Hazırda Avropa parlamentinin 751 deputatının 100-dən çoxu Avropaya inteqrasiya ideyasını qismən və ya tamamilə rədd edir. Bu “yığma komandaya” sağçı radikallar, millətçilər, islamın əleyhdarları və ilk baxışda tamamilə ləyaqətli insan təsiri bağışlayan spektiklər daxildir.
Deyə bilərsiniz ki, Almaniyanın mühafizəkar “Almaniya üçün alternativ”, Yunanıstanın ultrasağ “Qızıl Şəfəq”, Fransanın “Milli cəbhə” və Macarıstanın sağçı “Daha yaxşı Macarıstan uğrunda” partiyaları arasında ümumi cəhət nədən ibarətdir? Bu partiyaların liderləri onların adlarının bir cümlədə çəkildiyini biləndə yəqin ki, çox heyrətlənərdilər. Əslində isə onları birləşdirən bir məsələ var – Avropa İttifaqının səlahiyyətlərini kəskin şəkildə azaltmaq və ya ondan tamam çıxmaq, miqrasiyanı məhdudlaşdırmaq və milli dövlətə qayıtmaq istəyi. Lakin onların istifadə etdiyi metodlar müxtəlifdir.
Populist sağ cinah partiyası adlanan “Birləşmiş Krallığın müstəqillik partiyası”nın lideri Naycel Fərəc Avropa Parlamentində çıxışında həmin partiya barəsində təsəvvürləri dəyişməyə çağıraraq deyib: “Biz demokratik milli dövlətlərdən ibarət Avropada yaşamaq, işləmək və nəfəs almaq istəyirik. Biz bir-birimizlə ticarət əlaqələri saxlamaq və əməkdaşlıq etmək istəyirik. Biz minimal ağlabatan ümumi standartlarla razılaşmağa məmnuniyyətlə hazırıq. Lakin sərhədlərimizə özümüz nəzarət etmək istəyirik. Bu, hər bir dövlətin səmərəli, məntiqli və ağlabatan istəyidir”. Partiyanın lideri Şərqi Avropa ölkələrindən olan miqrantlara qarşı çıxış edir və öz hökumətini qınayır ki, Şərqi Avropa ölkələrindən Böyük Britaniyaya gəlmiş 600.000 insan əmək fəaliyyəti ilə məşğul olmur.
“Milli cəbhə”nin təsisçisi Jan-Mari Le Pen vaxtilə müstəmləkə müharibələrinin iştirakçısı olub. O, siyasi korrektlik ideyasına nifrət edir.
Jan-Mari ifrat sağçı millətçi olmasını gizlətmir. Onun qızı, “Milli Cəbhə” lideri vəzifəsində atasını əvəz edən Marin Le Pen ləyaqətli davranmağa çalışır. Almaniya Sosial-Demokrat Partiyasından Avropa Parlamentinin deputatı olan Evelin Qebhard isə belə hesab edir ki, Marin Le Pen yalnız “öz partiyasının nitqlər söyləmək tərzini dəyişib, həmin nitqlərdə zorakılığa çağırışları çıxarıb, ideyalar isə əvvəlki kimi qalıb”.
Avropa Parlamentinin Fransadan olan deputatı Silvi Gülər isə bunu əlavə edib ki, “Marin Le Pen insanları qorxu içində saxlayır və ola bilsin ki, o, atasından da təhlükəli adamdır”.
Avropa Parlamentində təmsil olunan bu partiyaların hər ikisi siyasi korrektlikdən, multikulturalizmdən imtina etməyin, ictimai yerlərdə hicab örtməyin qadağan edilməsinin, immiqrasiyanı kəskin məhdudlaşdırmağın və milli mədəniyyəti dəstəkləməyin tərəfdarlarıdır.
Hicab örtməyin və məscid tikintisinin qadağan edilsin, müsəlman ölkələrindən miqrantlar axınına son qoyulsun – Niderlanddakı “Azadlıq partiyası”nın lideri Gert Vildersin tələbləri belədir. O, müsəlmanların immiqrasiyasını dərhal dayandırmağa çağırır, belə hesab edir ki, “siyasi korrektlik” ucbatından “Avropanı itirmək” olar.
Bu partiyaların miqrantlara düşmən münasibətindən başqa, milli dövlət, milli mədəni dəyərlər barədə nostalji hisslər, qloballaşmanı və Avropa inteqrasiyasını inkar etmək mövqeləri də onları ifrat sağçılara yaxınlaşdırır.
Ona görə də bu gün Haaqada keçirilən görüş şərhçilərin diqqət mərkəzindədir.
AzərTAc