“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” - Volkan Bozkır

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” - Volkan Bozkır
  17 Yanvar 2018    Oxunub:2122
Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın, xüsusilə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iki ölkənin dünyaya nümunə sayılacaq qardaşlıq və dostluq münasibətlərindən söz açıb. O, münasibətlərin hazırkı səviyyəyə çatmasında hər iki ölkənin prezidentlərinin rolunu, onların mütəmadi qarşılıqlı səfərlərini xüsusi vurğulayıb.



Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Volkan Bozkır da Türkiyə-Azərbaycan münasibətlərinin sürətli inkişafında qarşılıqlı səfərlərin rolunu qeyd edib. O, Azərbaycanda həyata keçirilən nəhəng layihələrdən söz açıb. O deyib ki, TANAP, TAP layihələri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın uğurlarıdır: “2018-ci il Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bir ildir, bu il də müxtəlif tədbirlər, layihələr həyata keçiriləcək”.



V.Bozkır bir neçə gündən sonra Azərbaycanda qeyd olunacaq 20 Yanvar faciəsi barədə də danışıb. Azərbaycanın həmin faciə zamanı çoxsaylı şəhid verdiyini deyən komitə sədri azadlıq, müstəqillik yolunda canlarından keçən insanlara görə Azərbaycan xalqına başsağlığı verib. O, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa ediləcəyinə inandığını deyib, bu yolda Türkiyənin hər zaman Azərbaycana dəstək olacağını bildirib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Türkiyə   Qarabağ   Azərbaycan  





Xəbər lenti