Vəkil: “Məleykə Əsədova Ramiz Məlikə qeyrətsiz deyib”

  19 Dekabr 2017    Oxunub : 2350
Vəkil: “Məleykə Əsədova Ramiz Məlikə qeyrətsiz deyib”
"Aktrisa Məleykə Əsədova Ramiz Məlikə namərd, qeyrətsiz deyib. Bu təhqirlərə görə Məleykə Əsədovaya qarşı 300 min manatlıq mülki iddia qaldırmışıq"

Bu barədə AzVision.az-a Xalq artisti Ramiz Məlikin vəkili Türkəl Süleymanlı bildirib. Bu gün keçirilən məhkəmə iclasından söz açan vəkil Ramiz Məlikin günahsız olduğunu hesab edir.
"Məleykə Əsədova təhqirlərə görə cavab verməlidir. Ramiz Məlik heç kimə müsahibə verməyib. Onun şərhində təhqiramiz söz yoxdur. Məleykə Əsədova onun evinə zəng edib, həyat yoldaşını ağır formada təhqir edib. Bu vaxt Ramiz Məlik çox əsəbiləşib. Çünki o, Məleykə xanıma kobud söz deməyib, təhqir etməyib. Sadəcə bir ağsaqqal kimi məsləhət görüb ki, bu geyim ona yaraşmır. Burada təhqir yoxdur.

Ramiz Məlikin həyat yoldaşı şəkər xəstəsidir. Ağır sözlərdən sonra onun halı pisləşib. Məleykə Əsədova ona “namərdsən, sənin içində üfunət var, üfunətini yayırsan” , “indi qeyrətə gəlmisən?” kimi ifadələr deyib. Onu qeyrətsizlikdə günahlandırıb. Bu təhqirlərə görə Məleykə xanım qanun qarşısında cavab verməlidir”.

Qeyd edək ki, bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib. Hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə yalnız R.Məlik iştirak edib.

R.Məlikin vəkili Türkel Süleymanlı məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Mülki iddia icraata qəbul edilib. Məhkəmənin növbəti iclası 2018-ci ilin yanvar ayının 8-nə təyin edilib.

Şahanə Rəhimli
AzVision.az

Teqlər: