Evdən pul oğurlayan qadın tutulub

Evdən pul oğurlayan qadın tutulub
  29 Yanvar 2018    Oxunub:1683
Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyri-aşkar şəraitdə və zərərçəkənə maddi ziyan vurmaqla törədilən oğurluq hadisəsinin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhər sakini Əliağa Kərimov yanvarın 27-də Polis Bölməsinə şikayət edərək bildirib ki, yaşadığı evdə içərisində 1600 ABŞ dolları və 300 manat olan pul kisəsi naməlum şəraitdə oğurlanıb.

Bölmə əməkdaşlarının “isti izlərlə” həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Nərimanov rayon sakini, əvvəllər məhkum olunmuş Fəridə Miriyeva saxlanılıb. Saxlanılan şəxsin üzərindən oğurladığı pulun bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. F.Miriyeva bildirib ki, oğurluğa daxil olduğu evin qonşuluğunda qohumu yaşayır. O, qohumunun evinə gəlib-gedən zaman oğurluq məqsədi ilə həmin mənzilə daxil olduğunu etiraf edib.

Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti