`Bizə silahı yerə qoyub, ərə getməyi təklif edirlər` - ARAŞDIRMA, FOTOLAR

`Bizə silahı yerə qoyub, ərə getməyi təklif edirlər` - ARAŞDIRMA, FOTOLAR
  01 Oktyabr 2013    Oxunub:5986

Əvvəli BURADA

1915-ci ilin payızını “Vəhşi diviziya”nın döyüşçüləri səngərlərdə qarşıladılar. Mövqe döyüşləri gedirdi. Bu, həmişə hücum etməyə öyrəşmiş qafqazlıları bezdirmişdi. At belində olmağa öyrəşmiş döyüşçülər səngərlərdə yatmağı özlərinə sığışdıra bilmirdilər. Onlar belə düşünürdülər ki, torpaqda gizlənmək ölülərin işidir. Zabitlərin gözündən yayınan kimi onlar əsl fatalist müsəlman kimi səngərdən çıxır və düşmənin dolu kimi yağan gülləsinin altında səngərlərin üstünə uzanırdılar.



Belə saymazyana hərəkətlər üzündən 1915-ci ilin oktyabrında “Vəhşi diviziya”nın Çeçen Alayının bir dəstə döyüşçüsü mühasirəyə düşdü. Almanlar sevinirdilər. Onlar hələ indiyə qədər bu dəhşətli döyüşçülərdən bir nəfəri də olsun canlı və ya ölü ələ keçirə bilməmişdilər. Mühasirədəkilərə təslim olmaq tələbilə göndərilmiş ultimatumdakı “Əsir düşmək” ifadəsini tam anlamıyla tərcümə edə bilmədiyinə görə, dəstənin başçısı almanların təklifini öz döyüşçülərinə belə izah elədi: “Bizə silahı yerə qoyub, paqonlarımızı və çəkmələrimizi çıxarmağı və əllərimizi yuxarı qaldırıb almanlara ərə getməyi təklif edirlər”. Bu çeçen döyüşçüləri o dərəcədə qəzəbləndirmişdi ki, hətta onlar göndərilmiş elçinin başını bədənindən ayırmaq istəyirdilər.

Ancaq nə almanların sevinci, nə də çeçenlərin narahatçılığı uzun çəkmədi. Tatar Süvari Alayının qəfil hücumundan sonra düşmən mühasirə həlqəsindəki mövqelərini qoyub qaçmağa məcbur oldu.

1916-cı il may ayının 29-da “Vəhşi diviziya”nın çeçen polkunun 50 atlısı sürətlə Dnestr çayını keçərək düşmənin plasdarmını ələ keçirdilər. 250-yə yaxın avstriya və macar əsgəri əsir götürüldü. Həmin gecə diviziyanın başqa hissələri də Dnestri keçdilər. Bundan 1 həftə sonra - iyun ayının 4-də Rus ordusu Cənub-Qərb cəbhəsində güclü hücuma keçdi. İki ay yarım davam edən bu hücum 1-ci Dünya müharibəsinin tarixinə “Brusilov sıçrayışı” adıyla düşdü.

İyun ayında Tatar və Çeçen alayları Çeremoş çayını keçərək Prut çayının mənbəyi istiqamətində Voroxta şəhəri istiqamətində hərəkət etdilər. Tatar alayının bu döyüşlərdə fərqlənən süvarisi Kərim Qulu oğlu 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə mükafatlandırıldı. Avqustun 22-nə qədər davam edən döyüşlərdə Bukovina və Şərqi Qalitsiya işğal olundu. Çar II Nikolay bu həmlədə iştirak etmiş çeçen atlılarını və onların komandiri Feyzulla Mirzə Qacarı “Müqəddəs Georgi” ordeni ilə təltif etdi.

Ancaq bəzən komandanlıq tərəfindən qəbul edilmiş səhv qərarlar diviziyanın lüzumsuz itkilərlə üzləşməsinə səbəb olurdu. “Brusilov sıçrayışı”ndakı bəzi məqamları tədqiq etmiş hərbi mütəxəssislərin fikrincə, 9-cu ordunun tərkibinə daxil olan “Vəhşi diviziya”dan heç də həmişə təyinatı üzrə istifadə olunmayıb. Belə ki, diviziyanın Süvari polklarından əsas zərbə qüvvəsi kimi, istifadə etmək əvəzinə onları bəzən ya parçalayıb müxtəlif piyada birliklərinə yardımçı qüvvə kimi verir, ya da onlardan kəşfiyyat məqsədilə istifadə edirdilər. Bu da diviziyanın lüzumsuz itkilər verməsinə gətirib çıxarırdı.

Bütün müharibə ərzində “Vəhşi diviziya”nın tərkibi 4 dəfə dəyişmişdi. 1916-cı ilin yayında diviziyada onun ilk heyətindən demək olar ki, heç kim qalmamışdı. Bütün tarixi boyu diviziyada Qafqazdan və Cənubi Qafqazdan olan 7000-dən artıq müsəlman döyüşçü xidmət keçmişdi. Təkcə bir il ərzində diviziya hərb tarixində analoqu olmayan 16 süvari hücumu həyata keçirmişdi. Diviziyanın 4 il ərzində götürdüyü əsirlərin sayı onun şəxsi heyətinin sayından 4 dəfə çox olmuşdu. 3500-ə qədər süvari Müqəddəs Georgi ordeninə və “İgidliyə görə” Georgi medallarına layiq görülmüşdü. Mükafatlandırılanlar arasında Tatar Süvari Alayının zabitləri üstünlük təşkil edirdi. Onlardan adları bizə məlum olanlar rotmistr Şahverdi Xan Ziyadxanov,ştabs-rotmistrlər Süleyman bəy Sultanov və Ehsan Xan Naxçıvanski, ştabs-kapitan Cəlal bəy Sultanov, poruçik Səlim Bəy Sultanov da varıydı. Unter zabitlər və süvarilərdən Zəngəzur uyezdinin Ərəbli kəndindən Əlibəy Nəbibəyov, Qazax uyezdinin Ağköynək kəndindən Sayad Zeynalov, Mehdi İbrahimov, Ələkbər Hacıyev, Datso Daurov, Aleksandr Kaytukov Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi ilə, Qazax uyezdinin Salahlı kəndindən Osman ağa Gülməmmədov və Şuşalı Zeynal bəy Sadıxov isə 3 dərəcəsi ilə mükafatlandırılmışdılar.

İyul ayının ortasında diviziyanın inquş alayına düşmənin arxasında kəşfiyyat aparmaq tapşırığı verildi. Burada onlar gözlənilmədən Kayzerin məşhur “dəmir diviziya”sı ilə qarşılaşdılar. Seçmə əsgərlərdən təşkil olunmuş bu diviziya cəbhə xəttinin harasında olursa-olsun həmişə düşməni vahiməyə salırdı. Cəmi 500 atlıdan ibarət alay artilleriya və pulemyotlarla təhciz olunmuş 3000 nəfərlik alman seçmə ordusu ilə üz-üzə qalmışdı.
Komandanlığın əmrini gözləmədən inquşlar düşmənlə üzbəüz döyüşə atıldılar. Az keçmədi ki, cəbhə xəttini yarmış Tatar Süvari Alayı sağ cinahdan, Çeçen Alayı isə sol cinahdan İnquşların köməyinə çatdı. Həmin döyüşdə iştirak etmiş alman əsgərlərindən biri sonralar bu döyüşü belə xatırlayırdı: “Hər tərəfdən üstümüzə qara duman kimi süvari ordu şığıyırdı. Döyüşçülərin anlamadığımız dildəki vəhşi qışqırıqları, geyimləri, saqqallı üzləri, havada parıldayan qılıncları bizi dəhşətə gətirirdi. Hər dəstənin qabağında qırmızı, ya da göy əbalı molla gəlirdi. Onun əlində Quran, çiynində isə tüfəng varıydı”.
Saat yarımlıq döyüşdən sonra artıq Kayzerin qüruru olan hərbi birlikdən heç nə qalmamışdı.

