Şəhid ailələrinə birdəfəlik ödənişlər üçün müraciətlər başlayır - VİDEO
Hərbi qulluqçunun vərəqəsi tərəfindən notariat kontoruna bu sənədlər təqim olunur:
- hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə;
- hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edildiyi təqdirdə, bu barədə məhkəmə qərarı;
- birdəfəlik ödəmənin verilməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına ünvanlanan ərizə. Ərizə forması notariat orqanından əldə edilir;
- bank hesabı nömrəsinə dair arayış. Vərəsənin bank hesabı olmadıqda, o istənilən bankda öz adına hesab açır və bank hesabı nömrəsinə dair arayış alır.
Vərəsəliyin müəyyən edilməsi üçün notariat orqanı tərəfindən əlavə sənədlər də tələb oluna bilər. Məsələn: doğum, nikah, ölüm haqqında şəhadətnamələr və s.
Hərbi qulluqçunun vərəsəsinin birdəfəlik ödəməni almağa hüququnun yarandığı təqdirdə, notarius tərəfindən vərəsəlik şəhadətnaməsi verilir.
Vərəsəlik şəhadətnaməsi və vərəsənin təqdim etdiyi sənədlərdəki məlumatlar notarius tərəfindən elektron qaydada 3 iş günü müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminə ötürülür.
Məlumat sistemə daxil olduqdan sonra müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, onların daxiloma tarixini və reyestr nömrəsini əks etdirən bildiriş vərəsələrin ərizədə qeyd etdiyi əlaqə nömrələrindən birinə göndərilir. Birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan maliyyə vəsaitinin ayrılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən Maliyyə Nazirliyinə müraciət olunur.
Tələb olunan maliyyə vəsaiti ayrıldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmə vərəsənin bank hesabına köçürülür. Bu barədə vərəsənin ərizədə göstərilən əlaqə nömrələrindən birinə bildiriş göndərilir.
Əgər hərbi qulluqçunun vərəsələri daimi əsaslarla ölkə hüdudlarından kənarda yaşayırlarsa, onlar tələb olunan sənədlərlə birlikdə Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəlik və konsulluğuna müraciət edirlər.
AzVision.az
Teqlər: ƏƏSMN Hərbi-Qulluqçu