Ermənistan MN-nin yekun hesabatı: Paşinyanın atdığı addımlar müdafiə siyasətinə uyğundurmu? - MÜSAHİBƏ (VİDEO)

  04 Mart 2019    Oxunub : 2323
 Ermənistan MN-nin yekun hesabatı: Paşinyanın atdığı addımlar müdafiə siyasətinə uyğundurmu? - MÜSAHİBƏ (VİDEO)
“2016-cı illərə qədər Ermənistan tərəfindən demək olar ki, heç bir yeni silah alınmayıb, əsasən köhnə Sovet silahlarından istifadə edilib”

Hərbi ekspert Ədalət Verdiyevin Azvision.az -a müsahibəsini təqdim edirik:
- Bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyinin yekun hesabatı dərc olundu. Bu hesabat əsasən hansı məsələləri nəzərdə tutur?

- Hesabatda Ermənistan silahlı qüvvələri və onun idaretmə sisteminin yaxşılaşdırılması, silahlı qüvvələrin modernləşdirilməsi prosesininin təmin edilməsi vurğulanır. Bu idarəetmə sisteminin yaxşılaşdırılması bir-iki ay ərzində başa çatacaq bir proses deyil. Bu abzasın yerinə yetirilməsi ən azından tabor-briqada-korpus-mərkəzi İdarəetmə məntəqəsi (digər qoşun növlərində bənzər sxemdir) arasında avtomatik idarəetmə sisteminin tətbiqini, rabitə sistemlərinin, texniki avadanlıqlarının təmamilə dəyişdirilməsini tələb edir.



Silahlı Qüvvələrinin idaretmə sisteminin yaxşılaşdırılması ən azından informasiya, proqram, texniki, təşkilati, riyazi, hüquqi və linqvistik təminat növlərinin tətbiqini və hər bir qoşun növünün tələbatına uyğun proqram təminatının yaradılmasını və tətbiqini nəzərdə tutur.

- İdarəetmə sistemlərinin yenidən qurulması və modernləşdirilməsi hansı prosedurları nəzərdə tutur?

- İdarəetmə sistemlərinin yenidən qurulması və modernləşdirilməsi mürəkkəb bir prosesdir, qısa zamanda qərar qəbul edilməsini və məlumatların emalına sərf edilən zamanın qısaldılmasını təmin etməlidir. Onlar məlumatların qeydiyyatını, nəzarətini, qorunmasını, axtarılmasını, əks etdirilməsini, paylanmasını və dəyişdirilməsini həyata keçirir.



Bu siyahını daha da genişləndirmək mümkündür, lakin ehtiyac yoxdur. Çünki Ermənistanın siyasi-hərbi rəhbərliyinin iştirakı ilə keçirilən “ən yüksək səviyyəli” nümayiş, əslində “gözə kül üfürmə” təlimlərinin heç birində idarəetmədə Rusiyanın orta və qısa dalğalı radiostansiyalarından başqa bir vasitədən istifadə edilməsinə rast gəlinməyib. Yüksək rütbəli zabitlərin, hardasa orta səviyyəli mühafizə xidmətinin istifadə etdiyi rəqəmsal əl radiostansiyalarından istifadəsi də hələlik əlçatmaz arzudur. Mən peyk rabitə vasitələrindən, müasir radiorele maşınlarından, naviqasiya sistemlərindən, etalon tezlik ötürücülərindən, “Jammer” siqnal söndürmə stansiyalarından və s. bəhs etmirəm. Bunlardan hansına erməni ordusunda rast gəlinib ki, indi də idarəetmənin modernləşdirilməsindən danışırlar? Digər tərəfdən isə beynəlxalq təşkilatların hesabatlarında belə bir idarəetmə sistemlərinin Ermənistana satılması və ya çatdırılması barədə heç bir xatırlatma yoxdur. Tək bu bəndin yerinə yetirilməsi Ermənistan Müdafiə Nazirliyinin illik büdcəsinin imkanları xaricindədir.

- Ermənistan hər zaman ordunun modernləşməsindən bəhs edir. Burada reallıqlar nədən ibarətdir?

- 1-ci bəndin ikinci abzasında prioritet məsələnin yerinə yetirilməsi istiqamətində Ermənistan prezidentinin 17 fevral 2018-ci il tarixli ՆՀ-103-Ա nömrəli əmri ilə Ermənistan Respublikasının silahlı qüvvələrinin 2018-2024-cü illər ərzində modernləşdirilməsi proqramının təsdiq edildiyi öz əksini tapıb. Bu maddə üzərində dayanmağa ehtiyac yoxdur. Bir vərəq yazını hər kəs yazıb imzalaya bilər!

Digər bənddə isə silahlanma və hərbi texnikanın modernləşdirilməsi üçün vasitələr əldə edildiyi, silahlı qüvvələrdə tətbiq edilməsi məqsədilə yeni nəsil silahlanma və hərbi texnika nümunələrinin sınaqları keçirildiyi bildirilir. Erməni hərbi ekspert Leonid Nersisyanın sözlərinə görə, Ermənistan yeni silahların alınması baxımından Azərbaycandan çox geridədir: “Ümumilikdə, 2016-cı illərə qədər Ermənistan tərəfindən demək olar ki, heç bir yeni silah alınmayıb, əsasən köhnə Sovet silahlarından istifadə edilib”.



