“Azərbaycanlı milyarderlərin sayı artacaq” – MÜSAHİBƏ (FOTOLAR)

“Azərbaycanlı milyarderlərin sayı artacaq” – MÜSAHİBƏ (FOTOLAR)
  08 Avqust 2017    Oxunub:26146
Ramil Məhərrəmov Amerikada Massaçusets Universitetinin İdarəetmə Məktəbində dövlət idarəetməsi və iqtisadi siyasət ixtisası üzrə ali təhsil alıb. Daha sonra Massaçusets Texnologiya İnstitutunda (MİT) Biznesin idarə edilməsini öyrənib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi çalışmaqla yanaşı, biznes-konsultant kimi də fəaliyyət göstərir. Eyni zamanda, bir neçə uğurlu “start-up”ın müəllifdir.
- Azərbaycanda orta məktəbi bitirdikdən sonra inzibati idarəetmə - dövlət idarəetməsi ixtisası üzrə Qafqaz Universitetində təhsil aldım. Sonra 1999-cü ildə Dövlət İdarəçilik Akademiyasında magistr pilləsində oxudum. Təhsil aldığım illərdə işləməyə başladım. Bu müddət ərzində başa düşdüm ki, mütləq xaricə gedib təhsilimi, biliyimi dərinləşdirməliyəm. Bir proqram vasitəsilə Massaçusets Universitetinə daxil olaraq, dövlət idarəetməsi və iqtisadi siyasət ixtisası üzrə təhsil almağa başladım.

Təhsilin müəyyən bir səviyyəsindən sonra insanın fəlsəfi düşüncələri artır. İstər fizika, riyaziyyat, istərsə də iqtisadiyat üzrə təhlil və təhqiqatın dərinliyinə getdikcə, son nəticədə fəlsəfi suallarla qarşılaşırsan. İlk dəfə orada öz ixtisasının həqiqi dühaları ilə tanış oldum. Onlar oxuduqlarını tətbiq edən və öz sahələrini tam dərk etmiş insanlardır. Bizdə bəzən ən yaxşı kitabları oxuyanda görürsən ki, ya kopyalanıb, ya da çox texniki dillə yazılıb, başa düşülmür. Ona görə ki, müəlliflərin özləri nə yazdıqlarını başa düşməyiblər.



Texnologiyaları praktikada tətbiq edən sahə idarəetmədir, menecmentdir. Ona görə də, 1910-cu ildə Massaçusets Texnologiyalar Universiteti özünün idarəetmə məktəbini yaratdı. Universitetin rəhbərliyi başa düşürdü ki, ən güclü mühəndislik məktəbi onlarda olsa da, idarəetmə olmadan bunun kommersiyalaşdırılması, faydaya çevrilməsi, satılması, iqtisadi töhfə verməsi çox çətindir. Elə idarəetmə olmalıdır ki, kəşfləri, innovasiyaları istehsalata yönəltsin. Əksər yaxşı universitetlərdə texnologiya və sektor sahələri ilə yanaşı, idarəetmə məktəbləri də var.

2015-2016-cı illərdə mən Massaçusets Universitetinin İdarəetmə Məktəbində biznesin idarə edilməsi ixtisası (business administration) üzrə magistr təhsili aldım Bu, çox bahalı proqramdır. Yaradılan imkana görə dövlətimizə təşəkkür edirəm. Ümid edirəm ki, mənə göstərilən etimadığı doğruldacağam.

- Orada sizə nələri öyrətdilər?

- İdarəetmə sahəsi üzrə ən son metodları. Biznes və dövlət idarəetməsi bir-birinə oxşayır. Amma eyni zamanda, bir-birindən çox fəqlənirlər. Dövlət idarəetməsində, təbii ki, mənfəət əsas şərt deyil. Amma biznesdə mənfəət ən birinci məqsəddir. Yəni bütün şirkətin əsas fəaliyyəti mənfəətə yönəlir. Dövlət idarəetməsində ictimai maraqları müdafiə etməlisən, çalışmalısan ki, bütün insanlar öz potensiallarını və ideyalarını reallaşdıra bilsinlər.

