“Pakistandan daha çox hərbi texnika almaqda maraqlıyıq” - Prezident
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev Pakistan rəhbərləri ilə görüşlərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimiz arasında sıx siyasi əlaqələr mövcuddur və eyni zamanda, müdafiə sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Pakistanla hərbi əməkdaşlığı daha da genişləndirmək və Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır. Ölkələrimizin birgə hərbi təlimləri də bu məqsədə xidmət edir.
Xoş sözlərə görə minnətdarlığını bildirən Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayat Pakistan hökumətinin, xalqının və Silahlı Qüvvələrinin ən xoş arzularını Prezident İlham Əliyevə və xalqımıza çatdırdı. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcəyindən məmnunluq hissi keçirdiyini deyən Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayat tədbirin böyük əhəmiyyət daşıdığını vurğuladı və bu münasibətlə təbriklərini çatdırdı. Xalqlarımız arasında sıx əlaqələrin mövcud olduğunu deyən Zübair Mahmud Hayat bu əlaqələrin tarixi və mədəni köklərə əsaslandığını vurğuladı.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
AzVision.az
Teqlər: İlham-Əliyev Pakistan