105 dövlət əmlakı hərraca çıxarılacaq

105 dövlət əmlakı hərraca çıxarılacaq
  25 İyun 2018    Oxunub:1029
Elektron hərracın tətbiqi investorları prosesə cəlb edərək özəlləşdirməni sürətləndirir, bu sahədə aktivliyi və dinamikliyi təmin edir. Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş rahatlığını əsas tutaraq məhdudiyyətsiz formada hərrac prosesini hər kəsə təklif edir. Belə ki, prosesə qoşulmaq istəyən şəxslər onlayn formada müraciət edərək, hərracda iştirak şansını qazana bilər. İştirakçılarla bərabər istənilən şəxsin hərracı izləmək imkanının olması isə prosesin şəffaflığının göstəricisidir.
Əmlak Məsələləri Dövlət Komitəsindən AzVision.az-a bildiriblər ki, operativlik, əlçatanlıq kimi cəhətləri özündə əks etdirən növbəti hərrac iyulun 24-də baş tutacaq. Budəfəki hərraca iş yerlərinin yaradılmasını mümkün edən, investorları yeni biznes sahələrinə cəlb edəcək 105 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 41-i qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir. Prosesdə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakları qiymət, yerləşdiyi ərazi, ümumi faydalılıq cəhətdən müxtəlifdir.

Yevlax, Zərdab, Salyan, Cəlilabad və digər regionlarda yerləşən səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Bu əmlakların nizamnamə kapitalının həcmi 9 min və 1 milyon manat intervalındadır. Bu kateqoriyada böyük investisiya yatırmaqla yüksək gəlir qazandıra biləcək dövlət əmlaklarından Salyan Broyler, Beyləqan Sənaye Kombinatı, Yevlax Tikinti Servis və digər səhmdar cəmiyyətlərini göstərmək olar.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinin isə ümumi faydalı sahəsi 12 kvadratmetr ilə 11 min kvadratmetr arasında dəyişir. Bu müəssisələrin ölkənin ayrı-ayrı regionlarında yerləşməsi və çoxçeşidli olması investorlar üçün müxtəlif iqtisadi sahələr üzrə ixtisaslaşmaq potensialını yaradır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Balakən şəhəri, Atatürk prospektində yerləşən Əmlak kompleksini nümunə kimi göstərmək olar. Torpaqla birgə özəlləşdiriləcək bu obyektin ümumi faydalı sahəsi 11 min kvadratmetrə yaxındır. İlkin hərrac qiyməti 17 min 500 manat olan, Lənkəran rayonunda yerləşən anbarın ümumi faydalı sahəsi 263 kvadratmetrdir. Əmlakın bərpası müxtəlif xidmət sahələri üzrə gəlir əldə etməyi mümkün edə biləcək.

Özəlləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələrindən 27-si paytaxtda, 5-i Sumqayıtda qalanları isə Gəncə, Mingəçevir, Ağdaş şəhərlərində yerləşir. Hərraca çıxarılan belə əmlakların sahəsi 12 kvadratmetr ilə 266 kvadratmetr arasında dəyişir. Bu da vətəndaşların seçim imkanını artırır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ümumi faydalı sahəsi 66 kvadratmetr olan qeyri-yaşayış sahəsindən həm ofis, həm də iaşə xidməti və ticarət müəssisəsi kimi istifadə edilə bilər.

Hərraca obyektlərlə bərabər markaları müxtəlif olan nəqliyyat vasitələri də çıxarılıb. Həmin avtomobillərin buraxılış illəri 2006, 2007, ilkin hərrac qiymətləri isə 1 min 600 ilə 19 min 300 arasındadır.

Qeyd edək ki, hərraca çıxarılan dövlət əmlaklarının adı, ünvanı, sahəsi, ilkin start qiyməti haqqında ətraflı məlumatı komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az özəlləşdirmə portalının müvafiq bölməsinə daxil olmaqla öyrənmək mümkündür. Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi hərrac prosesində fəal iştirak etməyə dəvət edir.

AzVision.az


Teqlər: Komitə   Əmlak  





Xəbər lenti