Əslində şərhə ehtiyac qalmır. 2016-cı ilin yaz kompaniyasından sonra Ermənistan Rusiyada ayrılan 200 milyon dollar kredit hesabına bəzi silahlar əldə etmək məcburiyyətində qaldı, lakin onlar hərbi balansa təsir göstərəcək miqdarda deyil. Sonrakı illər ərzində Ermənistan tərəfindən əldə edilən silahları isə müasir sistemlər adlandırmaq doğru olmazdı, ən yaxşı halda söhbət modernləşdirilən silah nümunələrindən gedə bilər. Müdafiə rayonlarının hərbi texnikaların təchizatı baxımından gücləndirilməsi isə yalnız birinci və ikinci eşalon taborlarını nəzərdə tutur. Çünki müdafiə rayonu anlayışı yalnız tabora aiddir. Qoşun kəşfiyyatının daim müşahidə zonasına aid olan taborların müdafiə rayonlarında texnikalarla gücləndirilməsi faktı nə müşahidə məntəqələri, nə də PUA gürüntüləri vasitəsilə təsdiq olunmur. Əvvəl dediyim kimi, son illərdə Ermənistanın Rusiyadan bəzi silah sistemlərini alması barədə faktlar mövcuddur, lakin onların birinci və ikinci eşalon taborlarına paylanması həqiqətə uyğun deyil.

Yeni silahların sınaqlarına gəldikdə isə bu sınaqların bəziləri həqiqətən də keçirilib. Məsələn 57 il əvvəl SSRİ-də tətbiq edilən uzaqdan idarə olunan PKT silahını Ermənistanın “KB-X” sənaye şirkəti özünün “ixtirası” kimi dünyaya sırımağa çalışır.

2-ci bəndin ikinci abzasında “ön xəttin döyüş mövqelərində və dayaq məntəqələrində kamera qurğuları və sistemləri, günəş enerjisi mənbələri cihazları və daimi su ilə, bunlardan 86 mövqenin daimi cərəyan ilə təmin edildiyi” bildirilir. Burada müəllif bilərəkdən “bəzi” sözünü işlətməyərək sonradan “86” rəqəmindən istifadə edir. Əvvəlcə qeyd edim ki, döyüş mövqeyi anlayışı tək əsgərə və manqaya, dayaq məntəqəsi isə taqıma aiddir. Kameralar quraşdırılıb, lakin onların faiz nisbətində ön xəttin nə qədərini əhatə etdiyi göstərilmir. Adətən bu ilki və keçən ilki hesabatları təhlil etmək üçün əsas meyar rəqəmlərdir. Əgər bu rəqəmlər göstərilmirsə, deməli birmənalı olaraq bu rəqəmlər kifayət qədər kiçikdir və ordunun cüzi bir hissəsini əhatə edir.



Su təminatına toxunmuram. 27 il ərzində ən bol su mənbələrinə malik Qafqaz dağlarında bəzi manqalara su verilməsini illik hesabatda ciddi uğur kimi qələmə verənlərin dühasına qibtə etməkdən başqa bir şey qalmır. 86 mövqenin, yəni 86 əsgərin və ya maksimim 86 manqanın daimi cərəyan ilə təmin edilməsi isə minimum bir bölüyün, maksimum isə iki motoatıcı taborun bütün manqalarının daimi elektriklə təchiz edilməsi deməkdir. Bu isə 1007 kilimetrlik cəbhə xəttinin cəmi 10, maksimum 20 kimometri, yəni 1-2% deməkdir.

- Müddətli xidmət hərbi qulluqçularının ərzaq və təchizat şəraitinin yaxşılaşdırıldığı iddia edilir. Bu barədə nə deyə bilərsiniz?

- Belə bir bənd sənəddə mövcuddur. Burada qida təminatının təşkilində bu sahədə ixtisaslaşmış təşkilatlara sifariş edilməsi istiqamətində iş aparıldığı” bildirilir. İş aparılması və real təminat fərqli anlayışlardır.

Hərbi qulluqçularının ərzaq və təchizat şəraitinin yaxşılaşdırılmasına gəlincə isə bütün bu təchizat zənciri keçən ilin oktyabrın 21-nə qədər hakim ailəyə məxsus olan şirkətlərdən birinin monopoliyasında olub. Ermənistanın Baş naziri Paşinyanın əsgərlikdə olan oğlu evdən ərzaq göndərilməsini xahiş etdikdən sonra Nikol mətbuat konfransı keçirərək orduda əsgərlər üçün verilən qidaların keyfiyyətindən narazı olduğunu bildirdi. Cəmi iki ay müddətində bütün monopoliyanın ləğv edilməsinə, bu xidmətdə cibini dolduran cinayətkar dəstənin zərərsizləşdirilməsinə, qida rasionunun yenidən təyin edilməsinə, təchizatla bağlı tender sənədlərinin hazırlanmasına, tenderin elan edilməsinə, iştirak edəcək şirkətlərin tender sənədlərini əldə etməsinə, bu sənədlərin öyrənilməsinə, tenderin keçirilməsinə, tender təkliflərinin şifarişçiyə təqdim edilməsinə, təkliflərin dəyərləndirilməsinə, qalibin elan edilməsinə, vəsatin köçürülməsinə və təchizatın başlamasına heç bu hesabatı tərtib edənlərin özləri də inanmır. Çünki, yuxarıda sadalanan prosedurların hər biri ən azı bir ay müddət tələb edir. Ortalama olaraq tam səmərəli çalışma yalnız bir ildən sonra hansısa nəticə verə bilər. Burada da hardasa əlavə 50-60 milyon əlavə vəsait xərclənməlidir, lakin tək ərzaq xidmətinə hərbi büdcənin 9-10%-nin xərclənməsi real görünmür.

Paşinyan mətbuat konfransında “bu məsələni bir gündə həll etmək olmaz” deyə üsyan edir. Ermənistan Müdafiə Nazirliyi isə hərbi qulluqçularının ərzaq və təchizat şəraitinin cəmi iki ayda yaxşılaşdırıldığını bildirir. İki ayda sadalanan tədbirlərdən 10%-nə nail olsalar böyük işdir. Bu mövzuda Baş nazirin, yoxsa Müdafiə Nazirliyinin düz danışdığını təyin etməkdə çətinlik çəkirəm.



- Ermənistan MN-nin müttəfiq ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlığı hansı səviyyədədir?

Sənəddə “beynəlxalq inteqrasiya imkanlarının genişləndirilməsi məqsədi ilə hesabat dövründə Ermənistan Müdafiə Nazirliyinin müttəfiq və tərəfdaş ölkələr və beynəlxalq təşkilatlarla fəal beynəlxalq əməkdaşlığı davam etdirdiyi” bildirilir. Ermənistan bu bəndin müddəalarına əməl etmək məcburiyyətindədir, əks halda onun mövcudluğu sual altında olardı. Bu bənd Müdafiə Nazirliyinin Ermənistanın müttəfiq olduğu ölkələrə və beynəlxalq təşkilatlara bir az minnət qoyması kimi səslənir. Əslində onların İrəvana ehtiyacı yoxdur, əksinə onlar olmasaydı, Ermənistan ərazisi fərqli bir ad daşıya bilərdi və bu gün biz də başqa bir mövzu barədə danışardıq.

- Ermənistan MN hərbi qulluqçıların mənzil təminatı barədə yüksək vədlər səsləndirir. Bunların reallıqla əlaqəsi varmı?

- Dərc edilən hesabatda “mənzil təminatı çərçivəsində hərbi qulluqçulara əmlak hüququ ilə pulsuz mənzillərin verilməsi və yeni inşa edilən xidməti mənzillərlə təminat prosesinin həyata keçirildiyi; zabit heyətinə uzun müddətli və güzəştli ipoteka krediti layihəsinin Ermənistan hökuməti tərəfindən təsdiq edilərək qərarın qüvvəyə minməsi; bu layihənin qəbul edilməsi nəticəsində ildə 500-dək zabitin mənzil şəraitinin yaxşılaşdırılmasının gözlənildiyi; qanunla müəyyən edilən əsaslarla hərbi xidmətdən buraxılan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan keçmiş hərbi qulluqçu kimi siyahıya alınan şəxslərin mənzil şəraitinin yaxşılaşdırlması məqsədilə dövlət büdcəsindən vəsait ayrılması; bu vəsait əsasında 1000-dən artıq keçmiş hərbi qulluqçunun mənzil şəraitinin yaxşılaşdırılmasının nəzərdə tutulduğu” barədə məlumat verilir.

1. Mənzil təminatı çərçivəsində hərbi qulluqçulara əmlak hüququ ilə pulsuz mənzillərin verilməsi və yeni inşa edilən xidməti mənzillərlə təminat prosesinin həyata keçirilməsi, Müdafiə nazirliyinin boynunun borcudur. Bunu nailiyyət kimi qələmə vermək doğru deyil. Nailiyyət o zaman olur ki, bir ev əvəzinə ikisini verirsən.

2. Zabit heyətinə uzun müddətli və güzəştli ipoteka krediti layihəsi Ermənistan hökuməti tərəfindən təsdiq edilərək qərarın qüvvəyə minməsi nəticəsində 500-dək zabitin mənzil şəraitinin yaxşılaşdırılmasının gözlənildiyi iddiası isə birinci bəndi təmamilə inkar edir. Əgər hərbi qulluqçulara əmlak hüququ ilə pulsuz mənzillər verilirsə, ipoteka krediti nəyə lazım idi? 500 nəfər zabit o qədər şüursuz olacaq ki, dövlətin verdiyi mülkiyyət hüquqlu evdən imtina edib öz vəsaiti hesabına, üstəlik əlavə faiz ödəməklə ev alacaq? Öz ordusunun zabitlərini bu qədər aşağılamaq ancaq ermənilərə yaraşardı.

3. Qanunla müəyyən edilən əsaslarla hərbi xidmətdən buraxılan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan keçmiş hərbi qulluqçu kimi siyahıya alınan şəxslərin mənzil şəraitinin yaxşılaşdırlması məqsədilə dövlət büdcəsindən vəsait ayrılması; bu vəsait əsasında 1000-dən artıq keçmiş hərbi qulluqçunun mənzil şəraitinin yaxşılaşdırılması nəzərdə tutulması isə aşkar şişirtmədir. Çünki hər il 1000 nəfərin ev şəraitinin yaxşılaşdırılması, 1000 ədəd evin boşaldılması, yəni 1000 nəfərin evlə təmin olunması deməkdir. Təxminən 40000 nəfərdən bir az çox sayda şəxsi heyətə malik ordunun 10%-nin zabit və gizirlərdən ibarət olduğunu düşünsək, bu 4000 nəfər edər. Hər il dərc edilən məlumatların da heç olmasa 10 %-nin doğru olduğunu düşünsək, orduda xidmət edən zabit və gizirlərin ən azından 50-60%-nin artıq evlə təmin olunması məlum olar. Deməli, bu ildə 1000 nəfərə ev verilibsə, 2019-cu ildə Ermənistan ordusunun ev problemi təmamilə həll olunacaq, 2020-ci ildə isə evlər artıqlıq edəcək, bəlkə də müddətli hərbi xidmət keçən əsgərlərə də ev verməyə başlayacaqlar. Mən burada ipoteka ilə ev alacaq zabit heyətini nəzərə almadım.



- Ermənistan hökuməti fevralın 6-da Hərbi Sənaye Dövlət Komitəsinin inkişafına dair 5 illik proqram qəbul etdi. Bunu Azərbaycanın potensialı ilə müqayisə etmək olarmı?

- Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən müharibə hər iki ölkəni silahlanmaya ciddi diqqət yetirməyə və silahlı qüvvələrin inkişafına vəsait qoymağa məcbur edir. Ermənistanın məhdud resurslara malik olması həm MN-in yeni silahlar əldə etməsinə, həm də Hərbi Sənaye Kompleksinin (HSK) istehsal potensialını ehtiyac olan səviyyəyə qədər artırmağa imkan vermir. Hər il müxtəlif komissiyalar yaradılır, planlar tərtib edilir, lakin real sektorda nəzərdə tutulan hədəflərin əldə edilməsi mümkün olmur. Bunun əsas səbəblərindən biri hərbi və hərbi-sənaye kompleksinin büdcəsinin ciddi kəsirlərə malik olmasıdır.

Azərbaycan hazırda 20 müxtəlif ölkədən silah idxal edir, ciddi hərbi sənaye kompleksinə malikdir, 1200-dən çox adda hərbi məhsul yerli şirkətlər tərəfindən istehsal edilir, ölkədə müxtəlif tipli mürəkkəb konstruksiyalı zirehli və zirehsiz avtomobillər istehsal edilir.

Azərbaycan Türkiyə, Rusiya, Belarus, Cənubi Koreya, Cənubi-Şərqi Asiyanın bir neçə ölkəsinə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan və Amerika Birləşmiş Ştatlarına (ABŞ) silah ixrac edir. İxracın həcminin 150 miyon dollara yaxın olduğu ehtimal edilir.

"Global Firepower Index 2018" beynəlxalq hərbi güc reytinqinə əsasən, Azərbaycan 2017-ci ilə nisbətən göstəricilərini 6 pillə yaxşılaşdıraraq, dünyanın 136 ölkəsi arasında 53-cü yerdə, Ermənistan isə 84-ci yerdədir. Bütün bunları həzm etmək İrəvan üçün o qədər də asan deyil.

- Bu proqramın qəbul edilməsində məqsəd nədən ibarətdir?

Birincisi İrəvan müharibə təhlükəsinin labüdlüyünü anlayır. İkincisi, əsasən Rusiyadan kreditlər hesabına silahlar əldə edən Ermənistan getdikcə Kremlin təchizat məsələlərində daha təmkinli davranmasına cavab olaraq, öz hərbi sənaye kompleksini inkişaf etdirməkdən başqa bir çıxış yolu görmür. Üçüncüsü, Hərbi Sənaye Dövlət Komitəsinin (HSDK) on ildən çox MN-in tərkibində ciddi bir nailiyyət əldə etmədiyini görən İrəvan, keçən ildən etibarən hərbi sənaye kompleksini digər qonşu dövlətlərdə olduğu kimi Müdafiə Nazirliyinin tabeliyindən çıxararmağa çalışır.



Plan, proqram tərtib etmək, istiqamət müəyyən etmək ən asan vəzifədir, lakin onların yerinə yetirilməsi bir sıra konkret məsələlərin həllindən və vəsait ayrılmasından keçir. Ermənistan hökuməti HSDK ilə bağlı hədəflərini əldə etmək üçün aşağıdakı tədbirlərin həyata keçirilməsini planlaşdırır:

Proqramda yazılanlar konkret konturları olmayan qeyri-müəyyən tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Ermənistan hökuməti gələcək 5 il ərzində hərbi sənaye sahəsinə məqsədyönlü sərmayələr qoymağı hədəfləyən proqram üçün vəsaitin hansı mənbədən və necə formalaşdırılacağını açıqlamır.

HSDK-nə qoyulan sərmayələrin dəyərinin ciddi cəhdlə gizlədilməsi bu məbləğin əvvəlki illərdəki kimi miqdarının az olması ilə əlaqəli olduğu ehtimal edilir. İdxaldan asılılığın azaldılması isə hələlik real vəzifə ola bilməz. Çünki Ermənistanda mövcud olan hərbi sənaye müəssisələrinin davamlı olaraq bağlanması və onların Əmlak Komitəsi tərəfindən satışa çıxarılması bu sektorun səmərəli fəaliyyətinin təşkil olunmasında ciddi problemlərinin olmasından xəbər verir. Digər tərəfdən bu ilə qədər MN-in tərkibində olan HSDK ilə sövdələşmələrdə korrupsiya əlamətləri də diqqəti cəlb edir.

Buna misal olaraq bir fakta nəzər salaq. Arm.info saytının məlumatına görə 1981-ci ildə istismara verilən və son illərdə Ermənistan Müdafiə Nazirliyinin HHM vasitələrinin təmirini və modernləşdirilməsini həyata keçirən "Avtomatika" Elmi İstehsalat Birliyi təxminən 94 milyon dram dövlət vəsaitini mənimsədikdən sonra (bu vəsaitlərin "taleyi" bu günə qədər məlum deyil) müvafiq sənədlər Ermənistan Respublika Prokurorluğuna göndərilib. İlk müqavilənin "taleyi" hələ Prokurorluqda araşdırılarkən, Müdafiə Nazirliyi eyni müəssisə ilə hər biri 60 milyon dram dəyərində iki yeni müqavilə bağlayıb və yenidən vəsait köçürüb. Bu müqavilələrin də "taleyi" bir çox qeyri-müəyyənliklərlə doludur. Müəssisəyə təyin edilən yeni direktor Eduard Ohanyan isə ötən ilin ortalarında müəssisənin balansında mövcud olan dəzgahları sataraq əmək haqlarının bir hissəsini ödəməyə çalışıb.

Özəl sərmayədarlar üçün əlverişli investisiya mühiti yaratmaq niyyəti hələlik niyyət olaraq qalır. Çünki son bir ildə bir çox Avropa şirkətlərinə Ermənistanda müəssisələr açmaq təklif olunsa da, onlardan heç biri bu təklifi müsbət dəyərləndirməyib.

