Şadlıq evlərində siqaret qadağasına əməl olunurmu?

Şadlıq evlərində siqaret qadağasına əməl olunurmu?
  28 Yanvar 2018    Oxunub:4547
İctimai yerlərdə və qapalı məkanlarda siqaretin qadağan edilməsi hələ də müzakirə mövzusu olaraq qalır. Qadağaya əsasən bəzi kafe və restoranlarda siqaret çəkilməsinə icazə verilmir, bununla bağlı xəbədarlıq elanları yerləşdirilib.
İnsanların sağlamlığını qorumaq məqsədilə qəbul edilən qanunu pozanları pul cəzası gözləyir. Belə ki, qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulub.

Qanuna əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər isə min manat məbləğində cərimələnəcək.

Siqaretin ən çox çəkildiyi yerlərdən biri də şadlıq saraylarıdır. Toy, nişan mərasimlərinin keçirildiyi şadlıq saraylarında siqaret qadağasına riayət edilirmi?



AzVision.az-ın əməkdaşı bir neçə şadlıq evi ilə əlaqə saxlayaraq, siqaret çəkməyə icazə verilib-verilmədiyini öyrənməyə çalışıb.

“Xəmsə” şadlıq sarayından bildirilib ki, onlarda siqaret çəkmək üçün xüsusi yerlər ayrılıb: “Foyenin kənarı və həyətdə siqaret çəkmək üçün yerlər var. Kim istəsə, orada siqaret çəkə bilər”.

“Ay işığı” şadlıq sarayında da siqaret çəkənlər üçün foyedə yer ayrılıb. “Zalda siqaret çəkməyə icazə verilmir. Foyedə çəkə bilərlər. Bizdə siqaret çəkənlər üçün şərait yaradılıb. Zalda kimsə siqaret çəksə, toy sahibi müdaxilə etməlidir, çünki onun qonaqlarıdır”.

“Sonalar sonası” şadlıq sarayında qərardan sonra siqaret qadağan olunub: “Rəhbərlik tapşırıq verib, zalda siqaret çəkmək qadağandır. Aşağıda foyedə yer ayrılıb, orada çəkmək olar”.

“Venera” şadlıq sarayından isə əməkdaşımıza deyiblər ki, onlarda toy müştərinin istəyinə uyğun keçirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Siqaret   Qadağa   Şadlıq-evi   Toy  





Xəbər lenti