Ermənistan ordusunda ağır cinayətlərin sayı artıb

 Ermənistan ordusunda ağır cinayətlərin sayı artıb
  14 Fevral 2019    Oxunub:2303
2018-ci ildə Ermənistan silahlı qüvvələrində 3525 fövqəladə hadisə qeydə alınıb. Onlardan 235-i (66,9%) qanun pozuntusu, 1140-ı (36,2%) isə cinayətdir.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın hərbi prokuroru Vaqe Arutyunyan 2018-ci ildə hüquq-mühafizə orqanlarının silahlı qüvvələrdə cinayətkarlıqla mübarizə üzrə hesabatını təqdim edərkən deyib.
Arutyunyanın sözlərinə görə, ötən il Ermənistan ordusunda ağır cinayətlərin sayı 8,1% artaraq, daha 9 nəfəri əhatə edib. Xüsusilə ağır cinayət hadisələrinin sayı 43 fakt təşkil edib. Bu cinayətlərin içərisində hərbçilərin öz xidməti yoldaşına atəş açaraq qətlə yetirməsi və mülki şəxsin hərbçini öldürməsi halları da var.

Hesabata əsasən, 2018-ci ildə Ermənistan ordusunda hərbi qulluqçuların bir-birini öldürməsilə bağlı 2 cəhdin, hərbi hissə rəisinin əsgərlərə qarşı güc tətbiqinin, həmçinin, hərbi vəzifəli şəxslərin rüşvət almasına dair 7 cəhdin qarşısı alınıb.

Ermənistanın hərbi prokuroru bildirib ki, ötən il hərbi qulluqçuların bir-birinə qarşı müxtəlif bədən xəsarətləri yetirməsinə dair ümumilikdə 1173 hal qeydə alınıb. Ağır xəsarət alan hərbçilərin sayı isə 54 olub.

Hərbi prokurorluğun hesabatına əsasən, 2018-ci ildə Ermənistan silahlı qüvvələrində 182 korrupsiya faktı qeydə alınıb ki, bu da 2017-ci illə müqayisədə 66 % çoxdur. Həmin korrupsiya faktları üzrə 173 cinayət işi açılıb. Onların içərisindən 83 nəfərə qarşı ittihamın irəli sürüldüyü 43 cinayət işi məhkəməyə göndərilib.

O cümlədən, 2018-ci ildə Ermənistan ordusunda baş verən qanun pozuntuları və fövqəladə hadisələr səbəbindən dövlətə ümumilikdə 422,237 milyon dram (təxminən 863 min ABŞ dolları) ziyan dəyib. Bu isə 2017-ci ilin göstəricisindən 7,3 dəfə çoxdur.

Leyla Elbrusqızı
Azvision.az







Teqlər: Ermənistan   Korrupsiya   Ordu  





Xəbər lenti