- Ermənistanın Hərbi-sənaye kompleksinin istehsal həcmini artırması və onu sənayenin aparıcı sahələrindən birinə çevirməsi mümkündürmü?

İstehsal həcminin artırılması üçün bir çox ölkələr bənzər proqramlar qəbul edirlər. Lakin son ildə Ermənistanda bağlanan müəssisələrin siyahısına nəzər saldıqda bu maddənin pafoslu bir bəyanatdan başqa bir şey olmadığı məlum olur.



HSDK-ya daxil olan:
- Abovyan şəhərindəki yarımkeçirici qurğuların və diod platalar istehsal edən "Atis" ASC-nin;
- Abovyan şəhərindəki mikrosxemlər istehsal edən "Aşviç" ASC-nin;
- Aparan şəhərindəki bağlayıcılar istehsal edən "Niq" ASC-nin;
- Dilican şəhərindəki rabitə vasitələri istehsal edən "Nork" QSC-nin;
- İrəvan şəhərində birləşdiricilər və ştekerlər istehsal edən "Nork" ASC-nın;
- İrəvan şəhərində elektrik mühərrikləri istehsal edən "Elektik mühərrikləri" ASC-nin;
- Üçmüədzin şəhərində havadan müdafiə sistemləri üçün yaddaş matrisaları və qeydiyyat avadanlıqları istehsal edən "Elektron" ASC-nin və s. bağlanmasını nə ilə izah etmək olar?

Hərbi-sənaye kompleksinin istehsal həcmini artırmaq və onu aparıcı sahəyə çevirmək üçün müəssisələri bağlamaq əvəzinə onları yenidən qurmaq və prioritet məhsul və avadanlıqların istehsalına istiqamətləndirmək vacib idi. Burada hədəf və real fəaliyyət arasında əks mütənasiblik nəzərə çarpır.

- İrəvan istehsal eydiyi hərbi sənaye məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin kəskin artırılmasınını da bu proqrama daxil edib.

Elmi-tədqiqat və inkişaf nailiyyətlərinə gəldikdə bu mövzuya aid erməni KİV-lərində kifayət qədər geniş məlumatlar dərc edilir. Bu mövzuda Ermənistanın real olaraq silah bazarına daxil etdiyi və müştəriyə çatdırdığı nümunələr haqqında məlumat yoxdur. SSRİ-də 62 il əvvəl tətbiq edilən məsafədən idarə olunan PKT texnologiyasını və ya yüksək mühərrik səs səviyyəsinə malik PUA-ya müştəri tapmadığına görə anbarlarda yığılıb qalan, 250 metr atəş məsafəsinə malik RPQ-26-nın bərkidilərək onların "yeni silah sistemləri" kimi ictimaiyyətə təqdim edilməsi, hərbi sferadan az çox məlumatı olan ekspertlər tərəfindən ciddi tənqidlərə məruz qaldı.

Görəsən heç kim soruşmur ki, elmi-tədqiqat və inkişaf nailiyyətləri kimi təqdim edilən bu "yeni silah sistemləri"nin alıcıları kimlərdir? Heç Ermənistan ordusunun özü də bu yeniliklərə sahib çıxmadı. Çünki onların təhlükəsizlik səviyyəsi ciddi suallar doğurur. Nədənsə bu məhsulların sınaq nəticələrini göstərən videomateriallar da yayımlanmır. PKT-nin dəqiqliyi lülədən asılı ola bilər, bu istehsalçı Rusiyaya aid göstəricidir, lakin çiyindən atıldıqda belə "sərxoş dana" kimi irəliləyən RPQ-26-nın hərəkətli PUA-dan atılmasının absurd bir ideyadır. Atıcı qurğu təpmə qüvvəsinə qarşı sabit olmalıdır. İkincisi də ki, porşenli mühərrikinin gurultusuna görə heç kim PUA-nın hədəfin 250 metrliyinə qədər yaxınlaşmağa və atəş açmasına imkan verməz. Üçüncüsü, qumbaraatanların geri təpməsi kifayət qədər böyükdür, qumbara konteynerdən çıxana qədər PUA-nın ən azından tarazlığı pozulacaq, bəlkə də istiqaməti tam dəyişəcək. Belə bir halda aşağı sürətli "sərxoş dana"nın hansı dəqiqliyindən söhbət gedə bilər? Küləkli havada isə RPQ-26-nın PUA-dan tətbiqinin tamamilə təhlükəli olduğu şübhəsizdir. Gecə fəaliyyət imkanı olmadığına görə belə bir yeniliyin ordu üçün əhəmiyyəti qətiyyən yoxdur. Bu tip daxili istehsal məhsullarını nəinki beynəlxalq bazarlara, heç daxili bazara çıxarmaqla nə isə əldə etmək mümkün deyil. Əksini düşünənlər küləkli havada bir atəş sınağının görüntülərini təqdim etsin.

Elmi tədqiqat insitutlarının sayı da digər sənaye müəssisələrinin sayı kimi azalmaqda davam edir. Ermənistanın istehsal etdiyi rəqabət qabiliyyətli məhsullarının beynəlxalq bazarlarda çəkisinin artırılması faktını təsdiqləyəcək ciddi faktlar mövcud deyil. Bəzi müəssisələrin Rusiya HSK-nin bəzi sifarişlərini yerinə yetirməsi isə Moskva ilə Kiyev arasında münasibətlərin gərginləşməsi nəticəsində baş verib.

Ermənistanın büdcəsi hələlik ciddi silah sistemlərini nə almağa, nə də istehsal etməyə imkan verir. İrəvan ildə bütün satınalmalara heç bir halda 100 milyon dollardan artıq vəsait sərf edə bilmir. Bir ədəd müasir YARS divizionuna azı 60%-dən artıq vəsait tələb edilir.

- İrəvan hərbi sənayeyə gənc, istedadlı mütəxəssisləri cəlb etmək məqsədilə hərbi sənaye və elmi-təhsil sistemi ilə əməkdaşlığın daha da inkişaf etdirməyi hədəfləməsinin perspektivləri mövcuddurmu?

- Gənc və istedadlı mütəxəssisləri hərbi sənayeyə cəlb etmək üçün əvvəlcə universitetlərdə hər bir istiqamət üzrə fakultələr açılmalı, ora təcrübəli professor-müəllim heyəti təyin edilməlidir. Universitetlərin maddi-texniki bazası tələbələrin hazırlanması üçün uyğun kimya, fizika, optik sistemlər və s. kimi ixtisaslı labaratoriyalara, müasir texniki ədəbiyyata, təlim vasitələrinə, sınaq poliqonlarına malik olmalıdır. Bunlar həm ciddi vəsaitlər, həm peşəkar kadrlar, həm də on illərlə zaman tələb edir. Uzun müddət erməni KİV-lərini izləsək də belə bir infrastrukturun və fakultələrin mövcudluğuna dair məlumata rast gəlməmişik.

Yaxın 5 ildə Ermənistanın hərbi sənayesinin əhəmiyyətli yeniliklərə imza atacağı yenə də real görünmür. Birincisi, bunun üçün tələb olunan maddi-texniki baza mövcud deyil. İkincisi, real HSDK-da çalışa biləcək mühəndislərin sayı məhduddur. Üçüncüsü, Ermənistanın əlində olan materiallar yalnız məhdud miqdarda hazır silahları və ya mürəkkəb olmayan sistemlərin kopyasını əldə etməyə imkan verir. Yaratmaq və kopyalamaq fərqli prosedurlardır.

- Ermənistanın beynəlxalq şirkətlərlə əməkdaşlığı hansı səviyyədədir?

- Bir çox məşhur xarici hərbi sənaye şirkətlərinə Ermənistan ərazisində imtiyazlı şərtlərlə birgə müəssisələr yaratmaq təklifləri opponentlər tərəfindən dəstək qazanmır. Çünki Ermənistanın digər qonşu ölkələrlə mövcud münasibətləri, daxili bazarın imkanlarının məhdud olması, hələ də ölkədə tam sabitliyin bərpa edilməməsi investorları cəlb etmir. Buna görə də yaxın bir neçə ildə Ermənistana ciddi xarici şirkətlərin cəlb edilməsi real görünmür. Moskvanın əvvəlki kimi silah təchizatında maraqlı olmaması, İrəvanı bəzi addımları atmağa vadar edir. Lakin ağ vərəq üzərində çox planlar qurmaq olar, real hərbi sənaye sektoru ciddi vəsait və yüksək səviyyəli peşəkarlar tələb edir - İrəvanın da bu sahədə əsas problemləri bunlardan ibarətdir.

- Paşinyan höküməti 2019-cu ilin 6 fevral tarixində Ermənistan parlamentinə “7 bəndlik müdafiə siyasəti proqramı”təqdim edib.Açıqlanan proqram hansı müddəaları nəzərdə tutur?

“Ermənistanın müdafiəsinin ən mühüm vasitəsi hökumətin təsəvvürünə görə döyüşə hazır silahlı qüvvələri olan, siyasətdən kənar, təkmilləşdirilən və müasirləşdirilən müdafiə sisteminin yaradılmasıdır. Hökumətin proqramına əsasən, “bu sistem demokratik və mülki nəzarətdə olan hərbi-siyasi faydalı imkanları, müasir hərbi sənaye və hərbi elmləri səmərəli şəkildə tətbiq etməlidir.

Hökumət, hərbi təhdidlərin gözlənilən səviyyəsinə və mümkün müharibənin təbiətinə uyğun olaraq, Ermənistana qarşı silahlı təxribatı susdurmaq və qarşısını almaq, müharibə zamanı isə hərbi əməliyyatları ən erkən mümkün mərhələdə və Ermənistan üçün münasib şəraitdə dayandırmaq üçün dövlətin müdafiə qabiliyyətinin səviyyəsini artırmağı hədəfləyir”.

Əvvəla Ermənistanın müdafiə üçün tam döyüşə hazır silahlı qüvvələrinin yaradılması, ölkənin mövcud vəziyyətini və ordunun mövcud say tərkibini, o cümlədən silahlanmasını nəzərə alaraq elə də asan vəzifə hesab edilə bilməz. Ermənistan iqtisadiyyatının imkanları hazırkı dövrdə silahlı qüvvələrin tələb etdiyi müasir və modern müdafiə sisteminin yaradılmasını və hərbi elmi-texniki tərəqqinin tətbiq edilməsini istisna edir. Ermənistanın hərbi büdcəsindən maaş, ərzaq, əşya, sursat, yanacaq, tibbi və s. təminat növlərinə ayrılan vəsaitləri çıxdıqdan sonra yerdə qalan maliyyə resursları əsasən ordunun atıcı silahlarını, rabitə vasitələrinin və mühəndis texnikalarının kiçik bir hissəsinin mərhələli şəkildə, bir neçə il ərzində dəyişdirilməsinə imkan verə bilər. Bu da yalnız tam şəffaf və korrupsiya faktlarının istisna edildiyi bir şəraitdə mümkündür.

Ordunun siyasətdən kənar tutulması çox asan prosesdir, bunu etmək üçün silahlı qüvvələrə müdafiə naziri deyil, Baş Qərargah rəisi rəhbərlik edir, general və ali zabit heyəti yalnız Ali Hərbi Şura tərəfindən səsvermə yolu ilə seçilir və Baş Qərargah tərəfindən vəzifələrə təsdiq edilir. General rütbələrini isə Baş nazir yalnız formal olaraq təsdiq edir. Bütün şəxsi heyət hərbi xidmət dövründə seçkilərdə iştirak etmir. Bunların yerinə yetiriləcəyi təqdirdə ordunu siyasətdən kənar tutmaq mümkündür.

