Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib
  26 Noyabr 2018    Oxunub:17152
Tanınmış alim, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Mineral xammalın kompleks emalı şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Mübariz Məcid oğlu Əhmədov 2018-ci il noyabrın 25-də ömrünün 73-cü ilində vəfat edib.
Azvision.az xəbər verir ki, Mübariz Əhmədov 1945-ci il noyabrın 4-də Qazax rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra 1962-1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsində təhsil alıb, 1970-ci ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun əyani aspiranturasına daxil olub.

Əmək fəaliyyətinə 1964-cü ildə Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) kiçik elmi işçi kimi başlayan M.Əhmədov bu müəssisədə 1975-1986-cı illərdə böyük elmi işçi, 1986-2003-cü illərdə Kükürd tərkibli filizlərin kompleks emalı laboratoriyasının müdiri vəzifəsində çalışıb. O, 2014-cü ildən indiyədək institutun Mineral xammalın kompleks emalı şöbəsinin rəhbəri idi. Alim 1991-1996-cı illərdə Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, 1996-2002-ci illərdə həmin institutun direktor vəzifəsinin icraçısı işləyib.

Mübariz Əhmədov 1974-cü ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1992-ci ildə professor elmi adını alıb, 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Alim tərəfindən ilk dəfə əlvan metallurgiya və qaz sənayesinin kükürd tərkibli zərərli qazlardan metan və onun konversiya məhsulları ilə reduksiya etməklə qiymətli xammal olan sərbəst kükürdün alınması texnologiyası işlənib hazırlanıb və SSRİ Dövlət Elm və Texnika Komitəsinin qərarı ilə Norilsk metallurgiya kombinatının mis zavodunda tətbiq edilib. Onun rəhbərliyi altında filizçay polimetal sulfid filizinin emalı zamanı alınan kükürd qazından kombinə edilmiş üsulla, eyni zamanda sərbəst kükürd və sulfad turşusu alınması istiqamətində nəzəri və təcrübi tədqiqatlar aparılıb.

Professor M.Əhmədovun araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən 400-dən çox elmi əsərdə və iki monoqrafiyada öz əksini tapıb. Onun rəhbərliyi altında 21 elmlər namizədi və 1 elmlər doktoru hazırlanıb.

Alim elmi fəaliyyətlə yanaşı, pedaqoji sahədə də çalışıb. O, 2000-ci ildən indiyədək Bakı Dövlət Universitetinin Ümümi və Qeyri-üzvi kimya kafedrasının professoru olub.

AMEA-nın müxbir üzvü Mübariz Əhmədovun elmi və elmi-təşkilati fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanları ilə “Böyük Vətən Müharibəsi qələbəsinin 20 illik” Yubiley medalı və “Əmək veteranı” medalı ilə təltif olunub. Bundan başqa, uzun illər səmərəli elmi fəaliyyətinə görə 2005-ci ildə “Şöhrət ordeni” ilə mükafatlandırılıb.

Tanınmış alım, pedaqoq, elm təşkilatçısı və səmimi insan Mübariz Əhmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Azvision.az


Teqlər: Mübariz-Əhmədov   AMEA   Alim  





Xəbər lenti