Belarus Vəkillər Kollegiyasının sədri Bakıya gəlib

Belarus Vəkillər Kollegiyasının sədri Bakıya gəlib
  10 Oktyabr 2018    Oxunub:1087
Ədliyyə nazirinin müavini Toğrul Musayev Azərbaycanda səfərdə olan Belarus Respublikası Vəkillər Kollegiyasının sədri, ölkə parlamentinin üzvü Viktor Çayçits ilə görüşüb.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, dövlətlərimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir müavini bu əlaqələrin inkişafında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun xüsusi rolunu vurğulayıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin beynəlxalq hüquq çərçivəsində həllində Belarus dövlətinin hər zaman ədalətli və prinsipial mövqe nümayiş etdirdiyini bildirib.

Həmçinin, ötən il Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair yeni Sazişin imzalanmasının, yüksək səviyyədə səfərlərin və nümayəndə heyətlərinin mübadiləsinin hüquqi sahədə qarşılıqlı fəaliyyətə mühüm töhfə verdiyi vurğulanıb, vəkillik təsisatının islahatından bəhs edilib, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının 2018-ci il 22 fevral tarixli Sərəncamının xüsusi əhəmiyyəti qeyd olunub.

Azərbaycana səfərindən məmnunluğunu bildirən qonaq xalqlarımız arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb, vətəndaşların hüquqlarının qorunmasına xidmət edən Vəkillər kollegiyaları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib. V.Çayçits vəkillik institutunun inkişafı üzrə görülən tədbirlərə maraq göstərərək bu sahədə Azərbaycan təcrübəsindən istifadə etmək barədə niyyətini ifadə edib.

Görüşdə səfər zamanı iki qurum arasında sənədin imzalanmasının qarşılıqlı fəaliyyətin inkişafına təkan verəcəyi bildirilib, vəkilliyin inkişafı, vəkillərin seçim proseduru və Ədliyyə Akademiyasında təlimi, əhaliyə keyfiyyətli hüquqi yardımın göstərilməsi ilə bağlı faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov iştirak edib. Qonaqlar nazirlikdə bu il 100 illiyi qeyd olunan Azərbaycan Ədliyyəsinin tarixi muzeyi ilə tanış olublar.

AzVision.az


Teqlər: Belarus   Ədliyyə-Nazirliyi  





Xəbər lenti