Silahlı Qüvvələrə demokratik və mülki nəzarətin təşkili bir çox ölkələrdə tətbiq edilir, məhdud resurslara malik Ermənistanın bu bəndi tətbiq etməsi nəzəri olaraq mümkündür, lakin bu nəzarət nəticəsində ictimaiyyət hərbi qulluqçulara müvafiq silah və texnika ilə bərabər müvafiq yaşayış, qida, təchizat və təminat şəraitinin yaradılmasını tələb edəcək, bunu təmin etmək üçün isə hansısa maddələrə ayrılan maliyyə vəsaitlərinin istiqaməti mütləq dəyişdirilməlidir. Bu isə onsuzda çalxalan idarəetmədə disbalans yarada bilər.

Hərbi sənaye və hərbi elmlərin səmərəli şəkildə tətbiq edilməsi, hələ də Ermənistanda elmi tədqiqat insitutlarının sayının digər sənaye müəssisələrinin sayı kimi azalmaqda davam etməsi ilə uzlaşmır. İrəvan şəhərində iki, Abovyan şəhərində iki, Aparan şəhərində bir, Dilican şəhərində bir, Üçmüədzin şəhərində bir hərbi sənaye müəssisənin bağlanmasını izah etmək elə də asan deyil. Bu zavod və fabriklərdə çalışan az-çox təcrübəyə malik kadrların əksəriyyəti ölkəni tərk etməyə məcbur olublar.

- Proqramda Ermənistanın beynəlxalq hərbi-siyasi tərəfdaşları təyin edilirmi?

Bu barədə proqramda “Ermənistan hökuməti ikitərəfli və çoxtərəfli hərbi-siyasi ittifaqları və tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir, həmçinin Ermənistan əlaqələrinin milli maraqlar və mövcud hərbi-siyasi ortaqlıqlar əsasında balansını qorumaqda davam etdirəcəkyi” bildirilir.

Burada diqqət etsək Ermənistan hakimiyyəti qonşu ölkələrlə münasibətlərinə toxunmur, ikitərəfli dedikdə Rusiya ilə, çoxtərəfli dedikdə isə KTMT və Aİ münasibətləri nəzərdə tutur. Deməli ən azı yaxın 5 ildə Ermənistanın qonşularına qarşı nə əsrlik ərazi iddialarından, nə 30 illik işğalçılıq siyasətindən əl çəkəcəyi real görünmür. Yaxın zamana qədər Ermənistan İranla normal münasibətlərə malik idi, bəlkə də buna məcbur idi, lakin son aylarda Paşinyan və partiyasından olan deputatların hər imkanda İran hakimiyyətini sərt tənqid etməsi, soyumaqda olan İrəvan-Tehran münasibətlərinə öz mənfi təsirini göstərməkdədir.

Ermənistanın Gürcüstanda vəziyyətin gərginləşdirilməsi və Dağlıq Qarabağ ssenarisinin Samtsxe-Cavaxetiyada tətbiqi barədə planlarının mövcud olduğu barədə məlumatlar geniş yayılmağa başlayıb.

- Ermənistan daha çox sayda silahlı qüvvələr yaratmaq niyyəti realdırmı?

“Ölkə qarşısında duran çətinliklərin uzunmüddətli xarakterinə əsasən, hökumət gələcək beş il ərzində əhaliyə nisbətən, daha böyük miqyasda silahlı qüvvələr saxlayacaq.Hökumət məcburi müddətli və müqaviləli xidmətinsmütəmadi təkmilləşdirilməsini vacib məsələ hesab edir”.

Avropada Adi Silahlı Qüvvələr Müqaviləsinə (AASQM) görə, Ermənistan 60000 nəfərlik şəxsi heyətə, 110 ədəd tanka, 140 ədəd zirehli döyüş vasitəsinə, 239 ədəd 100 mm-dən böyük çapa malik artilleriya qurğusuna, 16 ədəd döyüş təyyarəsinə, 15 zərbə helikopterinə malik silahlı qüvvələr saxlamaq kvotasına malikdir. Lakin Ermənistan indiyə qədər 45000 nəfərlik ordunu belə silahlandırmağa nail ola bilməyib. Əsas silah kateqoriyaları üzrə mövcud say tərkibi ayrılan kvotalardan azdır. Texniki vəziyyətinə görə, sıradan olmayan texniki vasitələrin sayını ümumi rəqəmdən çıxsaq, ortalama təchizat kvotanın 50% nisbətində dəyişəcək. Göstəricilərin bu qədər aşağı olması şəxsi heyət və texnika ilə 100% komplektləşdirilmiş maliyyə çatışmazlığı ilə birbaşa əlaqəlidir.

Hökumətin müqaviləli xidməti mütəmadi təkmilləşdirilməsi, onu müddətli hərbi xidmətin tamamlayıcı amili kimi nəzərdən keçirməsi isə məcburiyyət qarşısında qəbul edilən qərardır. Həm demoqrafik problemləri, həm də ordunun şəxsi heyətlə təminatında olan boşluqları ölkədən getməyə hazırlaşan yerli əhalini növbə ilə səngərdə mühafizə işlərinə cəlb etmək hesabına qapadılmasını, ictimaiyyətə hərbi xidmətin tamamlayıcı faktoru kimi təqdim etməyə çalışırlar.

- Ermənistan ordusunda hərbi qulluqçuların vəzifə hissini şüurlu bir şəkildə yerinə yetirməsi üçün ardıcıl addımlar atılması nəyi nəzərdə tutur?