- Azərbaycandakı biznes mühitini necə dəyərləndirirsiniz?

- Təbii ki, Azərbaycandakı biznes mühiti inkişaf etməkdə olan ölkələrdəki biznes mühitlərinə oxşardır. Bütün beynəlxalq təşkilatlar da, sahibkarlar da buna belə baxırlar. İnkişaf etməkdə olan ölkələrdəki biznes mühitində risklər daha çoxdur. Risk çox olanda investisiya baxımından gəlirlər də çox olur. Bu mənada, Azərbaycandakı biznes mühitində çoxlu imkanlar var.

Azərbaycandakı biznes mühitinin müsbət cəhətlərdən biri xalqın təşəbbüskar olmasıdır. Yetərli imkanlar yaradılarsa, əhalinin böyük potensialı var. Fikir versəniz, görərsiniz ki, azərbaycanlılar xaricdə biznes sahəsində çox uğurlar qazanırlar. Amerikda tanış olduğum xeyli azərbaycanlı var ki, özəl təşəbbüskarlıqla məşğul olaraq, yaxşı işlər görürlər. Əksəriyyəti gənclərdir, ora yeni gediblər. Düşünürəm ki, növbəti illərdə xaricdə çoxlu azərbaycanlı milyarderlər görəcəyik. Çünki genetik baxımdan biz bu materiala sahibik. Yaxın Şərqlə müqayisə etsək, çox böyük fərqimiz var. Yaxın Şərqdə insanlar tənbəldirlər. Təşəbbüskarlıq çox zəifidir. Amma azərbaycanlılar hətta ən imkansız vəziyyətlərdə belə, iş qura bilirlər.



- Azərbaycandakı biznes mühitində hansı problemlər var?

- Birinci problem menecmentdir. Keyfiyyətli menecment çox xroniki və kəskin problemdir. Hətta böyük şirkətlərdə də bu problem var. Keyfiyyətli, yetişmiş menecerlər var, amma onlar böyük şirkətlərin başında deyillər. Bizdəki böyük şirkətlərdə yaxşı menecment formalaşa bilmir. Yaxud, formalaşmasına imkan verilmir. Bu, həm özəl, həm də dövlətə məxsus şirkətlərdə ən böyük problemdir. Əminliklə deyə bilərəm ki, iqtisadi artım, inkişaf texnologiyadan çox, menecmentdən asılıdır.

İkinci böyük problem isə investisiyaların qoyuluşu ilə bağlıdır. Bunun başqa bir adı kapitalın paylanması qərarlardır. Menecmentlə kapitalın paylanması problemi bir-birilə çox bağlıdırlar. Çünki aşağı səviyyəli menecment heç vaxt yaxşı kapital qoyuluşu ilə bağlı qərarlar verə bilmir. Bu da son nəticədə böyük itkilərə səbəb olur.

Bizim problemli banklarımıza baxsanız, görərsiniz ki, orada da menecmentlə bağlı problemlər var. Menecmentin əsas xüsusiyyətlərindən biri də budur ki, bugünkü səmərəsiz fəaliyyətinin nəticələri ancaq 4-5 il sonra üzə çıxır. Bizim bankların problemlərinin kökündə həm indiki, həm də bundan illər öncəki menecmentin səhv qəraraları, səriştəsizliyi və kefyiyyətsizliyi durur. Bu gün Azərbaycan xalqı da, hökuməti də bundan əziyyət çəkir. Axı kadrı da menecment seçir, sistemi də menecment qurur.

- Keyfiyyətli menecmentin formalaşması üçün hansı addımlar atılmalıdır?

- Sahibkarlar keyfiyyətli menecerlərin işə götürlüməsində diqqətli olmalıdırlar. Əgər özlərində belə bacarıq yoxdursa, onda mümkün qədər talantlı idarəetmə sistemləri qurmalıdırlar. Peşəkər şirkətlərin köməyindən istifadə edə bilərlər. Bəzən görürsən, xarici şirkətlərə müraciət edirlər. Onlar da bu təklifdən sui-istifadə edirlər. Yerli kadrlar olan halda, gedib xaricdən kadrlar gətirilir. Və ya belə kadrların olmadığı haqqında səhmdarlara yalan məlumat verilir.

Mənim əsas işim menecment, biznes konsaltinqdir. Hazırda investisiya idarəetmələri ilə də məşğul oluram. Şirkət qurmuşam. Çalışırıq ki, xaricdən Azərbaycana investisiyaların cəlb edilməsinə töhfə verək. Bu, tamamilə şəxsi təşəbbüsümlə qurduğum bir investisiya şirkətidir.

- Dövlət başıçısı vurğulayıb ki, rayonların icra başçılarından cəlb etdikləri investisiyalarla bağlı hesabatlar tələb olunacaq. Sizcə, rayonlara necə investisiya cəlb etmək olar?

- Prezidentin bu qərarı çox peşəkarcasına verilmiş bir qərardır. Bu, bir ilkdir ki, icra hakimiyyətlərinin fəaliyyəti müəyyən bir performansa, göstəriciyə əsasən dəyərləndirilir. Təbii ki, burada dövlətin həm müxtəlif ölkələrlə, həm də özəl şirkətlərlə ortaq investisiya fondları yaratmasına ehtiyac var. Belə olanda risklər azalır, investisiyalar daha asan formada Azərbaycana gələ bilər.

Bizdə Azərbaycan İnvestisiya Şirkəti adlanan qurum var. Təəssüf ki, onun fəaliyyəti istənilən səvviyyədə olmadı. Elə fondların sayını artırmaq lazımdır.

Rayonlara investiya cəlb etmək üçün təbii ki, birinci növbədə investorların görüşə bilcəyi, onlara dəstək verə biləcək mərkəzlər yaradılmalıdır. Düşünürəm ki, ASAN Xidmət bu işə cəlb oluna bilər. ASAN Xidmət çox innovativ bir modeldir və oranın menecmenti Azərbaycanda ən peşəkar menecmetdir. ASAN Xidmət bu sahədə rayonlara da çox böyük kömək edə bilər. Çünki investor gələndə onun qarşısına çıxa biləcək kadrlar lazımdır.



- Azərbaycanda daha çox hansı sahələrə investisiya cəlb oluna bilər?

- Azərbaycanın rəqabət üstünlüyü əsasən onda olan mineral ehtiyatlara və təbii sərvətlərinə əsaslanır. Neft-qaz sənayesi ətrafında çox geniş, güclü neft-qaz emalı və kimya kompleksi yaradıla bilər. Bu sahənin potensialı çox güclüdür. Kənd təsərrüfatı və turizim də çox böyük potensiala sahibdir.

- Biz turizim sahəsində niyə qonşu ölkələri üstələyə bilmirik?

- Bunun subyektiv və obyektiv səbəbləri var. Onlardan biri bizim böyük bir konfliktimizin olması ilə bağlıdır. Həmin konfliktə görə turistlər bura bir az ürkək gəlirlər. Bizim ölkədə 1990-cı illərdə çox təlatümlər oldu. Azərbaycan iqtisadiyyatı çox zərbələr aldı. Ona görə, biz özümüzü başqa ölkələrlə, xüsusilə də Türkiyə ilə müqayisə edə bilmərik. Turizim heç də asan sahə deyil. Rəqabət həmişə güclü olur. 10 milyonu olan istənilən investor bir otel tikə bilər. Amma gəlir bir o qədər də yüksək olmur. Turizm sahəsində çox insan işləyir, məşğulluq yaradır və ölkənin tanınmasına xidmət edir.

Bizdə infrastrukturun qurulmasına da ehtiyac var. Təbiətin bizə təqdim etdiyi nemətlərdən turizim baxımıdan daha səmərli istifadə etmək olar. Çünki turist darıxmamalıdır. Bir-iki həftəlik səfər zamanı o, heç vaxt fikirləşməməlidir ki, mən indi nə edim? Turislərə çeşidli paketlər təqdim olunmalıdır. Turizm Nazirliyinin üzərinə çox ciddi işlər düşür.

Azərbaycanın çox güclü insan potensialı var. Azərbaycan əhalisi genetik olaraq çalışqan, zəhmətkeş və təşəbbüskardır. Yaxşı təhsil verməklə onlardan peşəkalar mütəxəssislər yetişdirmək olar. Bundan istifadə edərək, Azərbaycanda çox güclü İT məktəbləri də yaratmaq mümkündür. İT sahəsi dünyada güclü inkişaf edən və böyük dəyər yaradan bir sahədir. Azərbaycanda bu sahəni gücləndirmək üçün təhsilə investisiyalar yatırmaq lazımdır. Ölkəmizdəki gənclər innovativ sahibkalıq, xüsusilə start-up üçün ən yaxşı materialdır. Bu materiala güclü təhsil verilməli, onlar üçün yaxşı ekosistemlər yaradılmalıdır.

İnnovativ sahibkalığın özünün ekosistemi var. Bu ekosistemin əsas tələblərindən biri “vençur” kapital fondlarıdır. Söhbət riskli kapital fondlarından gedir. İnnovativ sahibkalarığa girişən gəncləri maddi cəhətdən dəstəkləmək lazımdır. Yoxsa fəaliyyət göstərə bilməzlər. Təkcə İT məktəbləri yaratmaqla iş bitmir. Mütləq idarəetmə məktəbləri də yaradılmalıdır. Bunların ikisi bir arada inanılmaz nətəcələr gösərə bilərlər. İnnovativliyi dəstəkləyən təhsil müəssislərinin yaradılması və inkişafı vacibdir. Amerikada bir çox “start-up”lar və innovativ sahibkalıq nümunələri məşhur univeritetlərin ətrafında yaradılıb. Məsələn, MİT, Harvard, Stanford universitetinin ətrafında belə ekosistemlər qurulub.

Dövlət də bu sahəyə dəstəyini artırmalıdır. Birbaşa maliyyə ayırmağa elə də ehtiyac yoxdur. Ortaq fondların yaradılması yolu ilə bu sahəyə dəstək verilə bilər.



- Azərbaycanlı tələblərin hazırladıqları “start-up”larla bağlı fikirləriniz necədir?

- ADA, Azərbaycan Sənaye və Neft Akademiyasında bu istiqamətdə işlər görülür. Gənclər üçün potensial çoxdur. Ağıllı, təşəbbüskar və enerjili gənclərimiz var. Amma hər şeydən öncə, ekosistem yaradılmalıdır. Əlbəttə ki, bəyəndiyim “start-up”lar olur. Məsələn, bu yaxınlarda bir yarışmada mən 20-yə yaxın “start-up” gördüm. Onların təxminən 5-i çox yaxşı ideya idi. Məsələn, uzun yola çıxan sürücülərin yatmaması üçün bir avadanlıq kəşf ediblər. İnsan yolda yatarkən telefon avtomatik zəng edir və onu oyadır.

Ən uğurlu “start-up”lar qlobal düşünülərək yaradılanlardır. Çünki reallığı qəbul etməliyik ki, Azərbaycan balaca bir iqtisadiyyata malikdir. Bütün gənclər öz ideyalarında maksimum qlobal düşnməlidirlər.

- Niyə bizdə Mark Zukerberg kimi gənclər yoxdur?

- Ölkəmiz hələ çox gəncdir. Bazar iqtisadiyyatı, kaptalizim bizə 1990-cı illərin əvvəllərində gəlib. İkincisi isə, bayaq dediyim kimi, ekosistemi yaratmaq lazımdır. Ailələr gənc yaşından uşaqlarını təşəbbüskarlığa, biznesə yönəltməlidirlər. Böyük və uğurlu bizneslər o zaman yaranır ki, qlobal səviyyədə insanlığın hansısa problemini həll etməyə çalışırsan. Yəni gənclərimiz sadəcə pul qazanmaq üçün biznesə girişirlərsə, bu, çox səhv addımdır. Böyük ehtimalla, bu addım uğursuz olacaq. Qlobal səviyyədə hansısa problemin həlli üçün bir dəyər yaradanda uğur qazana bilərlər. Mark Zukerbergin ən böyük töhfəsi insanları qlobal olaraq birləşdirməkdir. Düzdür, o, milyardlar qazanır, amma pul bu işdə ikinci yeri tutur. Birinci yerdə qlobal ideyadır: o, fikirləşib ki, mən dünya insanlarını necə birləşdirə bilərəm?



