Səhərin açılmasında xoruzun rolu - VİDEOKÖŞƏ

  22 Fevral 2019    Oxunub : 7651
 Səhərin açılmasında xoruzun rolu - VİDEOKÖŞƏ
Bəlkə siz də uşaq olanda bunu eləmisiniz. O vaxtlar oyun kompüterləri-filan olmadığından, biz düşmənlə döyüşüb, onu öldürmək həvəsimizi belə çıxarırıdıq: “Davalı” kino gedəndə, oyuncaq silahımızı götürüb, otururduq televizorun qabağında. Sovet vaxtının uşaqları idik, hər filmi dəfələrlə görmüşdük, praktik olaraq əzbər bilirdik. Məsələn, “Yeddi oğul istərəm” filmində dəqiq bilirdim ki, bax, indi bizimkilərdən hansısa dönüb, “naqan”dan atəş açacaq, düşmənlərdən biri atdan yıxılacaq. Həmin an tüfəngi üzümə qaldırıb, özüm atəş açırdım: “Part!” Və dərhal alçaq düşmən atdan yıxılırdı. Mənsə ləzzətlə düşünürdüm ki, onu özüm vurmuşam.

Siz divanda oturub, açdığı atəşlə filmdəki personajı öldürdüyünə ürəkdən inanan uşağın həvəsini, eyni zamanda, sadəlövhlüyünü təsəvvür edirsinizmi? Axı bu, filmdir, hər şey çoxdan həll olunub və necə çəkilibsə, ekranda da o cür gedəcək. Mən isə ürəkdən inanırdım ki, ekranın qabağında oturub, açdığım atəşlə “bizimkilərə” kömək eləməsəydim, döyüş ayrı cür də qurtara bilərdi...




 




Əgər bir uşaq bu cür oynayırsa, onu başa düşmək olar. Amma özünü siyasətçi adlandıran, “partiya sədri” statusu daşıyan hansısa saqqalı uşaq da bu cür oynayırsa, onda həqiqətən, anlamaq olmur. Radikal düşərgənin saqqalı uşaqları isə təəssüf ki, həqiqətən də, məhz elə bu cür oynayırlar. Yəni, hakimiyyətdə artıq hansısa məsələ ilə bağlı ilkin qərar qəbul edilib, niyyət var, problem müəyyənləşdirilib, həlli mexanizminin üzərində iş gedir, sənədlər hazırlanır... Məqamı çatanda fərman, ya sərəncam imzalanacaq. Bütün bunlar sehirli çubuğu fırlatmaqla, ya çırtma çalmaqla olmur axı. Amma iş gedərkən müxalifət çıxıb, həmin tələbi mitinqdə səsləndirir, sonra isə elan edir ki, biz problemi qaldırdıq, hakimiyyət də qorxub, həll etdi. Bu, ona oxşayır ki, məsələn, dövlət dəmiryolu çəkir, qatarlar alır, hər şey hazır olanda kimsə artıq relsə salınmış qatarın sonuncu vaqonuna tullanır və elan edir ki, buyurun, qatarı mənzilbaşına mən çatdırdım! Bu, həm də ona oxşayır ki, Günəş çıxanda xoruz banlayır və belə zənn edir ki, məhz o banladığı üçün səhər açılır. Son bir ayda biz artıq neçə dəfə belə yanaşmanın şahidi olmuşuq.  Məsələn, şəhid ailələrinə müavinət verilməsilə bağlı ilkin qərar 2017-ci ilin sonlarında artıq hakimiyyət daxilində qəbul edilmişdi. 2018-ci ilin əvvəlində Fərman imzalana bilərdi, amma Prezident İlham Əliyev seçki ərəfəsində bunu etmək istəmədi ki, şəhid ailələrindən PR elementi kimi istifadə olunması görüntüsü yaranmasın. Apreldə baş tutan seçkidən sonra imzaladığı ilk fərman müavinətlə bağlı oldu. Fərmanın icrası ilə bağlı ortaya bəzi problemlər çıxanda onların da həll edilməsi yolları düşünülürdü. Amma bu proses gedərkən müxalifət mitinq keçirib, tələb etdi ki, şəhidlərin müavinət məsələsini həllini tapsın. Təbii ki, tapdı, amma mitinqə görə yox. Onsuz da tapacaqdı, çünki proses görün, neçə vaxt idi, gedirdi. Sonuncu vaqona tullanan biletsiz sərnişin olmasa da, qatar mənzilbaşına çatacaqdı, dan yeri söküləndə xoruz banlamasa da, səhər açılacaqdı... Amma maraqlı bir nüans da var ki, müxalifətin tələbləri ilə hakimiyyətin addımları arasındakı sinxronluq son vaxtlar doğrudan da, çoxalıb. Qıraqdan baxanda həqiqətən də belə görünə bilər ki, müxalifət hansısa məsələni qaldırır, hakimiyyət isə onu həll edir. Bəs bunu necə izah etmək olar? Əslində çox sadə: səbəblə nəticənin yerini dəyişməklə istənilən qədər belə məntiq “fokusları” yaratmaq mümkündür. Yəni: hakimiyyət müxalifətin dediyinə görə hansısa addımı atmır, müxalifət hakimiyyətin hansısa addımı atacağını bildiyindən, onu deyir. Necə ki, uşaq atəş açdığına görə ekrandakı “düşmən” atdan yıxılmır, onun yıxılacağını bildiyinə görə uşaq həmin vaxt atəş açır. Buna inanmaq çox asandır: Məgər indiyə qədər atılan vacib addımların hamısı Milli Şuranın mitinqlərində tələb edilmişdi ki? İnkişaf proqramları, yol xəritələri, infrastruktur layihələri, müaviətlərin verilməsi, maaşların, təqaüdlərin arıtılması... - bütün bunlar indiyə qədər də dəfələrlə olub – özü də hamısı hakimiyyətin öz təşəbbüsü ilə, heç kim tərəfindən tələb edilmədən. Demək ki, eyni proses indi də gedir və davam edəcək. Mitinqə səslənən tələblərə gəlincə, ora yığışan dəstə hakimiyyətin iradəsi olmasa, hətta növbəti aksiyanı belə, keçirməyə qadir deyir. Onlar hakimiyyəti nəyə məcbur edə bilərlər ki?! Hakimiyyəti nəyəsə məcbur etməyə qadir olan qüvvə əvvəlcə özünün mitinqi üçün icazə alardı. Vüsal Məmmədov Azvision.az


Teqlər: Müxalifət   Milli-Şura