Yeniyetmələrin cinsi tərbiyəsi qanunla tənzimlənəcək

Yeniyetmələrin cinsi tərbiyəsi qanunla tənzimlənəcək
  20 Dekabr 2017    Oxunub:1862
Yetkinlik yaşına çatmayanlar reproduktiv sağlamlıqlarının qorunması, eləcə də reproduktiv sağlamlıqlarının qorunması üzrə təhsil hüququna malikdir.
AzVision.az xəbər verir ki, bu barədə yeni hazırlanan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində qeyd olunub.

Bildiirlib ki, yetkinlik yaşına çatmayanların reproduktiv sağlamlıqlarının qorunması və ailə həyatına hazırlıq məqsədilə cinsi tərbiyəsi və təhsili ailədə, habelə təhsil və tibb müəssisələrində müvafiq ixtisasa malik olan şəxslər tərəfindən həyata keçirilir.

Layihənin 19-cu (Yetkinlik yaşına çatmayanların reproduktiv hüquqlarının qorunması) maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar üçün cinsi tərbiyə və reproduktiv sağlamlığın qorunması, ailə həyatına hazırlanması üzrə təhsil proqramları işlənib hazırlanarkən onların cins, yaş, psixofiziki inkişaf xüsusiyyətləri, milli adət-ənənələr, mənəvi dəyərlər, beynəlxalq təcrübə nəzərə alınmalıdır.

Müvafiq dövlət orqanları, təhsil və səhiyyə müəssisələri yetkinlik yaşına çatmayanların reproduktiv sağlamlıq xidmətlərindən istifadə etmələri üçün zəruri şəraitin yaradılmasını, onların müstəqil ailə həyatına hazırlanması üçün maarifləndirmə işinin aparılmasını təmin edir, onların reproduktiv davranışlarının monitorinqini həyata keçirirlər.

Yetkinlik yaşına çatmayanlara reproduktiv sağlamlığın qorunması üzrə xidmətlər, o cümlədən mütəxəssislər tərəfindən məsləhətlərin verilməsi müvafiq zəmanət verilmiş həcmdə pulsuz həyata keçirilir.

AzVision.az


Teqlər: Reproduktiv   Qanun   Milli-Məclis  





Xəbər lenti