Unudulmayan aktyor - Kamal Xudaverdiyevlə bağlı xatirələr
Sənətkarın oğlu Ağahüseyn Xudaverdiyev əlamətdar gündə atası ilə bağlı xatirələrini AzVision.az-la bölüşüb.
- Atam nəinki mənim xatirələrimdə, bütün Azərbaycan xalqının, onu sevənlərin yadında qalıb. 10 ildir ki, Kamal Xudaverdiyev yoxdur. Bu illər ərzində harada mən onun adını çəkmişəmsə, haqqında böyük hörmətlə danışıblar. Bu, o deməkdir ki, adı hələ də yaşayır. Bu insan sənət, mədəniyyət, teatr üçün çox şey edib. Atamın 100-ə yaxın tələbəsi olub. Onlar da onun adını yaşadırlar. Korifeylərin yerini tutacaqlar.
Atam zəhmli və çox ciddi insan idi. Evdə bizə qarşı həmişə ciddi münasibətlə davranıb. Eyni zamanda həssaslığı da var idi. Ancaq bu, o demək deyildi ki, tam yumşaq adam idi. Onun haqqında bunu demək kifayətdir ki, əsl insan idi. Hər bir insanın probleminə və şadlığına şərik çıxardı. Dostların, qohumarın pis günündə yanında olardı. Həmişə çalışırdı ki, kiməsə kömək etsin.
-Kamal bəyin övladları onun yolunu davam etdirməyib?
- Ailədə iki uşaq olmuşuq, qardaşım Rövşən Xudaverdiyev və mən. Təəssüf ki, heç birimiz incəsənət yolu ilə getməmişik. Mən 16 il dövlət işində, məmur kimi çalışmışam.
-Kamal Xudaverdiyev özü kimi nənəng aktyorlarla dostluq edib. Kimlər sizə gəlib gedirdi?
-Hər gün evimizə tanınmış aktyorlar gəlirdi. Səməndər Rzayev, Şahhmar Ələkbərov, Hamlet Xanızadə, Fuad Poladov evimizin sevimli qonaqları idilər. Biz iki qardaşın ad günü həmişə 3 gün keçirilirdi. Atam birinci günü dostları, ikinci günü qohumları, üçüncü günü isə ailəsi və uşaqlarının dostları üçün qeyd edirdi.
-Sonuncu dəfə hansı tamaşasına gedib baxmışdınız?
- Atamın bütün tamaşalarına baxmışam. Rolların ifası xoşuma gəlirdi. Elə olurdu ki, fikirlərimi onunla bölüşürdüm. Sonuncu dəfə “Mesenat” tamaşasını oynadı. Çox xəstə idi. Tamaşaya qızdırma ilə getmişdi. Anamla söhbət edəndə dedik ki, ola bilsin son tamaşası dır. Belə də oldu.
Atam çox zarafatcıl insan deyildi. Yadıma gəlir ki, yay tətillərində bizi aparıb gəzdirirdi. Çünki digər vaxtlar çox məşğul olurdu. Bəzən onun üzünə həsrət qalırdıq. Səhərlər kino çəkilişlərində, dublyajda, axşamlar isə teatrda olurdu. Amma bütün hallarda yaxşı ata idi.
-Ömrünün sonlarına yaxın sanki onda bir ruh düşkünlüyü var idi.
- Ruh düşkünlüyü onunla bağlı idi ki, atamın ən yaxşı vaxtlarında ona gözəl rollar ifa etməyə imkan vermədilər. 10 il atam hansısa bir intriqanın qurbanı oldu. Kiminsə atamdan xoşu gəlməmişdi deyə ona düz 10 il rol verilmədi. Çünki Kamal müəllim sözünü deyən adam idi. Çəkinmək və qorxmaqla işi olmazdı. Bu da görünür kimlərinsə xoşuna gəlməmişdi və əvəzini belə çıxmışdılar. 50 yaşından 60-a qədər qüvvəsi boşa getdi. Ona çox əsəbiləşirdi.
O, səhnəyə qədər çox əziyyətlər çəkib. Böyük cəfalar görüb. Səhnə isə ona vətən kimi idi. Orada özünü evində kimi hiss edirdi.
Bilirsiniz ki, teatrdan qabaq atam fəhlə işləyib. Vaxtında qaz idarəsində çilingər kimi çalışıb. Ondan sonra teatra gedib. İnstitutu gec qurtarıb. Baxmayaraq ki, babası vaxtı ilə neft milyarderi olub, ancaq onun uşaqlığında ailəsinin vəziyyəti yaxşı olmayıb. Atası tez rəhmətə gedib. Buna görə də uşaqlıqdan əziyyətə, zəhmətə sinə gərməyi bacarıb. Bizə həmişə deyirdi ki, çoxun dalınca qaçmayın. Zəhmətlə qazanın. Asan əldə etdiyin şeyi asan da itirəcəksən.
-Sağlığında nəvələrini görübmü?
- Bəli, görüb. Böyük oğluma öz adını verib, ikinci oğlumun adını isə Cəbrayıl qoyub. Yadımdadır, bir dəfə böyük oğlumun üstünə möhkəm acıqlanmışdım. Atam məni qırağa çəkib dedi ki, bir də onunla belə danışma. Nəvələr onun üçün başqa aləm idi.
Qeyd edək ki, Kamal Xudaverdiyev 1938-ci il mayın 3-də Bakıda doğulub. 1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə teatra işə dəvət olunub. Ömrünün sonuna qədər həmin teatrda fəaliyyət göstərən aktyor bu illər ərzində gözəl tamaşalarla yanaşı, televiziya tamaşalarında da bir-birindən maraqlı obrazlar yaradıb. “Atayevlər ailəsi”ndə oynadığı İldırım, “Şərqin səhəri”ndə Cavanşir bəy, “Alov”da Qaşqay, “Yadigar”da Müəllim bu gün də tamaşaçıların yaddaşında yaşayır.
O, eyni zamanda, kinoda da öz sözünü deyən sənətkarlardan olub. “Dədə Qorqud”, ”Əlvida cənub şəhəri”, “Şahid qız”, “Qəzəlxan”, “Qatır Məmməd”, “İstintaq davam edir”, “Nəsimi” kimi milli kinomuzun incilərində özünəməxsus obrazlar yaradıb.
Aktyor 2008-ci ildə Bakıda ürək çatışmazlığından dünyasını dəyişib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Kamal-Xudaverdiyev