İdmançılarımız qələbə vəd edir: "Sözümüzü meydanda deyəcəyik"
Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev AzVision.az-a bildirib ki, Azərbaycanın yığma komandası hər bir idman növündə öz sözünü meydanda deyəcək.
ATF-nin birinci vitse-prezidenti qeyd edib ki, həm taekvondoçularımızdan, həm də karateçilərimizdən böyük nəticələr gözləyirik: “Cənab prezidentin qeyd etdiyi kimi bu yarışın məqsədi müsəlman ölkələrinin həmrəy olmasıdır. Bu yarışlarda iştirak edəcək tanınmış idmançılarımız çoxdur. Taekvondoda olimpiya, Dünya və Avropa çempionlarımız iştirak edəcək. Karate yığmamızda da tanınmış idmançılarımız var. Onlar I Avropa Oyunlarında yüksək nəticələr göstərmişdilər. Ümidvarıq ki, yüksək nəticələr təkrar olunacaq. Bütün idmançılarımıza uğurlar arzu edirik”.
Müstəqil Azərbaycanın ilk Olimpiya çempionu, cüdoçu Nazim Hüseynov bildirib ki, cüdoçularımız yarışa yüksək səviyyədə hazırlaşıb: “Cüdoçularımıza əsas müqavimət göstərəcək Qazaxstan və Özbəkistan idmançıları ola bilər. Bütün çəkilərdə olan idmançılarımızdan yüksək nəticələr gözləyirik. Cüdoçularımız yaxşı nəticə göstərəcəklər. İnanıram ki, komanda hesabında Azərbaycan yığması birinci yeri tutacaq”.
Anar Kəlbyev
AzVision.az
Teqlər: İslamiada