Yeni bir hərbi texnologiya icad etdiklərinin illüziyasını yaradanlara yuxarıdakı vəzifənin yerinə yetirilməsi üçün bütün dünyada qəbul edilən düsturun çoxdan mövcud olduğunu xatırlatmağa dəyər: Peşəkar ordu.

Əlbəttə ki, peşəkar orduya keçməklə kriminal keçmişə malik, fiziki və mənəvi hazırlığı zəif olan şəxsi heyətin xidmətə cəlb edilməsinin qarşısı alına bilər. Çağırışın ləğv edilməsi hərbi komissarlıq sisteminin ştatının ciddi azalmasına və onun yaratdığı korrupsiya hallarının aradan qaldırılmasına səbəb ola bilər. Məcburən erməni ordusuna cəlb edilən şəxsi heyətin arasında sağlamlığında ciddi problemləri olan çox sayda çağırışçıya rast gəlmək də mümkündür. Məsələn keçən il 100 nəfərə qədər çağırışçı 43 kq-dan az çəki və enurez xəstəliyi ilə ordu sıralarına parılıb. Lakin peşəkar ordu üçün seçim imkanı daha genişdir.

Orduya şəffaf seçim əsasında birincisi üç illik olmaqla müqavilə ilə qəbul edilən şəxsi heyətə layiqli əmək haqqı ödəməklə ciddi nəticələr əldə edilə bilər. Orduda xidmət edən zabit, gizir və müqaviləli heyətin ev, yüksək maaş, imtiyazlar, ailələrinin sosial təminatı (bağca, məktəb, klub, iş və s.) onların öz vəzifə borclarının şüurlu şəkildə yerinə yetirmələrinin əsas komponenti olmalıdır. Lakin keçən ilin avqustunda erməni hərbçilərinin əmək haqqlarında azalma, reallıqla kağız üzərində qurulan planlar arasında uçurumdan xəbər verir.

Daha sonra isə, noyabrın 12-də keçirilən brifinqdə Müdafiə naziri David Tonoyan 2019-cu il üçün hərbi büdcənin 26.6% artmasına baxmayaraq, hərbçilərin maaşlarının artırılmayacağını bildirdi. Əgər büdcə artımı hərbi qulluqçularının məvaciblərinə müsbət təsir etməyəcəksə, ordu mənsublarının öz vəzifə borclarını şüurlu şəkildə yerinə yetirəcəklərinə ümid etməyə dəyməz.

- Ermənistan ordusu kiber texnologiyalardan, onu avtomatlaşdırılan idarəetmə sistemi ilə birgə tətbiqi etməyi, həmçinin dəqiq artilleriya silahları əldə etməyi planlaşdırır. Bu sahədə müqayisə aparmaq mümkündürmü?.

- 25 ildən artıqdır ki, Ermənistan hakimiyyətinin ön xəttdə yerləşən bölmələrin təchizatını yaxşılaşdıracağı barədə vədlər eşidirik. Ermənistan silahlı qüvvələrinin idarəetmə sisteminin avtomatlaşdırılması məsələsi kifayət qədər bahalı bir “delikatesdir”. Hazırda Ermənistan ordusu avtomatlaşdırmanın kiber müdafiə ilə birgə tətbiqini reallaşdırmaq imkanından mərhumdur. Bunun üçün zəruri elmi, texniki və maddi resurlar hələ mövcud deyil. 3-5 nəfər İT mütəxəsisi bir otaqda əyləşdirmək kiber texnologiya tətbiq etmək demək deyil.

Paşinyan hökumətinin verdiyi vədlərə diqqət etsək, əldə etməyi düşünülən uzaqmənzilli YARS-lar, HHM və çoxməqsədli aviasiya vasitələri, avtomatlaşdırılan və robotlaşdırılan texnikalar və s. hər bir ordunun silahlanmasının vacib komponentidir.

Xatırladırım ki, Ermənistan Rusiyadan silahlanma üçün əldə etdiyi 200 və 100 milyonluq kreditin 10%-ni belə ödəmək üçün bir neçə il “gücənməli” oldu. Sadalananlar isə yalnız Ermənistanın dövlət büdcəsi hesabına, yenə də məhdud sayda əldə etmək mümkün ola bilər. Belə bəyanatların səsləndirilməsi, Ermənistan rəhbərliyinin real döyüş vasitələrinin say tərkibinə görə Azərbaycandan geri qaldığına görə tənqidlərə məruz qalması ilə bağlıdır. SİPRİ, və SAMTO kimi təşkilatların hesabatlarına görə, Azərbaycan son illərdə müxtəlif ölkələrdən 1000-ə yaxın müxtəlif çaplı raket-artilleriya sistemlərinin satın alınmasını həyata keçirib.

Məsələn, Ermənistan ordusunun bu gün ağır artilleriya ilə təchizatına baxsaq, 4-8 ədəd Çinin WM-80 və 8-12 ədəd Rusiyanın”Smerç” YARS-larına rast gələcəyik. Azərbaycan isə arsenalında 30 ədəd “Smerç”, azı 10 ədəd “Polonez” və 21 ədəd Çin-Türkiyə birgə istehsalı olan T-300 “Qasırğa” YARS-larına malikdir. Burada ən yaxşı halda 20, ən pis halda 12 ədəd erməni artilleriya vasitəsini 61 ədəd, həm də ən müasir Azərbaycan YARS-ları ilə müqayisə etmək çətin deyil. Bu siyahıya 44 ədəd T-122 “Sakarya”, 30 ədəd Lar-160, 6 ədəd "Extra" və s. əlavə etsək şərhə ehtiyac qalmayacaq.

Bəxtiyar Məmmədov
Video: Əhməd Xəlilov
Foto: Şahin Sərdarov

Azvision.az

Teqlər: Ermənistan