Yaşıl meydanda döyüşən “Qarabağ qaziləri” - VİDEO+FOTOLAR

 Yaşıl meydanda döyüşən “Qarabağ qaziləri” -    VİDEO+FOTOLAR
  26 Yanvar 2019    Oxunub:16179
Ötən il aprel ayında Azərbaycanda “Qarabağ qaziləri” amputant futbol klubu yaradılıb. Klub Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin təsisçisi, Qarabağ qazisi Rövşən Quliyevin təşəbbüsü ilə ərsəyə gəlib.


Komanda yarandığı 9 ay müddətində böyük uğurlar əldə edib. Gürcüstan komandası ilə qarşılaşdıqları hər iki oyunda qalib gəliblər. Bundan əlavə, komanda yanvarın 3-də Avropada birinci, Dünyada isə ikinci olan Türkiyə yığması ilə qarşılaşıb, oyun 4:4 hesablı bərabərliklə başa çatıb. Gələcək yarışlara hazırlaşan klub həftədə 3 dəfə məşqə çıxır.

Azvision.az -ın əməkdaşları “Qarabağ qaziləri” klubunun Abşeron Olimpiya İdman Kompleksində keçirilən məşq prosesini izləyiblər.



Klubun rəhbəri Rövşən Quliyev bildirib ki, klubu yaratmaqda əsas məqsədləri Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır. Onun sözlərinə görə, komanda may ayında Gürcüstanda keçiriləcək Avropa çempionatına hazırlaşır.



Komandanın üzvü, ehtiyatda olan mayor, I qrup Qarabağ əlili İlkin Ziyadov isə deyib ki, dünya ölkələrində bu cür komandalar ümumi əlillərdən yığılır. Ölkəmizdə isə komandanın oyunçuları Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş insanlardır. Qarabağ qazisi hazırda yaşıl meydanlarda döyüşdüklərini söyləyib.



"Qarabağ qaziləri" Amputant Futbol Federasiyasının rəhbər müavini, ehtiyatda olan polkovnik, Qarabağ qazisi Elmar Hüseynov komandanın inkişaf mərhələsində olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, yaxın vaxtlarda regionlarda da belə komandalar yaradılacaq.



Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan giziri, komandanın üzvü Eşqin Hüseynov 2 aya yaxındır məşqlərə başladığını vurğulayıb. Türkiyədə keçirilən oyunda iştirak edən Qarabağ qazisi qardaş ölkə təmsilçilərinin komandamız haqqında yüksək fikirlər söylədiyini qeyd edib.

















































Anar Kəlbiyev
Foto: Şahin Sərdarov
Video: Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Qarabağ   Qazi   Futbol  





Xəbər lenti