“Yanğına görə 20 marşrutun istiqaməti dəyişib” - BNA rəsmisi (VİDEO)

   “Yanğına görə 20 marşrutun istiqaməti dəyişib” -    BNA rəsmisi (VİDEO)
  27 Mart 2019    Oxunub:4033
“Fövqəladə hallar zamanı diqqətdə saxlanılan məsələlərdən biri hadisə rayonuna yaxın yerdən keçən ictimai nəqliyyatın fəaliyyətində fasiləsizliyin təmin olunmasıdır”
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev “Diglas” Ticarət Mərkəzində baş verən yanğın nəticəsində ətraf ərazilərdə nəqliyyatın hərəkətində yaranan problemlərdən danışarkən deyib.



Qurum rəsmisi bildirib ki, ərazidən 20 müntəzəm marşrut xətti üzrə avtobuslar keçir və onlar alternativ yollara istiqamətləndirilib.

“Dünən və bu gün ictimai nəqliyyatın fəaliyyətində hansısa çətinliklər müşahidə olunmayıb. Hazırda məhdudiyyətlər tətbiq edildiyi metronun "Xalqlar dostluğu" istiqamətindən gələn avtobuslar Bəhruz Nuriyev küçəsinə daxil olmaqla Bəkir Çobanzadə küçəsinə istiqamətləndirilir. "Qara Qarayev" metro stansiyası istiqamətindən gələn avtobuslar isə Rüstəm Rüstəmov küçəsinə daxil olmaqla Məhsəti Gəncəvi və Bəkir Çobanzadə küçəsinə daxil olaraq yollarına davam edirlər. Hazırda Qara Qarayev prospekti istiqamətində məhdudiyyətin olmadığı yollarda nəqliyyatın hərəkətində sıxlığın müşahidə edilməməsi üçün agentlik tərəfindən və Nəqliyyatın İntellektual İdaredilməsi Mərkəzi tərəfindən zəruri tədbirlər görülür. Müvafiq qurumlarla koordinasiyalı iş aparılır”.

M.Ağayev qeyd edib ki, hazırda hadisə baş verən ərazidə FHN-nin texnikaları çalışır. İşlər yekunlaşdıqdan sonra yolda hərəkət bərpa olunacaq və avtobuslar əvvəlki hərəkət sxemi üzrə sərnişimlərə xidmət göstərəcəklər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BNA   Avtobus   Yol   Yanğın  





Xəbər lenti