“Prezidentlər Qarabağ üzrə konkret planı müzakirə etməlidir” - Məmmədyarov - (VİDEO)

“Prezidentlər Qarabağ üzrə konkret planı müzakirə etməlidir” - Məmmədyarov - (VİDEO)
  17 İyul 2017    Oxunub:4718
Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü zamanı Dağlıq Qarabağda münaqişənin nizamlanması üzrə konkret planın müzakirəsi və onun həyata keçirilməsini təmin etmək önəmlidir.
AzVision.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bildirib.

“Görüş zamanı ölkə başçıları səviyyəsində görüşün təşkil olunması təklifi səsləndi. Xarici işlər nazirləri müvafiq olaraq bu təklifi dövlət başçıları ilə razılaşdırmalıdırlar. Görüşlər münaqişənin nizamlanması prosesində vacib elementdir”, - deyə Məmmədyarov bəyan edib.

Lakin nazir vurğulayıb ki, bu görüşlər görüş xatirənə keçirilməməlidir: “Prezidentlər səviyyəsində görüş təşkil olunursa, hesab edirəm ki, həmsədrlər tərəfindən münaqişənin nizamlanması üzrə planın müzakirəsi və onun həyata keçirilməsinin təşkili olduqca önəmlidir. Bax buna görə danışıqların substantiv xarakterinin vacibliyini vurğulayırıq”, - deyə Məmmədyarov vurğulayıb.

E. Məmmədyarov bildirib ki, danışıqlar prosesini davam etdirmək üçün Ermənistan hətta şərtlər irəli sürməyə çalışır: “Hadisələrin xronologiyasına nəzər salsaq, aydın olacaq ki, iyun ayından sonra həmsədrlərin regiona səfəri və nazirlərin Brüsseldəki görüşü öncəsi Ermənistan bilərəkdən vəziyyəti gərginləşdirirdi. İyulun 4-də Füzulinin Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən həyata keçirilmiş məqsədyönlü hücum nəticəsində 2 yaşlı qız və onun nənəsi öldürülüb, bir qadın yaralanıb. Sonuncu hadisələr və ötən ilin aprel ayındakı toqquşmalar sübut etdi ki, Ermənistan silahlı qüvvələrini işğal altındakı Azərbaycan torpaqlarından çıxarmaqdan imtina etdiyi üçün region ciddi təhlükə ilə üz-üzə qalıb.

Ermənistan hər vasitə ilə status-kvonun saxlanmasına və işğalı davam etdirməyə çalışır. Buna görə “münaqişənin hərbi yolla həlli yoxdur, tərəflər siyasi iradə nümayiş etdirməli və atəşkəs rejimi qorunmalıdır” kimi çağırışlar Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarından qoşunlarını çıxartması tələbi ilə müşayiət olunmalıdır. Bu kontekstdə Ermənistanı sülhə məcbur etmək üçün siyasi-diplomatik təzyiq göstərilməlidir", - deyə E. Məmmədyarov vurğulayıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   Dağlıq-Qarabağ   XİN   İlham-Əliyev   ATƏT  





Xəbər lenti