Polşa ABŞ-dan “HIMARS” sistemləri aldı

 Polşa ABŞ-dan “HIMARS” sistemləri aldı
  14 Fevral 2019    Oxunub:1996
Varşavaya səfəri çərçivəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens silah tədarükünə dair Polşa prezidenti Anjey Duda ilə 414 milyon dollarlıq saziş imzalayıb.
Azvision.az xəbər verir ki, sazişə əsasən Polşa Böyük Britaniyanın “BAE Systems” və ABŞ-ın “Lockheed Martin” şirkətlərinin birgə istehsalı olan 20 ədəd “HIMARS” (High Mobility Artillery Rocket System) reaktiv yaylım atəşi sistemlərini və 300 raket alacaq.

İmzalanma mərasimində çıxış edən Polşa müdafiə naziri Mariuş Blaşak bildirib ki, “HIMARS” sistemləri Polşa ordusunun hərbi imkanları və döyüş potensialı baxımından olduqca vacib rol oynayacaq: “300 kilometrədək hədəfi vurma qabiliyyətinə malik “HIMARS” sistemləri çox yararlı və effektivdir. Bu sistem düşmənimizin qarşısının alınması üçün vacibdir”.

Blaşak onu da vurğulayıb ki, Polşa “HIMARS” sistemlərini ABŞ Konqressinin satış üçün müəyyənləşdirdiyi 655 milyon dollardan daha ucuz, endirimlə 414 milyon dollara alıb.

Mayk Pens isə öz növbəsində deyib ki, “Polşa Avropanın müstəqil qalasıdır. Prezident Donald Tramp və ABŞ sizin yanınızdadır. 200 il əvvəl atalarımızın etdiyi kimi, ABŞ indi də sizinlə çiyin-çiyinədir”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Polşa   ABŞ  





Xəbər lenti