Güləşçilərin etirazı ilə bağlı federasiyadan bəyanat

Güləşçilərin etirazı ilə bağlı federasiyadan bəyanat
  01 Avqust 2017    Oxunub:2651
Azərbaycan Güləş Federasiyası (AGF) son günlər ölkə mətbuatında federasiyanın fəaliyyəti, o cümlədən milli komandanın üzvlərinin üzləşdiyi çətinliklərlə bağlı dərc edilmiş məlumatlarla əlaqədar bəyanat yayıb.
AzVision.az xəbər verir ki, AGF-in “facebook” səhifəsində dərc olunan açıqlamada bildirilir ki, federasiya ictimai birlik statusu daşıyır və öz fəaliyyətini məhz “İctimai birliklər haqqında” Qanunun tələbləri əsasında qurur:

“Federasiyanın vəzifəsi güləş idman növünün inkişafına dəstək vermək, ölkə yığma komandalarının heyətini formalaşdırmaq, onların ölkədaxili və beynəlxalq yarışlarda iştirakını təşkil etmək, ölkəmizin beynəlxalq arenalarda layiqincə təmsil etməsinə şərait yaratmaqdır. Federasiya öz fəaliyyətini dövlət maliyyəsi ilə deyil, sponsor təşkilatların ayırdığı maliyyə ilə tənzimləyir. Federasiyaların sponsorların hesabına fəaliyyət göstərməsi qəbul edilmiş və geniş tətbiq edilən praktikadır. Bu baxımdan federasiyaların maliyyə durumu bir çox hallarda məhz sponsorların maliyyə vəsaitlərindən asılı olur. Bəzən müəyyən çətinliklərin yaranması, maliyyələşmənin azalması təbii və anlaşılan haldır və şübhəsiz ki, müvəqqəti xarakter daşıyır".

Bəyanatda qeyd olunub ki, ictimai birlik olaraq AGF-in idmançılara maaş vermək kimi bir öhdəliyi yoxdur: “Sponsorlar tərəfindən maliyyə ayrıldığı zaman federasiya rəhbərliyinin təşəbbüsü ilə idmançıların əldə etdiyi nəticələrə uyğun olaraq yığma komandanın üzvlərinə maddi yardımlar verilib. Belə yardımların verilməsi idmançıların ailə, məişət problemlərinin həllində onlara dəstək vermək məqsədi daşıyıb. Eyni zamanda bildiririk ki, yığma komandanın üzvləri Avropa və dünya çempionatlarında, eləcə də Olimpiya Oyunlarında əldə etdikləri nəticələrə görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq həm Milli Olimpiya Komitəsi, həm də Gənclər və İdman nazirliyi tərəfindən mükafatlandırılır. Məlumat üçün bildirmək istəyirik ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları və paytaxtımızda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qazanılan nailiyyətlərə görə mükafatlar da hər bir idmançıya ödənilib”.

Təlim-məşq toplanışlarının təşkilində problemlərin olması ilə bağlı iradlara cavab olaraq isə qeyd edilib ki, AGF ictimai birlik kimi bu sahədə fəaliyyətini müvafiq strukturlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirir: “Yığma komandaların təlim-məşq toplantıları, idmançıların vitaminlə təmin olunması, sağlamlıqlarına nəzarət və digər məsələlər məhz aidiyyatı qurumlarla birlikdə həll olunur. Bir sıra texniki çətinliklərin mövcudluğunu inkar etmirik, lakin bunlar həll olunan məsələlərdir və tezliklə aradan qaldırılacaqdır. AGF idmançıların narahatlığını anlayır, təbii qəbul edir və üzərinə düşən öhdəliklər çərçivəsində mövcud çətinliklərin tezliklə aradan qalxacağını bildirir. Federasiya ölkəmiz üçün hər birinin ayrıca dəyəri və yeri olan güləşçilərimizi səbrli olmağa dəvət edir. Yaranmış kiçik narahatlıqları böyütməyə, əldə olunan naliyyətlərə kölgə salmağa çalışanlara isə bildiririk ki, idman çirkli oyunların yeri deyil. Bu vətən hamımızındır və onun adının, bayrağının və nüfuzunun yüksəldilməsi üçün həm güləşçilərimiz, həm də federasiya rəhbərliyi indiyədək əlindən gələni edib və yenə də edəcəkdir”.

AzVision.az


Teqlər: Güləş   AGF  





Xəbər lenti