləndirirlər ki, tamaşlar maraqlı olmur və ya teatr cazibəsini itirib.

- Bizim teatrımız heç vaxt tamaşaçı qıtlığından əziyyət çəkməyib. Teatra marağın olmaması ilə bağlı fikri teatra heç vaxt getməyən adam deyir. Teatrda bir dəfə olan insan bu fikri söyləməz. Bir adam deyirsə, teatr və ya hansısa tamaşa xoşuna gəlmir, mütləq bunun səbəbini də deməlidir. Əgər sən teatra gəlməmisənsə, tamaşaya baxamısansa, necə xoşuna gəlməyə bilər. Hər bir teatrın öz tamaşaçısı var. Doğrudur, müasir uşaqların şüuru, beyni dəyişib. Əvvəlki şəraitdə hazırlanan tamaşa uşaqlara xoş təsir bağışlamaz. Buna görə tez-tez dəyişikliyə əl atırıq.
Dövlətimiz şərait yaradıb, bizə yeni imkanlar verib. 20 il bundan qabaq biz hansısa xarici şəhərə gedəndə yeni texnologiyanı, avadanlığı görüb çaş-baş qalırdıqsa, indi tam əksinədir. Biz harasa gedəndə orada bizdə olan avadanlıq olmadığı üçün tamaşanın hansısa bir hissəsini təxirə salırıq.

- Müsahibələrinizdən birində Mədəniyyət və İncəsənət Universitetində Kukla teatrı aktyoru və rejissoru fakültəsinin yoxluğundan şikayətlənirdiniz. İndi bu məsələ nə yerdə qalıb?

- Bu gün də yoxdur, ancaq hesab edirəm ki, bu barədə artıq irəliləyiş var. Çünki bu yaxınlarda bizim baş rejissorumuz Qurban Mənsimov ora dərs demək üçün dəvət alıb. Belə hesab edirəm ki, bu fakültələr olmasa da, heç olmasa bir kurs kifayət edər. Mütləq deyil ki, kurslar teatrda keçirilsin, universitetdə də keçirilə bilər. Ancaq hər halda Kukla teatrı anlayışı olan adamlar bu kursları keçməlidirlər. Azərbaycanda ümumən 5 kukla teatrı var. Mərkəz isə buradadır. İstər bizdə, istərsə də bölgələrdəki teatrlarda aktyorlar elə teatrın özündə hazırlanır. 6-7 ay müddətində studiyada məşq gedirlər.

- Kukla teatrına aktyorların marağı varmı?

- Sizi inandırım ki, bizim teatrın aktyor ştatında yer yoxdur. Bir neçə nəfəri işə dəvət etmişik, ancaq ştata keçirə bilməmişik. Onlar universitet bitirən, ali savadlı aktyorlardır.

- Afaq xanım incəsənət xadimlərinin prezident və birinci xanımla görüşündən danışarkən sizin teatr haqqında bir neçə söz demişdi. Bildirmişdi ki, uşaq teatrı pis vəziyyətdədir. Afaq xanım pis vəziyyət dedikdə teatrın binasını, yoxsa ümumlikdə teatrın vəziyyətini nəzərdə tuturdu? Bu barədə nə deyə bilərsiniz?

- Kukla teatrının binası normal vəziyyətdədir. "YUĞ" teatrının da bizim binada fəaliyyət göstərməsi işimizə mane olmur. Afaq xanım bəlkə darısqallıq baxımından deyib. Doğrudur, “YUĞ”-un ayrıca binası olsa, yaxşı olar. Nazir bununla bağlı açıqlama verib. Amma bütün hallarda bir-birimizə mane olmuruq. Hər iki teatr yaradıclıqla məşğuldur. Dəstək olmağa çalışırıq. Ümumiyyətlə, teatrın problemlərinə qalanda eyni problemlər yaşanır. Preizdentlə görüşdə problemlərin hər biri səsləndi. Səslənən fikirlər bütün teatr aləminə aid idi. Nəticədə bizim teatrın da əməkdaşlarının maaşları artdı.

17 ölkədə beynəlxalq festivalda olmağımız Mədəniyyət Nazirliyinin və dövlətin dəstəyinin nəticəsidir. Əvəllər xahiş edərək dəvət istəyirdiksə, indi bizdən özləri getməyimizi xahiş edirlər. Son zamanlar bütün maliyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürür. Bu da teatrımızın uğurudur. Həm yaradıcı, həm də texniki göstəricilərimizin normal səviyyədə olmağından xəbər verir.

- Digər ölkələrdə fəaliyyət göstərən uşaq teatrları ilə əlaqələriniz varmı?

- 2011-ci ildə Azərbaycanda Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA)- nın Milli Mərkəzi yaradılıb. Mərkəzin 70-ə yaxın üzvü var. O ki qaldı bizim hansısa xarici ölkələrlə əlaqələrimizə, festivala getdikcə bu istənilən halda yaradıcı insan və teatr üçün inkişafa xidmət edən məsələlərdir. İstənilən qitədə teatrlarla münasibətimiz və əlaqələrimiz var.

Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Teatr   Aktyor  





Xəbər lenti