Mikayıl Cabbarov təhsil naziri kimi hansı işləri görüb? - Ekspert rəyi

Mikayıl Cabbarov təhsil naziri kimi hansı işləri görüb? - Ekspert rəyi
  06 Dekabr 2017    Oxunub:20701
Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edilərək, vergilər naziri təyin edilib. Yeni təhsil naziri vəzifəsi hələ boş qalır.

2013-2017-ci illərdə təhsil naziri olan Mikayıl Cabbarov hansı işləri ilə yadda qalıb?
Təhsil kepserti Kamran Əsədov AzVision.az-a bildirib ki, M.Cabbarovun dövründə təhsil sahəsində bir sıra müsbət addımlar atılıb. Ekspertin sözlərinə görə, M.Cabbarov uğurlu fəaliyyəti ilə yadda qalıb.

“Həyata keçirdiyi islahatlar nəticəsində məktəbəqədər təhsil və ibtidai siniflərə qəbul elektron qaydada həyata keçirilməyə başlandı. Buna qədər isə valideynlərdən əsassız tələblər var idi. İndi kənar müdaxilə etmək mümkün deyil. Müəllimlərin yerdəyişməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilməyə başlandı ki, buna qədər bu işi rayon təhsil şöbələri edirdi. Və onları "görmədən" işləmək mümkün deyildi. İlk dəfə olaraq direktor vəzifəsinə təyin olunma müsabiqə və müsahibə yolu həyata keçirildi. Buna qədər vəziyyət acınacaqlı idi. 500-dən çox bal toplayıb müəllimlik ixtisasını seçənlərə 100 manat təqaüd verildi. Hansı ki əvvəl belə fakt yox idi. İlk dəfə olaraq, orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmayan şəxslər işə cəlb olundu ki, bununla da “Məktəblinin Dostu” layihəsi həyata keçirilməyə başlandı. “Sabahın alimləri” kimi mükəmməl lahiyə həyata keçirildi. Şagirdlər arasında xüsusi istedadı olanlar öz bacarıqlarını nümayiş etdirdi. İlk dəfə olaraq, peşə təhsilinə qəbul elektron xidmətlərin göstərməsi reallaşdı.
Budnan əlavə UFAZ - Fransa - Azərbaycan Universiteti açıldı. Təhsil haqlarını ödəyə bilməyənlər üçün Maarifçi Kredit Fondu, Ali məktəblərdə SABAH qrupları yaradıldı”.



Təhsil eksperti hesab edir ki, M.Cabbarovun təhsil naziri olduğu dönəmdə istedadlı tələbələr üçün böyük imkanlar açılıb: “Mikayıl Cabbarovun təhsil nazri olduğu dövrdə ilk dəfə olaraq tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi mərkəzləşdirilmiş qaydada həyata keçirildi. Buna qədər isə proses şəffaf deyildi. Həmçinin qəzalı vəziyyətə düşmüş orta məktəblər yeni modul tipli müasir tələblərə cavab verən məktəblərlə əvəz edildi. “Thomson Reuters” şirkəti ilə müqavilə imzalayıb ki, bu da alimlərimiz üçün əvəzsiz rol oynayır. Vətəndaşların qəbulu və ona nəzarət vahid qaydada həyata keçirildi”.

Bundan əlavə nazirlik ilk dəfə olaraq ildə hesabat verirdi və 1 il ərzində görülən işlər barədə elmi statistik məlumatları yayırdı. İlk dəfə olaraq, fənn olimpiadaları obyektiv, qərəzsiz, ədalətlə həyata keçirilməyə başlandı. Buna qədər isə vəziyyət yaxşı deyildi. Hər il şagirdlər arasında əlaqələrin inkişafı, onların müxtəlif sahələrdə fəaliyyətləri barədə fərqli yarışlar keçirilirdi. Azərbaycanı tanıyaq kimi mükəmməl lahiyə həyata keçirildi. Mikayıl Cabbarov həmişə ictimaiyyətə açıq idi, fikir, təklif, iradları dinləyir və təhsil sahəsində təcrübəsi olan insanlarla əməkdaşlıq, xoş münasibət saxlayırdı”.



Təhsil eksperti keçmiş təhsil nazirinin dövründə edilməyən, lakin həlli vacib məqamlara da toxunub.
K.Əsədov qeyd edib ki, pedaqoji təhsil olmayan şəxslər hələ də direktor vəzifəsində qalır: “Saxta sənədlərdən istifadə edərək müəllim kimi fəaliyyət göstərənlərin hamısı azad edilmədi. İctimaiyyətə əlaqələr şöbəsi operativ şəkildə, vətəndaşların müraciətlərinə qısa müddətdə cavab verilməldir ki, bunu tam olaraq görmədik. Həmçinin nazirin dərslik siyasəti, təmayülləşmə layihəsi uğursuz oldu. Ali məktəblərə müdaxilə etmək lazım idi ki, bu olmadı”.

Yeni təhsil nazirindən gözləntilərə gəlincə, K.Əsədov bildirib ki, bunlardan biri şagirdlərin bütün siniflər üzrə yerdəyişməsinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsidir: “Baxçalar Təhsil Nazirliyinə birləşdirilməlidir. Ali məktəblər üçün islahatlar aparılmalıdır. İctimaiyyət nümayəndələri ilə görüşlər mütəmadi olaraq keçirilməlidir və Mikayıl Cabbarovun dövründə müsbət xarakterizə etdiyim məsələlər davam etdirilməlidir”.

Aytən Zəhra
AzVision.az






Teqlər: Mikayıl-Cabbarov   Təhsil-Nazirliyi  





Xəbər lenti