Əsir düşməmək üçün özünü qayadan atdı - 27 il əvvəl baş verənlər (VİDEO)

Əsir düşməmək üçün özünü qayadan atdı - 27 il əvvəl baş verənlər (VİDEO)
  26 Fevral 2019    Oxunub:12190
Xocalıda ermənilər tərəfindən törədilən soyqırımın canlı şahidlərindən biri Zahid Cabbarovdur. Hazırda 60 yaşı olan Xocalı sakini 3 gün mühasirədə qalıb. Məlum hadisələr zamanı Xocalı özünü müdafiə batalyonunda tağım komandiri olub, yerli sakinləri qorumaq üçün əlindən gələni edib. 27 il əvvəl baş vermiş dəhşətli faciə onun yaddaşında silinməz izlər qoyub.

Z.Cabbarov Xocalıda gördükləri barədə Azvision.az-a danışıb.



- Mən 30 nəfərin tağım komandiri idim. İki postumuz, 30 nəfərə 8 avtomatımız var idi. Postlarımızdan biri dəmir yolunda, digəri dəmir yolunun üzərindəki körpüdə yerləşirdi. Hər postda 4 silah olurdu. Bu cür zəif silahlanma ilə o boyda texnikanın qarşısında durmaq çətin məsələ idi. Buna baxmayaraq, ermənilər Xocalının içinə girənə kimi biz onlara müqavimət göstərmişik.

Fevralın 26-sı səhərə yaxın tanklar şəhərin içərisinə girdi. Atam, bibim qızı, qohumlarımın yarısı hələ Xoclıda idi, onları axtarmağa başladım. Heç birini tapa bilmədim.

Etibar adlı bir nəfər var idi. Dedi, bacanağım yatıb qalıb, çağırım yuxudan dursun. Evə sarı gedəndə onu vurdular, meyiti elə yolun ortasında qaldı, götürə bilmədik. Vəziyyət lap pisləşdi. Məcbur olub kəndi tərk etdik. Kəndin aşağısına gəldik. Yaralılara, yaşlılara Qarqar çayını keçməyə kömək etdik. İnsanları ən çox Naxçivaniklə Əsgəranın arasındakı təpədə qırdılar. Rəhmətlik Çingizin kadrlarında da həmin təpələr, oradakı insanların meyiti görsənir. Orada ermənilərin mühasirəsinə düşdük. Bizə tələ qurub, elə yerdə gizlənmişdilər ki, snayperlə hərbiçiləri, polisləri bir-bir vururdular.

Ermənilər Xocalı camaatının başına gətirilən faciəni Malıbəyli kəndində də törətmək istəyirdilər. Ancaq biz 20 nəfər könüllü erməni kəndinə hücum edib, onların fikrini yayındırdıq ki, Malıbəyli camaatı salamat çıxa bilsin. Orada Milli Qəhrəman Aqil Quliyev yaralanmışdı, onu gətirəndə xərəkdə yenə güllələ ilə vurdular.

Fevralın 26-da mühasirəyə düşdüm, 28-i əziyyətlə çıxa bildim. 3 nəfər kolluqda gizlənmişdik. Yerdə qalan camaatı öldürdülər, əsir apardılar. Biz 3 nəfərin sağ qalmasına səbəb atdığım qumbara idi. Deməli, Elxan adında döyüşçünün avtomatına patron doldururduq. Bu ərəfədə 7-8 erməni bizim tərəfə hücuma keçdi. Mənə Sevindik adında bir kişi "F1" qumbarası vermişdi. Qumbaranın fitili düşmüşdü, dəmiri qalmışdı. Qumbaranı onlar tərəfə atdım. Hamısı aşağı yatdılar. Müəyyən vaxt gözlədilər. Biz də Elxanla fürsətdən istifadə edib, hardasa 6-7 metr hündürlükdə qayadan özümüzü aşağı atdıq. Onlar gördülər ki, partlayış yoxdur. Bizim atdığımız yeri güllələdilər.

Şahanə Rəhimli
Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Xocalı   Soyqırım   Faciə   Şahid  





Xəbər lenti