İrəvanda avtobus sürücüləri etiraz aksiyası keçirir - VİDEO

 İrəvanda avtobus sürücüləri etiraz aksiyası keçirir -  VİDEO
  14 Fevral 2019    Oxunub:1885
Bu gün səhər saatlarından başlayaraq Ermənistanın paytaxtı İrəvanda ictimai nəqliyyatın fəaliyyəti iflic vəziyyətinə düşüb. Buna səbəb “İrəvan avtobusu” QSC-nin sürücülərinin xidmət göstərməkdən imtina edərək etiraz aksiyası keçirməsidir.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, avtobus sürücüləri “İrəvan avtobusu” QSC-də 7 ildir direktor postunu tutan Elbak Tarpoşyanın işdən qovulmamasını tələb edirlər.

Aksiyanın başladığı bir neçə saatdan sonra İrəvan meriyasının nəqliyyat idarəsinin rəisi Qenrix Navasardyan və “İrəvan avtobusu” QSC-nin direktoru paytaxt sürücüləri ilə danışıqlar aparmaq üçün etirazçıların yanına gəliblər. Navasardyan bildirib ki, Elbak Tarpoşyan 2018-ci ilin dekabrında özü istefa ərizəsi yazıb, amma hələ onun istefası təsdiq olunmayıb. Bu səbəbdən hələlik “İrəvan avtobusu” QSC-nin direktoru səlahiyyətlərini icra etmək üçün başqa adam təyin olunacaq.

Lakin etirazçıların sözlərinə görə, artıq İrəvan meriyasının bu posta gətirmək istədiyi öz namizədi var və sürücülər üçün həmin namizədin rəhbərliyi, sadəcə, qəbuledilməzdir. Qarşı tərəfin təkidinə baxmayaraq, sürücülər avtobus sükanı arxasına oturmaqdan imtina ediblər. Nəticədə, “İrəvan avtobusu” QSC-nin istefa verən direktoru Elbak Tarpoşyan özü onların qarşısına çıxaraq “mənə bir neçə saat vaxt verin, söz verirəm ki, istefa ərizəmi elə özüm çırıb atacağam” deməklə sürücüləri işlərini davam etdirməyə razı salıb.

Etirazçılar Tarpoşyana 3 saat vaxt verərək şərt qoyublar ki, onların tələblərinə uyğun qərar qəbul edilməsə, yenidən aksiya keçirməklə tətili uzadacaqlar.



Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti