“Suriyanın şimalında yalnız Türkiyə olmalıdır” - Hulusi Akar

“Suriyanın şimalında yalnız Türkiyə olmalıdır” -  Hulusi Akar
  15 Fevral 2019    Oxunub:2510
“ABŞ-ın Suriyadan çəkilməsindən sonra yaranacaq boşluq terrorçular üçün təhlükəsiz bölgəyə çevrilməməlidir”.

Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Almaniyada səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “İŞİD-lə mübarizə” toplantısında bu cür bəyanatla çıxış edib.
ABŞ, Almaniya, Fransa və Böyük Britaniya müdafiə nazirlərinin də iştirak etdiyi tədbirdə Hulusi Akar Türkiyənin “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları ilə Suriyada 3 mindən çox İŞİD terrorçusunu məhv etdiyini və bundan sonra da terrorizmin hər növü ilə mübarizəni davam etdirəcəyini bildirib. Nazir bu kontekstdə vurğulayıb ki, YPG/PYD /PKK ilə İŞİD arasında fərq qoyulmamalıdır:

“Kürdlər bizim qardaşımızdır. Bizim tək hədəfimiz terrorçulardır. Bəziləri PKK-nı kürdlər deyə çağırırlar. Bu, son dərəcə yanlışdır. İŞİD terrorçularının müsəlmanları təmsil etmədiyi kimi, PKK-lı terrorçular da ətlə dırnaq kimi bir bütün olduğumuz kürd qardaşlarımızı təmsil etmirlər. Unudulmamalıdır ki, PKK, PYD, YPG eynidirlər. Bu səbəbdən də, YPG terror qruplaşmasının bölgədən çıxarılması hüdudlarımızın və xalqımızın təhlükəsizliyi baxımından ən önəmli məsələdir”.

Hulusi Akar xüsusilə vurğulayıb ki, amerikalıların geri çəkilməsindən sonra Suriyanın şimalında yaradılacaq təhlükəsizlik zonasında yalnız Türkiyə fəaliyyət göstərməlidir.

“Fərat çayının şərqindəki 440 kilometrlik sərhəd xəttində yaradılacaq təhlükəsizlik zonasında asayişin koalisiya qüvvələri tərəfindən təmini məqsədəuyğun və yetərli olmayacaq. Təhlükəsiz zona təkcə Türkiyə üçün deyil, evlərini tərk etmək məcburiyyətində qalan suriyalı qaçqınların vətənlərinə təhlükəsiz şəkildə geri dönmələri üçün də önəmlidir. Təhlükəsizlik zonasında yalnız Türkiyə olmalıdır. Türkiyənin cənub sərhədləri boyunca bir terror dəhlizinin yaradılmasına əsla icazə verməyəcəyik”, - deyə Hulusi Akar bəyan edib.

Ankaranın qərbdən uzaqlaşdığına dair iddialara cavab verən Akar bildirib ki, Türkiyə Qərbdən uzaqlaşmayıb və NATO başda olmaqla, bütün öhdəliklərini tam şəkildə yerinə yetirməyə davam edir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Münhen   Türkiyə   ABŞ   Suriya  





Xəbər lenti