Səfeh və lazımsız and – ARAŞDIRMA

Səfeh və lazımsız and – ARAŞDIRMA
  01 Noyabr 2013    Oxunub:5655
Dövrümüz üçün absurd və ziyanlı olan Hippokrant andı dəyişdirilməlidir

Biz hansısa həkimdən narazı qalanda adətən ona belə irad tuturuq: `Axı sən Hippokrat andı içmisən...` Halbuki, Hippokrat andının nə olduğunu bilən əslində bu sözü dilinə də almazdı. Bu, müasir dövr üçün tamamilə mənasız, absurd, hətta ziyanlı bir anddır. Gəlin, əvvəlcə bu andın mətni ilə tanış olaq, sonra ciddi düşünək: bizim həkimərin belə bir and içmələri nə dərəcədə düzgündür?

AzVision.az qısa ixtisarla Hippokrat andının ən geniş yayılmış versiyasının mətnini təqdim edir:

`- Mən Appollona, Asklepiyə, Gigeyaya, Tanaseyaya, həmçinin bütün allahlara və ilahələrə and içərək,onları şahid gətirirəm ki, öz borcumu bacardığım və imkanım çatdığı qədər vicdanla yerinə yetirəcəyəm.
Yazılı öhdəlik götürürəm ki, mənə həkim sənəti öyrədən şəxsi valideynlərimə bərabər tutacaq, ehtiyac olsa öz qazancımdan ona pay verəcək, onun övladlarını öz bacı və qardaşlarım biləcəyəm. Əgər onun övladları həkim olmaq istəsələr, onlara bu sənəti təmənnasız öyrədəcəyəm.
Gücüm daxilində xəstələrin yaxşılaşmağına çalışacaq və onlara ziyan vuracaq heç bir hərəkət etməyəcəyəm.
Heç kimin özünü öldürməsinə yardım etməyəcəyəm.
Heç bir qadına hamiləliyini yarımçıq kəsən dərmanlar verməyəcəyəm.
Həyatımı və sənətimi təmiz vicdanla davam etdirəcəyəm. Daxil olduğum hər evdə ancaq xəstənin xeyrini düşünəcək, bütün başqa pis niyyətlərdən uzaq olacaq, xüsusilə də həmin evdəki qadınlar, kişilər, azad insan və qullarla cinsi əlaqəyə girməyəcəyəm. Müalicə vaxtı öyrəndiyim sirrlərini heç vaxt heç yerdə yaymayacağam.
Əgər andımı pozmasam, qoy, həyatda xoşbəxt olum və insanların hörmətini qazanım.
Yox, əgər andımı pozsam, qoy bunun əksi başıma gəlsin`.

Qeyd edək ki, Yunan mifologiyasına görə, Hippokrat təbabət allahı Asklepinin nəslindən olub. Onun adı Platonun “Protaqor”və “Fedr” dialoqlarında, Aristotelin “Siyasət” əsərində xatırlanır. Məlumata görə, o,tibbi bilikləri sistemləşdirib və ilk dəfə tibbə elm kimi yanaşıb. Onun ən böyük xidməti budur ki, ilk dəfə olaraq, xəstəliklərə allahların insanlara göndərdikləri bəla kimi yox, təbiət hadisəsi kimi yanaşıb. Bununla da, tibbi dindən ayıraraq, müstəqil elm sahəsinə çevirib.

Bəzi fikirlərə əsasən, Hippokrat konkret bir insan olmayıb, bu ad altında Askleplərin nəslinə məxsus 7 həkim fəaliyyət göstərib. Məşhur andı isə heç də Hippokrat özü fikirləşməyib, çünki bu adla tarixə düşən məşhur həkimin özü həmin prinsipləri çox tez-tez pozurmuş. Tarixi mənbələrə görə, Hippokrat kasıb xəstələri ya müalicə etmir, ya da onlara öldürücü dərmanlar verirmiş. Məsələn, Akrahelsit adlı xəstə eradan əvvəl 380-ci ildə Hippokrata müraciət edəndə həkim onun kasıb olduğunu biləndən sonra qohumlarına təklif edib ki, xəstənin asan yolla dünyadan köçməsinə yardım etsin. Qohumlar razılaşandan sonra isə öz əli ilə xəstəni zəhərə qonaq edib. Bu isə `ziyan vurma`prinsipinə kökündən zidddir.

Ümumiyyətlə, Hippokratın məşhur andında həkimin xəstəni təmənnasız müalicə etməli olduğu haqda bir kəlmə də deyilməyib.

Göründüyü kimi, Hippokrat andında müasir dövrümüzlə uyğunlaşmayan fikirlər kifayət qədərdir. Məsələn, `Daxil olduğum evdəki ... qadınlar, kişilər, azad insan və qullarla cinsi əlaqəyə girməyəcəyəm...`, `qazancımdan müəllimimə pay verəcəyəm` və s. Bu sözlərə müasir dövrümüzdə nə ehtiyac var?

Tibb elmləri doktoru, professor Adil Qeybullaya görə, heç bir ehtiyac yoxdur. O, Hippokrat andını “abstrakt” adlandıraraq, əhəmiyyətsiz olduğunu deyir:

- Başqa ölkələrdə belə bir and yoxdur. Hippokrat andı sovet dövründə ideologiyalaşdırılmış bir anddır. Heç bir hüquqi məsuliyyət nəzərdə tutmur. Biz hüquqi dövlət qururuqsa, həkim-xəstə, tibb işçilərinin bir-birinə münasibətləri qanunla tənzimlənməlidir. Dünyanın hər yerində Həkim etikası kodeksi var. Bütün məsələlər onunla tənzimlənir. Hippokrat andı abstrakt, mücərrəd, əsası olmayan bir anddır. Hipokrat andı içməklə məsuliyyət, vicdan yaranmır. Əsas odur ki, həkim peşəkar olsun, peşəkar adam da adətən vicdanlı olur.

Professorun sözlərinə görə,vətəndaşların bütün təbəqələri sığorta olunandan sonra həkimlə xəstə arasında neqativ münasibətlər də aradan qaldırılacaq: `O zaman heç bir anda ehtiyac olmayacaq. Hesab edirəm ki, həkimin istər müalicəsi, istərsə də xəstə, həkim, tibb işçilərinin münasibətləri konkret olaraq, bir qanunla tənzimlənməlidir ki, bu cür məsələlər hüquqi məsuliyyət yarada bilsin. Biz 2003-cü ilə qədər `həkim etikası kodeksini` hazırlayıb, Nazirlər Kabinetinə təqdim etmişik. Təəssüf ki, reaksiya vermədilər. Amma yenidən bu məsələni qaldıracağıq `.

Tibb elmləri üzrə fəlsəfə doktoru, həkim, mama-ginekoloq Aynurə Xəlilova da Hippokrat andının ləğvini və həkimlərin Allah qarşısında and içmələrini daha məqbul sayır:

- Həkimlərimiz Hippokrat andı içsələr də, içməsələr də onun vicdanı böyük rol oynamalıdır. Andın heç bir əhəmiyyəti, mənası yoxdur. Həkimin vicdanı yoxsa, o andı içməyin nə mənası var? Bütün həkimlər diplom alanda o andı içirlər, amma riayət edirlərmi? Yaxşı olardı ki, Hippokrat andı ləğv edilsin, Allah qarşısında and iilsin. Sadəcə diplom veriləndə desinlər ki, Allah qarşısında söz verirəm, üzərimdə işləyib, bacardığım qədər insanlara kömək edəcəyəm`.

Nihadə Eyyubova
AzVsion.az



Teqlər:  





Xəbər lenti