`Koroğlu`nin bolşevik tarixçəsi – ARAŞDIRMA, ŞƏKİLLƏR

`Koroğlu`nin bolşevik tarixçəsi – ARAŞDIRMA, ŞƏKİLLƏR
  31 Oktyabr 2013    Oxunub:10279
Dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının böyük sənət nümunəsi olduğunu hamı bilir. Amma heç də hamı bilmir ki, bu əsər ilk dəfə SSRİ-də, o cümlədən Azərbaycanda repressiyaların tüğyan elədiyi 1937-ci ildə tamaşaya qoyulub. Və təbii ki, Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının ciddi nəzarəti altında...

Bu barədə bir qədər sonra. Amma hələlik xatırladaq ki, həmin 30-cu illərdə sovet ədəbiyyatı və mədəniyyəti barədə çox ciddi disskussiyalar gedirdi. Ədəbiiyat necə olmalıdır? Sovet musiqisi burjua cəmiyyətinin yaratdığı musiqidən nə ilə fərqlənməlidir? Bu kimi suallar ədəbiyyat və mədəniyyət xadimlərindən daha çox partiya funksionerlərini düşündürürdü. Və nə qədər qəribə və ağrılı olsa da, ədəbiyyatın və mədəniyyətin inkişaf perspektivlərini məhz həmin partiya funksionerləri müəyyən edirdi...

30-cu illərdə incəsənətin bütün sahələri, o cümlədən opera sənəti də ciddi mübahisə və müzakirələr doğurmuşdu. Musiqi tədqiqatçısı, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova o dövrdə gedən diskussiyaların əsas məğzini belə ümumiləşdirir: “Ümumiyyətlə, sovet cəmiyyətinə opera və operetta lazımdır, yoxsa bizdə dram əsərləri üstünlük təşkil etməlidir?”

Bu tendensiya bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da aktual idi. Uzun disskusiyalardan sonra qərara alınmışdı ki, sovet adamlarına opera da, operetta da lazımdır, amma baxır hansı mövzuda...

Azərbaycanda ilk opera hələ bu disskussiyalardan xeyli əvvəl – 1908-ci ildə yaradılmış və kifayət qədər uğur da qazanmışdı. Amma bu, burjua cəmiyyətinin yaratdığı opera idi – məhəbbət əfsanəsinə – “Leyli- Məcnun” sevgisinə əsaslansa da. Söhbət Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından gedir.
Sovet cəmiyyətinin öz operası olmalı idi. Və bu opera fəhlə-kəndli hökumətinin ideologiyasına uyğun yazılmalı idi.

O vaxtlar artıq “Kitabi-Dədə Qoprqud” dastanı sovet elminə məlum idi. Amma bu dastanda türkçülük, qəbilədaxili həmrəylik, etnik birlik kimi prinsiplər üstünlük təşkil etdiyindən, 30-cu illərin proletar beynəlmiləlçiliyi prinsipinə uyğun deyildi. Xüsusən dastanın ana xəttini təşkil edən türkçülük pantürkizmə qarşı mübarizənin getdiyi o illərdə aktual sayıla bilməzdi.

O dövrdə Azərbaycanda sovet ideologiyasına uyğun ən mükəmməl epik əsər yalnız “Koroğlu” dastanı ola bilərdi. Daha doğrusu, yalnız “Koroğlu” dastanını sovet ideologiyasına uyğunlaşdırmaq olardı. O dastan ki, xalq qəhrəmanı varlılara qarşı vuruşur, onların var-dövlətini talayıb yoxsullara verir.

“Koroğlu”da “revalyusion tema”?

“Koroğlu” operasının yaranması tarixilə bağlı çoxlu əfsanələr dolaşır. Bəziləri bu operanın guya İosif Stalinin sifarişi ilə yazıldığını iddia edir, başqaları Mircəfər Bağırovun xidmətlərini xüsusi vurğulayırlar. Əslində operanın o dövrdə ərsəyə gəlməsinə bu adamlar birbaşa və ya dolayısı ilə razılıq (o dövrdə “dobro” deyilirdi) verməsəydilər, təbii ki, “Koroğlu” tamaşaya qoyula bilməzdi. Amma opera yaratmaq üçün məhz “Koroğlu” dastanına müraciət etmək ideyası o dövrdə, elə indinin özündə də çox adamın tanımadığı bir ədəbiyyatşünasa – Heydər İsmayılova məxsusdur.

Belə ki, Üzeyir Hacıbəyli 30-cu illərdə “Dəmirçi Gavə” adlı opera üzərində işləməyə başlamış, hətta bu barədə opera teatrı ilə müqvilə də imzalamışdı. Bu işə o dövrün, elə indinin də tanınmış yazıçısı Məmməd Səid Ordubadini də cəlb etmişdi.
Və günlərin birində heç də hamının tanımadığı Heydər İsmayılov Üzeyir bəyə “Koroğlu” operası üçün libretto yazdığını bildirir və həmin liberettonu Üzeyir bəyə təqdim edir. Mövzu bəstəkarı tutur və o, dərhal “Dəmirçi Gavə” üzərində işi dayandırır, Məmməd Səidi çağırıb yeni opera üçün şeirlər yazmasını xahiş edir...