1916-cı ilin əvvəlində Polovtsev diviziyanın qərargah rəisi təyin olunduğundan, Tatar alayına milliyətcə kabardin polkovnik Bekoviç-Çerkesski komandir təyin olundu. Çeçen Alayına isə Feyzulla Mirzə Qacar rəhbərlik edirdi. 1916-cı il may ayının 31-də Tatar alayı avstriya ordusunun sürəkli atəşi altında hücum edərək bir həmləylə Tışkovtsı kəndini tutdu. 171 avstriya əsgəri və 6 zabiti əsir götürüldü. Gün ərzində avstriyalılar daha böyük qüvvə ilə, artilleriya və pulemyotların köməyi ilə 5 dəfə kəndi geri qaytarmağa cəhd eləsələr də, itki verərək, geri çəkildilər. Bu döyüşdə onlar 177 əsirdən əlavə daha 256 döyüşçü itirdilər. Bu döyüşə görə Tatar alayının komandiri polkovnik knyaz Bekoviç-Çerkasski 3-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edildi. Sürətli süvari hücumunda fərqləndiklərinə görə Yelizavetpol quberniyasının Yuxarı Ayıblı kəndindən olan süvari Paşa Rüstəmov, Şuşa şəhər sakini Xəlil bəy Qasımov və şahzadə İdris Ağa Qacar (Feyzulla Mirzə Qacarın qardaşı) 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edildilər.

1917-ci il may may ayının 22-də vaxtilə Tatar Süvari Alayının komandiri, sonra isə diviziyanın qərargah rəisi olmuş general-mayor A. Polovtsov Petroqrad hərbi dairəsi qoşunlarının baş komandanı təyin olundu. O, Tatar Süvari Alayının yaradılmasının təşəbbüskarlarından biri Məmməd Xan Ziyadxanova yazırdı: “Xahiş edirəm Yelizavetpol quberniyasının və Borçalı uyezdinin müsəlman əhalisinə çatdırın ki, hərbi nazirdən bundan sonra da Tatar Süvari Alayının mundirini daşımaq icazəsi aldığıma görə özümü çox xoşbəxt sayıram. İl yarım rəhbərlik etdiyim bu qəhrəman alay haqqında ən xoş xatirələrimi qürurla xatırlayacam. Müsəlmanlar Qalitsiya çöllərində və Rumıniyada saysız-hesabsız qəhrəmanlıqları ilə öz böyük əcdadlarının layiqli varisi və böyük Vətənimizin sadiq oğulları olduqlarını sübut elədilər. Petroqrad hərbi dairəsi qoşunlarının baş komandanı general Polovtsev”.

1917-ci ilin fevral inqilabı və Çarın taxtdan salınması xəbəri “Vəhşi diviziya”nın döyüşçüləri arasında çaşqınlıq, hətta ruh düşkünlüyünə səbəb oldu. Kerenski hökumətinin hakimiyyətə gəlişindən sonra bolşeviklərin orduda anti-müharibə təbliğatı daha da gücləndi və öz nəticəsini verdi. Zabitlərin qətlə yetirilməsi ilə kütləvi fərarilik halları qarşısıalınmaz prosesə çevrilmişdi. Bütöv ordu hissələri cəbhə xəttini boşaldaraq geriyə qayıdırdılar. Onların döndüyü yerlərdə isə özbaşınalıq, zorakılıq və qarət baş alıb gedirdi. İndi cəbhə xəttində almanların qarşısında dayanan yeganə qüvvə general Kornilovun komandanlıq etdiyi 8-ci ordu idi.

