Faciə günü yaralıları xilas edən həkim: “O anları xatırlayanda dəhşətə gəlirəm” - VİDEO

  Faciə günü yaralıları xilas edən həkim:    “O anları xatırlayanda dəhşətə gəlirəm” -    VİDEO
  20 Yanvar 2019    Oxunub:8776
Azərbaycana qarşı 70 il davam edən Sovet təcavüzü 1990-cı ilin 20 yanvar tarixində dəhşətli faciə ilə nəticələndi. 29 il öncə törədilən qətliam tariximizin xronologiyasına ən ağır cinayətlərdən biri kimi həkk olundu.
Milli azadlıq və ərazi bütövlüyü uğrunda minlərlə insan həmin gün mübarizəyə qalxdı. Nəticədə 137 günahsız insan amansızlıqla qətlə yetirildi, yüzlərlə insan yaralandı. Bakı bir anda qan gölünə döndü...

Qanlı Yanvar gecənin şahidlərindən biri Laçın Əliyevadır. Təcili tibbi yardım həkimi kimi təyinatla 3 saylı Təcili Tibbi Yardım Stansiyasına göndərilən müsahibimiz yaralıları xilas edərkən 29 yaşı var idi.

Hazırda həmin stansiyanın böyük həkimi işləyən Laçın Əliyeva ilə söhbət əsnasında yaşananların dəhşətini onun gözlərindən anlamaq olardı. Yanvarın 19-u axşam 10 radələrində çağırışa gedən həkim briqadası yanvarın 20-si səhər saatlarında stansiyaya qayıdır.



“O günləri xatırlamamaq çox çətindir. Xatırladıqca hamı kövrəlir, o cümlədən mən də. Yanvarın 19-da işə gəldim. Axşama qədər normal çağırışlara getdik. Axşam saat 10 radələrində bizə çağırış daxil oldu ki, Prezident Aparatının qarşısında yaralı var və ora getmək lazımdır. Biz dərhal maşına əyləşdik və hadisə yerinə yollandıq. Təəssüf ki, "Azneft" dairəsində rus əsgərləri bizi ora buraxmadılar. Başqa yol taparaq, hadisə yerinə çatdıq. Sakinlər bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfdə yaralılar var. Dərhal ora yollandıq, bir nəfər yaralını maşına qoyduq. Xəstəni Tibbi Təcili Yardım Xəstəxanasına apararkən yolda yenidən bizi saxladılar və ikinci yaralanı maşına qoydular. Yaralıların hər ikisini Tibbi Təcili Yardım Xəstəxanasına apardıq”.

Yaralıları M.Nağıyev adına Tibbi Təcili Yardım Xəstəxanasına aparan L.Əliyeva orada insanların fəryadlarını, qışqırıq səslərini eşitdiyini, öz doğmalarını axtardıqlarını deyir:

“Xəstələri təhvil verib geri qayıtdıq. Geri qayıdan zaman bizi yenidən şəhərə buraxmadılar. O vaxtı Salyan kazarması deyilən yer var idi və atışma orada daha çox idi. Bizi ora yönəltdilər ki, çoxlu yaralı var. Çətinliklə də olsa ora yaxınlaşdıq və bir yaralanı götürüb yenidən xəstəxanaya apardıq”.

L.Əliyeva bildirir ki, çağırışlara gedərkən rus əsgərləri onlara maneələr törədir, hər dəqiqə saxlayıb, təhqir edir, söyüş söyürdülər.

“Həmin vaxtı güllə yağışının altında köməyə gedirdik. Güllələrin qırmızı rəngdə alov saçması, tank səsləri indi də yadımdadır. O günü xatırlayanda dəhşətə gəlirəm. Stansiyaya səhərə yaxın qayıtdıq və həmin vaxtı evə getmədik. Çünki marşrutlar işləmirdi, şəhərə çıxmaq qorxulu idi. Növbəyə gəlməli olanlar isə işə gəlmirdi. Kommendant saatı idi və biz buraxılış vərəqələri ilə işləyirdik. Həmin gecə bizə xəbər gəldi ki, Marxevka Saşa adlı təcili yardım həkimimiz hava limanı yolunda şəhid olub. Ondan 3-4 gün sonra isə təcili yardım maşınının arxadan vurulması nəticəsində bir həkim çiynindən yaralanmışdı”.

Aytən Zəhra
Video: Əhməd Xəlilov Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: 20-Yanvar   Faciə   Həkim  





Xəbər lenti