Prezident iki səfirin etimadnaməsini qəbul edib - FOTOLAR (Yenilənib)

  29 Dekabr 2018    Oxunub : 1898
 Prezident iki səfirin etimadnaməsini qəbul edib - FOTOLAR (Yenilənib)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrin etimadnaməsini qəbul edib.
Azvision.az xəbər verir ki, səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr fəxri qarovul dəstəsinin qarşısından keçdi. Haməd bin Abdullah bin Səud bin Xudeyr etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edən dövlətimizin başçısı əməkdaşlığın yüksək səviyyədə olduğunu, güclü siyasi əlaqələrin qurulduğunu bildirərək ölkələrimizin bir-birini beynəlxalq təşkilatlarda dəstəkləməsinin bunun parlaq təzahürü olduğunu dedi. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı və ədalətli mövqeyini ardıcıl surətdə dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğuladı.



Dövlətimizin başçısı ölkələrimizin iqtisadi, ticarət, investisiya sahələrində əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı maraq göstərdiklərini və bu istiqamətdə birgə fəaliyyət həyata keçirdiklərini bildirdi. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanından ölkəmizə gələn turistlərin sayının sürətlə artmasını əlaqələrimizin gözəl nümunəsi kimi dəyərləndirdi. Dövlətimizin başçısı əməkdaşlığımızın geniş gündəliyə malik olduğunu qeyd edərək Haməd bin Abdullah bin Səud bin Xudeyrin səfir kimi fəaliyyəti dövründə qardaşlıq münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.



Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr xoş sözlərə görə minnətdarlığını bildirərək İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırdı. O vurğuladı ki, Kral Salman bin Əbdüləziz Al Səud Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi, iqtisadi-ticari, investisiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. O, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarına görə təşəkkür etdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzun etimadnaməsini qəbul edib. Səfir Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz fəxri qarovul dəstəsinin qarşısından keçdi. Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.



Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı Azərbaycanın Braziliya ilə əlaqələrə böyük önəm verdiyini qeyd edərək ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi. Siyasi sahədə əlaqələrin qarşılıqlı anlaşmaya əsaslanaraq tarazlı şəkildə inkişaf etdiyini bildirən Prezident İlham Əliyev ticari-iqtisadi əlaqələrin və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı fəaliyyətin artırılmasının zəruriliyini qeyd etdi. İki ölkə arasında aviasiya sahəsində əməkdaşlığa toxunan dövlətimizin başçısı, həmçinin mədəniyyət və turizm sahələrində də əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirdi.



Prezident İlham Əliyev Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruza səfir kimi Azərbaycanda fəaliyyəti dövründə uğurlar arzuladı. Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Braziliyanın dövlət başçısının salamlarını Prezident İlham Əliyevə çatdırdı və Azərbaycanda fəaliyyətə başlamasından böyük məmnunluq hissi keçirdiyini qeyd etdi.



Səfir ölkələrimiz arasında siyasi məsləhətləşmələrin aparıldığını qeyd edərək iqtisadi, ticarət və digər sahələrdə iki ölkənin mövcud potensialından istifadə edilməsi üçün səylərin artırılmasının zəruriliyini bildirdi. O, ümidvar olduğunu dedi ki, iqtisadi məsələlər üzrə ikitərəfli işçi qrupunun keçirilməsi nəzərdə tutulan növbəti iclası bu istiqamətdə əməkdaşlığın inkişafına töhfə verəcək.



Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ölkələrimiz arasında dostluğun və əməkdaşlığın inkişaf etdirilməsi üçün səylə çalışacağını bildirdi. Prezident İlham Əliyev Braziliya dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının çatdırılmasını xahiş etdi.



Azvision.az

Teqlər: İlham-Əliyev   Prezident   Səfir