Bu ordunun isə ən etibarlı hissəsi “Vəhşi diviziya” idi. İyulun ortalarında cəbhədəki məğlubiyyətlər fəlakət həddinə çatdı və Kerenski Kornilova müdafiə naziri vəzifəsini qəbul etməyi təklif etdi. Kornilov isə bu təklifi bir şərtlə qəbul etdi. Fevral inqilabından sonra orduda fərariliyə və özbaşınalığa görə ölüm hökmünün dayandırılması haqqında qəbul edilmiş qərar ləğv edilsin. Kerenski bu şərti qəbul etməyə məcbur oldu. Kornilovun əsas güvəndiyi qüvvələr Kazak qoşunları, Türkmən polku və “Vəhşi diviziya” idi. Kornilov “Vəhşi diviziya”ya geri çəkilən ordu hissələrini dayandırmaq, fərariləri cəzalandırmaq və qayda yaratmaq tapşırığı verdi. Diviziyanın döyüşçülərinin tətbiq etdiyi dəhşətli cəza tədbirləri tezliklə rus əsgərlərini özünə gəlməyə məcbur etdi. Artıq orduda intizam bərpa olunmağa başlamışdı. Bunun nəticəsində tezliklə almanların Cənub-Şərq cəbhəsindəki hücumları dayandırıldı. May ayının 7-də göstərdiyi xidmətlərə görə Çeçen Süvari Alayının komandiri polkovnik şahzadə Feyzulla Mirzə Qacara general-mayor rütbəsi verildi.

“Utro Rossii” qəzetində çap olunmuş “Rusiyanın sadiq oğulları” adlı məqalədə rusların bəzən ikrahla yadlar adlandırdıqları qafqazlıların bu fədakarlığı haqqında deyilirdi: “Bizim “vəhşi” adlandırdığımız bu əzabkeşlər- Qafqaz Yerli Diviziyasının əsgərləri, Rus ordusunda gedən satqın sövdələşmənin hesabını öz həyatları ilə ödəyərək Rusiyanın azadlığını, şərəfini xilas etməklə məşğuldurlar. “Vəhşilər” Rumıniyada rus ordusunu biabırçılıqdan xilas etdilər, onlar qarşısıalınmaz bir zərbəylə avstriyalıları geri oturdub, bütün Bukovinanı və Çernovitsı azad etdilər. Bir həftə bundan əvvəl “vəhşilər” Qaliçə daxil olub avstriyalıları oradan çıxardılar. Dünən isə “vəhşilər”mövqeləri qoyub qaçan mitinq kalonnasını xilas edərək, irəli atıldılar və həmin mövqeləri düşməndən geri aldılar. Bu gün bizim yad hesab etdiyimiz “Vəhşilər”, öz mövqelərini qoyub arxa cəbhədəki mitinqlərə qaçan rus əsgərlərinin tələb etdiyi torpağı da, azadlığı da öz canları hesabına qoruyurlar”.

Kornilov və Kerenski arasında gedən siyasi münaqişə, bolşeviklərin pozuculuq fəaliyyəti öz nəticəsini verdi. Nəticədə Kornilov həbs edildi və sentyabrın 2-də general Polovtsev yenidən diviziyanın komandiri vəzifəsinə təyin olundu. Polovtsevin təqdimatı ilə Kerenski “Vəhşi diviziya”nın alaylarının vətənlərinə - ilk təşkil olunduqları yerə qayıtmasına icazə verdi. Oktyabr inqilabından sonra Tatar Süvari Alayı ilk təşkil olunduğu yerə Yelizavetpol yaxınlığındakı Yelenendorf (indiki Göy-göl şəhəri) yaşayış məntəqəsinə köçürüldü.

Bir neçə aydan sonra- may ayının 28-də Azərbaycanın müstəqilliyini elan edən ADR hökuməti iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi. Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə "Vəhşi diviziya"nın Tatar Süvari Alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman Korpusunun əsasında ilk ordu hissəsi- "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. Beləliklə, uzaq Qalitsiya çöllərində, Karpat dağlarında, Rumıniyada xalqımızın döyüşkənlik ruhunu təsdiqləmiş “Vəhşi diviziya”nın qəhrəman döyüşçüləri Azərbaycan Milli Ordusunun özəyini təşkil edən ilk hərbi birləşmə oldu.



Füzuli Sabiroğlu
AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti