Vaqif Mustafazadənin ailə gizlinləri: Onun qızları Azərbaycanı niyə sevmirlər? – MÜSAHİBƏ (FOTO-VİDEO)

Vaqif Mustafazadənin ailə gizlinləri: Onun qızları Azərbaycanı niyə sevmirlər? – MÜSAHİBƏ (FOTO-VİDEO)
  18 İyul 2017    Oxunub:385459
Əfsanəvi cazmen, bəstəkar, pianoçu, caz-muğam sintezinin banisi Vaqif Mustafazadənin ev-muzeyi 1989-cu ildə o zamankı mədəniyyət naziri Polad Bülbüloğlunun təşəbbüsü ilə yaradılıb. Muzeyin ilk rəhbəri cazmenin anası Zivər xanım olub. Ölümündən bir müddət əvvəl o, muzeyi qardaşı qızı Afaq xanıma vəsiyyət edib. 1997-ci ildən muzeyin rəhbəri Afaq Əliyevadır. 2004-cü ildə məhz onun təşəbbüsü ilə muzeyin həm özü, həm də eksponatları təmir edilib. Həmin ildən etibarən muzey Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında dövlət muzeyi kimi fəaliyyətə başlayıb.
AzVision.az-a müsahibəsində Vaqif Mustafazadənin dayısı qızı Afaq xanım nəhəng musiqiçinin həyatı ilə bağlı olduqca maraqlı məqamlara toxunub. Bu faktların əksəriyyəti indiyə qədər heç bir kütləvi informasya vasitəsində yer almayıb...



- 1997-ci ildə Moskvadan Bakıya qayıtdım. Çünki Vaqifin anası Zivər xanım artıq qocalmış və xəstələnmişdi. Tək qalmışdı, baxanı yox idi. Bibimlə mən həmişə bir-birimizi çox istəmişik. Mənim uşaqlığım Vaqiflə bir yerdə keçib. Həmin vaxt Zivər xanımın evi İçərişəhərdə idi, Qoşa Qala Qapısı ilə üzbəüz evdə yaşayırdılar. Bu gün isə Vaqifin və anası Zivər xanımın qəbri üstünə gedib ziyarət edən yeganə adam mənəm.

- Vaqif Mustafazadənin hamıdan gizlətdiyi birinci evliliyi və yoxa çıxan övladı Lalə Mustafazadə barəsində nə bilirsiniz?

- Vaqif gənc olanda tez-tez Azərbaycan Dövlət Neft Akademiyasına gedər və gecələr orada təşkil edilən konsertlərdə musiqilər ifa edərdi. Oranın bütün tələbələri Vaqifi çox sevirdi. Vaqifin birinci həyat yoldaşı olan Nərminə xanım da ADNA-da təhsil alırdı. Onları rejissor Rüstəm İbrahimbəyov tanış etmişdi. Nərminə ləzgi qızı idi.



Vaqiflə Nərminənin Səadət Sarayında rəsmi nikahları oldu. Həmin nikahdan Lalə Mustafazadə dünyaya gəldi. Amma Vaqiflə Nərminənin evliliyi uzun sürmədi. Çünki Nərminə mühəndis, Vaqif isə musiqiçi idi. Bəlkə də Nərminə xanım anlamırdı ki, necə bir insanla ailə həyatı qurub, Vaqif necə bir musiqiçidir və onunla hansı tərzdə rəftar etməlidir. Nəticədə onların münasibəti pozuldu. Nərminə xanım Laləni də götürüb, getdi.



Zivər xanım həmişə danışardı ki, Nərminə heç vaxt özünü yaxşı aparmırdı. Boş yerə qışqırarmış, çıxıb gedərmiş. Vaqif heç vaxt onun arxasınca getmirmiş. Boşandıqdan sonra Nərminə Laləni nə atası Vaqifə, nə də nənəsi Zivər xanıma göstərirdi.



- Bəs Vaqif Mustafazadə ikinci həyat yoldaşı - Əzizənin anası Elza xanımla necə ailə qurdu?..

- Vaqif Mustafazadə boşandığı dövrdə Konservatoriyada oxuyurdu. Birinci kursda oradan çıxıb, Tiflisə getmişdi. Çünki gürcülər onu "Orero" ansamblının rəhbəri vəzifəsinə dəvət etmişdilər. Vaxtanq Kikabidze, Nani Prikivadze Vaqifin ifasını çox bəyənmişdilər. Bakıda isə həmin vaxtlar caza maraq çox deyildi.

Vaqif Tiflisə köçəndə orada Elza ilə tanış olub. Elza gürcü qızıdır. Görürdü ki, Vaqif çox istedadlı bir pianoçudur. Gürcülər öz işlərini çox yaxşı bilirlər. Elza pərvanə kimi Vaqifin başına dolanmağa başladı. Şənbə və bazar günləri Zivər xanım oğlunu görmək üçün Tiflisə gedirdi. Elza Zivər xanımın da başına dolanırdı. Ona görə də, Zivər xanımın Elzadan xoşu gəlirdi.



1966-1967-ci illərdə Tallində keçirilən festivalda Vaqif Mustafazadə Gürcüstanı təmsil etdi. O festivaldan sonra Vaqifi bütün dünyada tanıdılar. Azərbaycanın o vaxtkı mədəniyyət naziri Rauf Hacıyev bundan sonra dedi ki, Vaqif ölkəsinə qayıdıb, Azərbaycanı təmsil etsin. Vaqif də Elza ilə birlikdə Azərbaycan qayıdır. Həmin vaxt Elza Əzizəyə hamilə idi. Amma Vaqiflə evli deyildilər. Zivər xanım Vaqifə dedi ki, bala, ayıbdır, Elza uşağı dünyaya gətirməmiş gərək sən onunla nikaha girəsən. Mən bütün bunları öz gözlərimə görürdüm.

Elza çox artistlik edirdi. Biz onun bu əməllərini sonradan başa düşdük. Elza Zivər xanıma “mamoçka, mamçka” deyə-deyə rəsmi nikaha düşdükdən sonra qayınanasına münasibəti dəyişdi. Ev aldıqdan sonra daha Zivər xanımı tanımadı.

Vaqifin ölümündən 3 il qabaq Milli Liderimiz Heydər Əliyev ona “Tarqovı”da ev vermişdi. Vaqif də bütün əşyalarını, yeni aldığı royalı həmin evə aparmışdı. Elza qızı Əzizə ilə birlikdə o evdə yaşayırdılar. Vaqif öldükdən sonra Elza xanım yeni evdə qaldı.

Zivər xanım Vaqif öləndən sonra bütün həyatını göz önünə alıb, bu muzeyi yaratdı. Vaqifin bütün sənədlərini, şəkillərini bir yerə topladı. Bu işdə Elza qayınanasına heç bir yardım etmirdi.



- Əzizə niyə Azərbaycana gəlmir?

- Əzizə elə qız deyil. Bunların hamsını Elza edir. Qızı Əzizəyə öyrədib ki, onu Azərbaycana dəvət etsələr, əvvəlcədən pul tələb etsin. Ancaq böyük məbləğdə pul alandan sonra gəlib Azərbaycanda musiqi ifa edə bilər.



Elza, axı bura Əzizənin atasının Vətənidir! Sizə ayıb deyilmi?

Elza heç vaxt Azərbaycanı sevməyib. Hətta əvvəllər qəzetlərə verdiyi müsahibələrində deyirdi ki, Vaqif Mustafazadə gürcüdür, Gürcüstanda anadan olub.

Elza paxıl insan idi. Lalənin uğurlarını görəndə pis olurdu. Uşaq vaxtı Lalə ilə Əzizə Bülbül adına musiqi məktəbində oxuyurdular. Elza qızı Əzizəni Lalənin yanına aparıb. Lalə isə nə Elzanı, nə də Əzizəni tanıyırdı. Elza soruşub ki, Lalə, bu qızı tanıyırsan? Lalə də deyib ki, xeyr. Elza “Tanımırsan, tanıma”,- deyərək, Əzizəni götürüb özü ilə aparıb. Lalə həmin vaxt uşaq idi, cəmi 11 yaşı vardı. Əzizəni necə tanıya bilərdi axı? Onlar heç vaxt bir-birini görməmişdilər.



Lalə 1992-ci ildə Fransada çox nüfuzlu musiqi yarışmasında birinci yerin sahibi oldu. Laləni Fransada musiqi yarışmasına göndərdiyim üçün Elza mənimlə olan bütün münasibətini kəsdi.

Əzizəgil isə 1993-cü ildə Almaniyada “Sony” şirkəti ilə müqavilə bağladılar. Bundan sonra Elza qızı ilə Almaniyaya köçdü.

- Vaqif Mustafazadənin birinci qızı Lalə Mustafazadə indi haradadır?

- Vaqifdən boşanmış Nərminə başqa bir kişiyə ərə getmişdi. Lalənin atalığı Aşurbəyov yaxşı insan idi.

Lalə Konservatoriyada təhsil alırdı. Həmin vaxt da mən Moskavda yaşayırdım. Bir gün Bakıya qayıdanda hava limanında Nərminə və Lalə ilə qarşılaşdım. Görüşüb, qucaqlaşdıq. Nərminə mənə dedi ki, “Bilirsənmi, Lalə necə istedadlı qızdır. Rauf Atakişiyevin sinifində təhsil alıb. Biz istəyirik ki, hər kəs Vaqifin qızının necə istedada sahib olduğunu görsün”.



Hələ o vaxtlar mənim İsveçrədə yaxşı musiqiçi dostlarım vardı. Tez-tez ora gedirdim. Nərminəyə dedim ki, gərək biz Laləni müsabiqəyə yola salaq, bundan sonra məşhurlaşar. Hər kəs də bilər ki, Lalə Vaqifin qızıdır. Bütün ölkələrdəki musiqi yarışmalarına məktublar göndərirdim. Qeyd edirdim ki, Lalə Mustafazadə Vaqif Mustafazadənin qızıdır, onun atası dünyada caz-muğamının banisidir. Bir də gördüm ki, dünyanın hər yerindən mənə məktublar gəlib. Bütün ölkələrdəki musiqi yarışmalarından Lalənin iştirakı ilə bağlı dəvətnamlər göndərmişdilər. Biz Fransadakı “Epinal” musiqi müsabiqəsini seçdik.



Çətinliklə də olsa, viza aldıq. Mənim Fransada çox yaxşı bir rəfiqəm yaşayır – Nigar Abutalıbova, hörmətli Ramiz Abutalıbovun qızıdır. Onların da köməyilə Laləni müsabiqəyə yola saldıq. 10 gün sonra zəng vurub, dedi ki, “Afaq, məni təbrik elə. Qran-Prini, birinic yeri qazandım”. İkimiz də telefonda ağlamağa başladıq.



- Bəs münasibətiniz niyə pozuldu?

- Mən onun üçün hər şey etmişdim. Amma o, verdiyi müsahibələrdə bircə dəfə də olsun, demədi ki, Vaqifin dayısı qızı Afaq xanım da bizə çox böyük dəstək oldu. Sadəcə deyirdilər ki, “Biz özümüz Fransaya gedib birinci yerə layiq görüldük”. Hətta Vaqifin anası Zivər xanım mənə zəng edib dedi ki, “Afaq, bunlar niyə sənin adını çəkmirlər? Axı onlara bütün dəstəyi sən göstərmisən”. Dedim ki, Zivər xanım, mən də gəlib bunun səbəbini soruşacağam”. Soruşanda isə Nərminə belə cavab verdi ki, “Mən səni qoruyuram”. Dedim, axı kimdən?!

Həmin vaxt onlara qarşı bir az ürəyim sındı. Fikirləşdim ki, bu da etdiyim yaxşılığın nəticəsi! Əzizənin anası Elza biləndə ki, Laləni Fransaya mən göndərmişəm, mənimlə düşmən oldu.



1996-cı ildə Əzizə birinci dəfə Azərbaycana gəldi. Həmin vaxt mən Moskvada idim. Zivər xanım da konsertə gedib. Konsertin sonunda Elza səhnəyə çıxıb, deyib ki, “Burada Vaqifin anası Zivər xanım da əyləşib. Əzizə ilə birlikdə biz ona salam göndəririk”. Və əlində olan gül buketini zala atıb. Zivər xanım çox pərt olub. Heç belə də hərəkət edərlər? Bundan sonra mən onlara necə yaxşı münasibət göstərə bilərəm? Yeri gələndə onlara hətta nifrət edirəm...

1999-cü ildə biz “Rast” kompaniyası ilə birlikdə ilk dəfə Vaqif Mustafazadənin diskini buraxdıq. Həmin vaxt Lalənin anasına zəng vurdum. Nərminə Bakıda idi, Lalə isə xaricdə. Dedim ki, Nərminə, Lalə Bakıya gəlsin, hamı da görsün ki, Vaqif Mustafazadənin qızı atasının diskinin təqdimatında iştirak etdi. Mən onun bilet pulunu ödəyəcəyəm. Həmin vaxt Paris-Bakı reysinin qiyməti 700 dolar idi. Amma Lalənin Bakıya gəlib, atasının ilk disk təqdimatında iştirak etməsi üçün məndən 5 min dollar pul istədilər!



Çox hirsləndim. Çox pis oldum. Çünki bu, Lalənin atasının tədbiri idi. Mənə elə gəlir ki, bunu Lalə yox, elə Nərminənin özü deyib. O vaxtdan əlaqəmiz kəsildi.

Daha bir pis məqamı da qeyd edim. 1997-ci ilin yanvar ayının 25-də Zivər xanım vəfat etdi. Nə Lalə, nə də Əzizə nənələrinin yas mərasiminə gəlmədilər. Heç zəng edib başsağlığı da vermədilər.

Biz Zivər xanımı son mənzilə yola salanda Vaqifin birinci həyat yoldaşı Nərminə də yasa gəldi. Məndən soruşdu ki, “Eşitmişəm, Zivər xanım evi sənə verib?” Dedim ki, evi yox, amma bu otağı mənim adıma keçirib. Mən özüm demişdim, “Zivər xanım, bəs Lalə və Əzizə narazı olmazlarmı?” O da cavab verdi ki, Lalə ilə Əzizə bu günə qədər haradadırlar? Neçə illərdir ki, yanıma gəlməyiblər. 6-7 ildir heç nənələrinə zəng də etməyiblər”. Nərminə isə mənə dedi ki, “Bilsəydim, Zivər bu evi kiməsə vəsiyyət edəcək, özüm ona baxardım”. Mat qaldım. Dedim ki, “Nərminə, mən Zivər xanıma evə görə baxmamışam. Mənim həmin vaxt biri Moskvada olmaqla 3 evim vardı. Zivər xanım mənim əziz bibimdir. Tək qalmışdı deyə, qardaşımla mən ona baxırdıq.



Sonralar Nərminənin ikinci ərindən bir qızı da oldu. İkinci qızı Fəridə də Lalənin yanına, Fransaya getdi.

Vaqifin nə Elza, nə də Nərminə sarıdan bəxti gətirdi. Çünki heç biri azərbaycanlı deyildi. Nərminə ləzgidir, Elza isə gürcü. Onun bir azərbaycanlı xanımı olsaydı, bəlkə də, belə olmazdı...

Lalə Fransada çox əsilli-nəcabətli, imkanlı bir fransız ailəsinə ərə gedib. Bir dəfə Nərminənin ikinci həyat yoldaşı Azərbaycana gəlmişdi. Mənə dedi ki, Lalənin fransız ərindən bir oğlu var. Adı Mikayıldır. Amma Lalə Bakıya gəlmir, uşağını da gətirmir. Biz bilmirik ki, ona nə olub. Haqqında heç bir məlumatımız yoxdur. Nərminə xanım isə bir dəfə Bakıya gəlib, buradakı evlərini satıb. Bizim bir qohum ondan Laləni soruşub. O, söhbəti başqa məcraya çevirib, Lalə haqqında danışmayıb, o biri qızı Fəridədən söz salıb.



- Bəs Əzizə niyə Azərbaycana gəlmir?

- 1996-ci ildə gəlmişdi. Daha sonra 2007-ci ildə Caz festivalında iştirak etmək üçün gəldi. Deyəsən, buna görə 70 min avro almışdı. Həmin vaxt prezidentimiz İlham Əliyev şəxsən Əzizəni və anası Elzanı qəbul etdi. Onlara lüks villa bağışladı. Elza xanım Prezidentə müraciət etdi ki, onlara royal versinlər. Dövlət başçısı onlara royal da hədiyyə etdi. Sağ olsun bizim Prezident və xanımı Mehriban Əliyeva! Vaqifin adına görə onlar hər şey etdilər.

1997-ci ildə Əzizə İngilis Kraliçasının klubunda ifa etdi. Və kraliça ona “Cazın Şahzadəsi” adını verdi. Əzizənin dünyanın bütün şəhərlərində konsertləri olur. Diskləri yüksək tirajla satılır.



2010-cu ildə Əzizə yenidən Azərbaycana gəldi. Biz Heydər Əliyev Sarayında Vaqifin 70 illik yubileyini qeyd edirdik. Bundan sonra Əzizə bir daha Bakıya gəlmədi.

Əzizənin birinci həyat yoldaşı ingilis idi. Londonda yaşayırdılar. Sonra boşandı və anasının yanına - Almaniyaya qayıtdı. Əzizənin birinci həyat yoldaşı Bakıya gəlmişdi. Muzeylə tanış olmaq istəyirdi. O, Vaqifin məzarı üstə də getmişdi. Əzizənin həmin kişidən övladı olmayıb.

2010-cü ildə Bakıda olanda Əzizə kasıb bir ləzgi oğlanı sevdi və ikinci dəfə ona ərə getdi. Amma anası Elza xanım buna qarşı idi. İstəyirdi ki, qızı varlı, imkanlı insana ərə getsin. Əzizənin bir oğlu oldu, adını Ramizxan qoyublar. İndi Almaniyada yaşayırlar. Əzizə bütün gününü övladı ilə keçirir. Ona görə hazırda konsertləri olmur.



- Toy mərasimində iştirak etdinizmi?

- Toy etməyiblər. Etsələr də, mən getməzdim. Çünki Əzizədən çox incimişəm. Amma onu çox istəyirəm. Çünki yanımızda böyüyüyb.

2006-ci ildə Əzizənin Türkiyədə konserti vardı. Mən də getdim. Bakıdan çox insan getmişdi. Deputatlarımız da iştirak edirdi. Konsertdən sonra mən Elza və Əzizəyə yaxınlaşdım. Bizi çox pis qarşıladılar. Dedilər ki, nə var, nəyə gəlmisiniz? Əzizəni anası idarə edir, amma çox səhv istiqamətə yönəldir.



- Elza xanım niyə Əzizəni Azərbaycandan uzaqlaşdırır ki?

- Hər şeyi danışa bilmirəm. Elzanın fikrincə, bütün azərbaycanlılar pisdir, gürcülər yaxşıdır. Azərbaycandan fərqli olaraq, Gürcüstana həmişə gedirlər.

- Elza xanım indi kiminlə yaşayır?

- Elza üçün Əzizə Almaniyadan ev alıb. Özü isə həyat yoldaşı və övladı ilə birlikdə başqa evdə yaşayır. Elza ailə həyatı qurmayıb.



- Vaqif Elzanı sevirdimi?

- Mənə elə gəlir ki, onlar bir-birini sevmirdilər. Çünki mən Vaqifi yaxşı tanıyıram. Elza hamilə olduğu üçün Vaqif onunla evlənməyə məcbur qalıb. Zivər xanım da həmişə Elzaya deyirdi ki, “Səni mən arvad eləmişəm”. Deyirdi ki, Vaqif heç vaxt Elza ilə evlənmək istəməyib.


































































































Jurnalist: Hafiz Əhmədov
Foto/video: Elvin Abdulla, Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov

AzVision.az





Teqlər: #Vaqif-Mustafazadə   #Əzizə-Mustafazadə   #Afaq-Əliyeva  





Xəbər lenti