Məmməd Səid sonralar Üzeyir bəyin “Koroğlu” ilə bağlı ona dediklərini qələmə almışdı: "Koroğlu" dastanı əsasında bir opera yazmaq xəyalındayam. Sən bilirsən ki, Koroğlunun qəhrəmanlıq siması müxtəlif variantlar içərisində itib getmişdir. Koroğlu kimi səbatlı bir üsyançını orta əsrlərə məxsus bir çapğın və eşqbaz olaraq qələmə verirlər. Buna görə də biz Koroğlu epoxasının siyasi və ictimai mündəricəsini yazdığımız operada aydınlaşdırmalıyıq. Xalqımız Koroğlunun möhkəm bir qəhrəman olduğunu, öz əsrinin məşhur üsyan təşkilatçısı kimi feodallara qarşı mubarizə apardığını səhnədə görməlidir”.

Əslində Üzeyir bəy belə bir əsər yazmağa sanki bütün ömrü boyu hazırlaşmışdı. “Kommunist” qəzetinin 5 aprel 1938-ci il tarixli nömrəsində dərc edilmiş “Koroğlu” operası haqqında” adlı məqaləsində böyük bəstəkar yazırdı: “...Koroğlu” operasını yazmazdan daha 20 il qabaq xalq musiqisinin əsaslarını və köklərini öyrənmək işinə başlamışdım”.

Üzeyir bəy əsərin hansı məqsədlə yazılmasını isə belə izah edirdi: “Yazacağım “Koroğlu” operasının Azərbaycan xalqının, bizim kolxozçuların, fəhlələrin və əməkçi intellegensiyanın bugünkü tələblərini ödəyə biləcək ... bir əsər olması idi”.
Böyük bəstəkar daha sonra əsərin üç əsas leytmotivindən söz açır, üçüncü leytmotiv kimi vurğulayırdı: “...Üçüncüsü isə kütlənin xan və paşalara qarşı kin və ədavətini axırda üzyana çevirən revolyusion temadır”.
Bax, belə - “revalyusion tema!”

Gəlin, “Koroğlu” dastanında inqilab mövzusu axtaran, Koroğludan üsyançı obrazı düzəltmək istəyən Üzeyir bəyi qınamağa, ittiham etməyə tələsməyək. Söhbət ötən əsrin 30-cu illərindən gedir...

Üzeyir Hacıbəyli “Koroğlu” operası üzərində işə 1932-ci ildən başlayır və əsəri 1936-cı ildə tamamalayır, operanın tamaşaya qoyulması məsələsi gündəmə gəlir. Təbii ki, belə bir mühüm mədəniyyət hadisəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının diqqətindən kənarda qala bilməsdi. Daha doğrusu, o dövrdə belə bir mədəniyyət hadisəsi ancaq partiyanın Mərkəzi Komitəsinin razılığı ilə həyata vəsiqə ala bilərdi. Ona görə də əsər üzərində işə mütəmadi nəzarət olunurdu.

Təsadüfi deyil ki, Azərbaycan K(b)P MK bürosu 1937-ci il yanvarın 4-də “Koroğlu” operası haqqında ayrıca qərar qəbul etmişdi: “Məmmədov və Arustamov yoldaşlara tapşırılsın ki, “Koroğlu” operasının musiqisinin və mətninin ictimai dinlənilməsini təşkil etsinlər və öz təkliflərini Mərkəzi Komitənin bürosuna təqdim etsinlər”.
Təbii ki, “Məmmədov və Arustamov yoldaşlar” Mərkəzi Komitənin bu tapşırığını yerinə yetirir və fikirlərini büroya təqdim edirlər.

Mərkəzi Komitə bürosunun təxminən bir ay sonra - 8 fevral tarixli iclasında həmin qeydlər nəzərə alınır və yeni qərar qəbul olunur: “Azərbaycan K(b)P MK Bürosu hesab edir ki, bəstəkar, əməkdar incəsənət xadimi Üzeyir Hacıbəyovun Azərbaycan xalq musiqisi əsasında yaratdığı yeni “Koroğlu” operası Azərbaycan opera sənətinə böyük töhvədir və müasir opera incəsənətinin əsas tələblərinə cavab verir .
Lakin musiqinin və mətnin ilkin dinlənilməsi göstərir ki, “Koroğlu” operası bir sıra qüsurlardan xali deyil və əlavə işləməklə bu qüsurları aradan qaldırmaq lazımdır”.

Bəs bunlar nə qüsurlar idi?

Ardı BURADA

Müsəllim Həsənov
Xüsusi olaraq AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti