Ermənistanda etirazçılar dəmiryolunu bağladılar

   Ermənistanda etirazçılar dəmiryolunu bağladılar
  13 Fevral 2019    Oxunub:2115
Ermənistanın şimal-şərqindəki Alaverdi şəhərində yerləşən mis kombinatının 300-dən çox işçisi bu gün səhər saatlarından etibarən etiraz aksiyası keçirərək İrəvan-Tbilisi dəmiryolunu bağlayıblar.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, etirazçılar zavodun rəhbərliyi, eləcə də, baş nazir Nikol Paşinyan hökumətinin və kombinata maliyyə xidməti göstərən bankın nümayəndələri ilə görtüş tələb edirlər.

Qeyd olunur ki, hazırda zavod işçilərinin etirazına Alaverdi şəhərinin yüzlərlə sakini də qoşulub və aksiya artıq kütləvi xarakter alıb.

“Alaverdi şəhərində ciddi sosial problem yaranıb. Yaşayış şərtlərinin ağırlığı və işsizlik üzündən emiqrasiya edənlərin və soyğunçuluq hallarının sayı getdikcə çoxalıb. Hazırda Alaverdidə, sadəcə, katastrofik vəziyyət hökm sürür” - mis kombinatının əməkdaşı Armen Kirakosyan erməni mediasına bildirib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan hələ ötən ilin payızında Alaverdi mis kombinatının əhalinin sağlamlığına və təbiətə ziyan vurduğunu, işçilər üçün isə təhlükə yaratdığını əsas gətirərək zavodun bağlanmasına nail olub. Nəticədə, 2018-ci ilin 18 oktyabrında mis kombinatı fəaliyyətini rəsmən dayandırıb və “Bank VTB”nin (Ermənistan) mülkiyyətinə çevrilib. Bundan hiddətlənən 600 zavod işçisi Paşinyandan ya onları yeni iş yerləri ilə təmin etməyi, ya da kombinatın fəaliyyətinin bərpasını tələb edirlər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Alaverdi  





Xəbər lenti