Səhnəmizin tənha qadını - Zərnigar Ağakişiyeva ilə bağlı xatirələr
Aktrisa Həmidə Ömərova onun ölümünə hələ də inanmadığnı deyib: “Son vaxtlar onu çoz az görürdüm. Daha çox telefonla danışırdıq. Təzə evinə köçəndə demişdi ki, qızları bir yerə yığıb evinə qonaq çağıracaq. Onun insanlarla ünsiyyətə böyük ehtiyacı vardı. Həyat şəraiti, gündəlik qayğılar başımızı qatdığından görüşə bilmədik. Ölümü qəfil oldu. Hələ də inana bilmirəm”.
Xalq artisti İlham Namiq Kamal sənətkarın həmişə xatırlanacağını bildirib: “İstedadlı, görkəmli sənət insanı idi. Tamaşalarda bir yerdə oynamışıq. Onu işgüzar, tərəf müqabilinə qarşı həddindən artıq diqqətli və xüsusiyyətini qoruyan xanım kimi tanımışam. Xəbəri eşidəndə düşündüm ki, həyatda tənhalıq çox çətindir. Səhnədə aktyor kütlə arasında tənha olmalıdır, amma həyatda tənha olmaq çox çətidir. Mənə elə gəlir ki, Zərnigar xanımın tənhalığı ona çox əzab verib. Tək idi, ailə qurmamışdı. Allah rəhmət etsin. O, həmişə xatırlanacaq”.
Aktrisa Səidə Quliyeva yaxın rəfiqəsinin ölümünə çox üzülüb: “Xəbəri səhər radiodan eşidib, şoka düşdüm. Teatrda Zərnigar xanıma yaxın olan bir neçə adamdan biri, bəlkə də birincisi mən idim. Çox yaxın idim. Mənə pis təsir edib, faciəli ölümdür. Evində tənha ölüb, yanında heç kim olmayıb.
Onunla ara-sıra telefon vasitəsi ilə əlaqə saxlayırdım, yanına gedə bilmirdim. Bir az kaprizli xanım idi. İstəmirdi onu kimsə xəstə vəziyyətdə görsün. Əvəllər gündə 3-4 dəfə zəngləşirdik. O da mənim kimi şəkər xəstəsi idi. Məndən məsləhət alırdı. Ağlıma gətirməzdim ki, belə tez rəhmətə gedər. Düşünürdüm ki, çox yaşayacaq. Həyat eşqi onda çox güclü idi. Təbiət vurğunu idi. İlahi, suyun şırıltısından da, çiçəyin açmasından da zövq alırdı. Tamam başqa təbiəti var idi”.
S.Quliyevanın sözlərinə görə, son vaxtlar Zərnigar xanımda qorxu yaranmışdı, evdə olarkən gözünə adamlar görünürmüş:
"Zəng edirdi ki, səhər saat 4-5 arası evdə kimsə olub. Başa salırdım ki, belə şey ola bilməz. Deyirdi, Səidə, elə bilmə ki, ağlımı çaşdırmışam. Bunlar xəstəliyi ilə əlaqələr yaranmışdı. Bir həftə əvvəl ona zəng etdim. Telefonu bağlı idi. Məleykə Əsədova tez—tez ona baş çəkirdi, xəbər tuturdu. Mən də ona zəng etdim ki, Zərnigardan xəbər tutmusan? Dedi, hə, bir həftə bundan öncə gedib, səhhəti yaxşıdır. “Yaxşı” sözü məni çox rahatlatdı.
Nikbin insan idi. Qışda evdə otururdu. Yaz olan kimi piyada gəzməyə çalışırdı. Bir neçə dəfə ona birgə gəzməyi təklif etdim. Ancaq hiss etdim ki, tək gəzməyi xoşlayır. Mən də israr etmədim".
Tənhalığa qapılan mərhum aktrisa hər adamla əlaqə qurmazdı: "Xoşuna gələn, ürəyinə yaxın olan insanlarla ünsiyyət qurardı. Hamı ilə dil tapmazdı. Həmişə Qubanı arzulayırdı. Deyirdi, oradan torpaq alıb, bağ tikdirəcək, Bakıdan Qubaya köçəcək. Amma həmişəlik köçdü. Tənha insanların çoxunun taleyi belə olub. Daxilən tənha idi. Amma tənhalığından əziyyət çəkmirdi, əksinə tənhalığı sevirdi.
Onun böyük sənəti və böyük ürəyi var idi. Tək yaşayırdı. Yanına heç kimi buraxmırdı. Ögey qardaşı və qardaşı qızı var idi. Ona baş çəkirdilər, maraqlanırdılar”.
Xalq artisti Məlekyə Əsədova ən yaxın dostunun itkisindən danışıb: “Həyatda ən yaxın dostum olub. Bacı və ya ana-bala kimi idik. Həmişə kədərimizi, sevincimizi bölüşürdük. Heç kimin dedi-qodusunu etməzdi. Anam sağ olanda bir yerdə gəzməyə gedərdik. Son aylar heç kimlə görüşmək istəmirdi, özünə qapanmışdı. Deyirdim “Ay Zara, gedək gəzək, gəlim səni götürüm”, deyirdi ki, yox, mən heç kimə əziyyət vermək istəmirəm, tək həyata öyrəşmişəm, belə rahatdı. Heç nədən korluğu yox idi”.
Qeyd edək ki, tanınmış teatr və kino aktrisası Zərnigar Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.
Zərnigar Ağakişiyeva kino və teatrda yaratdığı obrazlar (Fəxrəndə xanım - İ.Əfəndiyev "Mahnı dağlarda qaldı", Zivər - Anar "Təhminə və Zaur", Kərbəlayi Fatma - C.Məmmədquluzadə "Ölülər" və digərləri) tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.
Z.Ağakişiyeva 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014 ci ildə “Şöhrət” ordeninə layiq görülüb. Prezident təqaüdçüsü olub. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Xalq-artisti Zərnigar-Ağakişiyeva