Nazir vətəndaşların problemlərini dinləyib

Nazir vətəndaşların problemlərini dinləyib
  22 İyun 2018    Oxunub:1444
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində bu şəhərin və Sabirabad, Saatlı, Hacıqabul rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Nazirlikdən AzVision.az-a verilən xəbərə görə, qəbuldan əvvəl S.Babayev və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Şirvan şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Qəbula gələn vətəndaşlar sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunmaq, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı, əlilliyin təyinatı, bərpa müalicəsi xidmətləri və reabilitasiya vasitələri ilə təmin edilmə, sosial sığorta münasibətləri və s. məsələlərlə bağlı müraciət ediblər. S.Babayev müraciətlərdə ifadə olunan ayrı-ayrı məsələlərin qısa müddətdə araşdırılması və nəticəsinə uyğun şəkildə tədbirlər görülməsi barədə aidiyyəti üzrə nazirliyin rəhbər vəzifəli şəxslərinə tapşırıqlar verib.

Nazirin tapşırığına uyğun olaraq, bir sıra şəxslərə müraciətlərinə əsasən ərazidəki vakant iş yerlərinə göndərişlər verilib, əlilliyi olan şəxslər bərpa müalicəsi xidmətləri və reabilitasiya vasitələri ilə təmin edilmək üçün qeydiyyata alınıb. Bir nəfər isə müraciəti əsasında əlil arabası ilə təmin olunub. Nazir həmçinin qəbula gələn aztəminatlı ailələrin nümayəndələrinin müraciəti nəzərə alınmaqla, onların kiçik ailə təsərrüfatlarını qurmaları üçün özünüməşğulluq proqramına cəlb edilməsi ilə bağlı tapşırıb verib.

Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar, habelə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası istiqamətində aparılan işlər barədə məlumatlar verilib.

Qəbula gələn vətəndaşlar ölkə əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas qruplara, o cümlədən əlilliyi olanlara və şəhid ailələrinə dövlət qayğısının artırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların özünüməşğulluq və kiçik ailə biznesinə çıxış imkanlarına yiyələnmələri üçün aparılan işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

AzVision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti