İslamiadada iştirak edən sərhədçilərə mükafat verildi
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti, qayğısı və dəstəyi, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin rəhbərliyi ilə ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirməklə oyunların Azərbaycan modelini yaratmışdır. Oyunların davam etdiyi 11 gün, həm açılış, həm də bağlanış mərasimləri Azərbaycan dövlətinin gücünü, iqtisadi qüdrətini, düşünülmüş siyasi strategiyasını və möhtəşəm tədbirləri keçirməyə qadir olduğunu nümayiş etdirdi.
Qalib idmançıların və onların məşqçilərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mükafatlandırılması böyük minnətdarlıq hissi ilə qeyd edilən tədbirdə IV İslam Həmrəyliyi Oyunlarında qazanılan qələbələrin ölkəmizdə idmana və idmançılara göstərilən yüksək dövlət qayğısının nəticəsində mümkün olduğu vurğulanıb.
Ölkə idmanına daima öz layiqli töhfələrini verən “Sərhədçi” idman klubunun üzvləri Azərbaycan yığma komandasının tərkibində IV İslam Həmrəyliyi Oyunlarına qatılmış, 3 qızıl, 2 gümüş və 2 bürünc medalı qazanmışlar. Belə ki, cüdo yarışlarında baş leytenant Nicat Şıxəlizadə, karate üzrə leytenant Fəridə Abıyeva, paracüdo üzrə gizir Ramilə Kaştayeva bütün rəqibləri üzərində qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının qalibləri olmuşlar. Voleybol üzrə leytenant Emil Abdullayev, cüdo üzrə gizir Rüstəm Orucov gümüş, Yunan-Roma güləşi üzrə leytenant Rəsul Çunayev və üzgüçülük üzrə Fatimə Alkərəmova bürünc medal qazanıblar. “Sərhədçi” idman olimpiya mərkəzinin rəis müavini, sərbəst güləş üzrə ölkəmizin yığma komandasının baş məşqçisi polkovnik-leytenant Firdovsi Umudovun yetirmələri 4 qızıl, 2 gümüş və 1 bürünc, “Sərhədçi” idman olimpiya mərkəzinin təlimatçısı, üzgüçülük üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Əbdürəhmanovun yetirmələri isə 4 qızıl və 2 bürünc medal qazanıblar. “Sərhədçi” idman olimpiya mərkəzinin üzgüçülük və su polosu üzrə təlimatçıları Rəşad Əliyev və Namiq Qasımov oyunlara hakim qismində qatılaraq yarışların ədalətli keçməsi üçün bilik və bacarıqlarını əsirgəməyiblər.
Öz qələbə sevinclərini bölüşən qalib idmançılar idmanın inkişafına göstərdiyi ali diqqət və qayğıya, idmançılar üçün yaradılmış ideal şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəklərinə, xalqımıza yeni idman qələbələri bəxş edəcəklərinə söz veriblər.
Görüşün sonunda IV İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak etmiş sərhədçi idmançılar mükafatlandırılıblar.
AzVision.az
Teqlər: DSX