- Milyarder olmaq üçün nə etmək lazımdır?

- Bunun əsas yollarından biri riski sevməkdən keçir. Riski sevməyən insan çox az hallarda yüksək zənginliyə sahib ola bilər. Bir məqamı da qəbul etməliyik ki, bizim ölkə ərazi baxımından kiçikdir. Ona görə də, insanların minumum regional və qlobal səviyyəli ideyaları olmalıdır. Balaca ölkədə yaşayırsansa, pul qazanmaq üçün ən azı regional miqyası əhatə etməlisən.

- Özünüz hazırda hansı “start-up”ların üzərində çalışırsınız?

- Hazırda iki ideyamız var. Hər ikisi maliyyə sahəsi ilə bağlıdır. Biri Almaniyada yerləşir. Digərinin də layihəsini hazırlamışıq. Böyük ehtimalla o da Birləşmiş Ərəb Əmirliyində yerləşəcək. Hər ikisi qlobal “start-up”dır.



- Siz özünüz necə bir aildə böyümüsünüz?

- Anam müəllimə, atam hidrometeoroloq olub. Ailədə 4 uşaq idik. Zəngin ailə deyildik. Atam çox tez rəhmətə gedib. Zəngin bir qohumum da olmayıb ki, mənə dəstək olsun.

- Gələcək planlarınız nədir?

- Bir necə uğurlu şirkət yaradacağam. Bu, mənim üçün çox vacibdir. İnvestisiya fondumu inkişaf etdirəcəyəm.

- Siz niyə fəaliyyətinizi xaricdə davam etdirmədiniz?

- Pul qazanmaq mənim üçün heç vaxt əsas məqsəd olmayıb. Əsas məqsədim özümü reallaşdırmaq, dövətimiz üçün nəsə faydalı bir iş görmək, onun adını uçaltmaqdır. Həmişə istəmişəm ki, gördüyüm işlərlə xalqımız qürur duysun. Mənim üçün ölkəmizin maraqlarından üstün heç nə yoxdur. Ona görə də, məni heç bir qruplaşmada görə bilməzsiniz.
Artıq dünyada coğrafi anlayış nisbi xaraketer daşıyır. Təyyarəyə minib, bir-iki saata dünyanın hər yerində ola bilirsən. Əgər yaxşı təhsil almısansa, istənilən mürəkkəblikdə olan idarəetmə probleminin də öhdəsindən gələ bilərsən.

- Sonda gənclərə nə məsləhət görərdiniz?

- Məncə, gənclər düzgün ideallar seçməlidirlər. Bu, çox vacibdir və onların həyatına təsir edəcək. Asan yollarla nəyəsə nail olmuş insanlardan uzaq durmalıdırlar. Çünki həmin insanlar heç vaxt zəhmətin və öz bacarığının hesabına iş qurmağın dəyərini başa düşməyəcəklər. Asan yollarla qazanc əldə etmiş insanları uğur modeli saymaq olmaz. Çünki onlar köpükdürlər. Bu köpük bir gün yox olacaq. Bəlli bir müddət keçəcək və hansısa şəraitə görə uğur qazanmış, bahalı maşınlar sürən və dəbdəbəli həyat yaşayan “biznesmen”lər yoxa çıxacaqlar. Reallıq gec-tez öz yerini tapacaq.



Hafiz Əhmədov
Foto: Əhməd Xəlilov

AzVision.az


Teqlər: #Ramil-Məhərrəmov   #Biznes   #Start-up   #Menecment  





Xəbər lenti