İWF prezidenti Azərbaycanın müdafiəsinə qalxdı
T.Ayanın sözlərinə görə, Türkiyə, Qazaxıstan, Belarus, Moldova, Azərbaycan, Rusiya və digər bu kimi ölkələr ağırlıqqaldırma növünün inkişafında böyük rol oynayırlar. IWF prezidenti bu kimi güclü ağır atletika ölkələrinin dopinqə görə cəzalandırılmasından narazılığını ifadə edib. O qeyd edib ki, cəza almağa namizəd ölkələrdə böyük işlər aparılır, təşkilati strukturlarda dəyişikliklər edilib, inkişaf üçün lazımi addımlar atılır: “Ötən il Azərbaycanda oldum, oradakı həm böyük (AAAF Parkdakı mərkəzi baza), həm də kiçik akademiyanı (Liseyi) da gördüm. Onların qurduğu işləri, təlim-məşq bazalarını, infrastrukturu, qidalanma, təhsil alma yerlərini, həmçinin Şüvəlandakı akademiyanı gördüm. Bu insanlar ağırlıqqaldırmanı sevirlər və onun inkişafı üçün kifayət qədər böyük vəsait sərf edirlər. Belə olan halda niyə biz bu adamlara cəza verək, hətta bunu gündəmdə belə saxlayaq? Dövlətlərin bu idman növünə münasibəti, fikirləri, baxış bucağı dəyişirsə, yenidənqurma edirlərsə, maddi-texniki bazanı təkmilləşdirirlərsə, dopinqə qarşı ciddi mübarizə aparırlarsa, biz onların tərəfində olmalı, bu məsələlərdə dəstək olmalıyıq”.
Qeyd edək ki, ağır atletika simpoziumunda AAAF-ın baş katibi Rizvan Rəsulov iştirak edib. Tədbirə Avropa və Asiya ölkələrindən olan 15-dən çox federasiyanın prezident və baş katibləri qatılıb. Müzakirələrdə IWF-in prezidenti Tomaş Ayan da iştirak edib. Gündəlikdə bir neçə məsələ - mayın sonunda Tailandın paytaxtı Banqkokda keçiriləcək yeni IWF prezidenti seçkiləri, dopinqlə mübarizə, ağır atletika avadanlıqlarındakı yeniliklər, məşqçilər, hakimlər və texniki rəsmilər üçün seminarların keçirilməsi, ağırlıqqaldırmanın inkişaf etmədiyi, 3-cü dövlətlər adlanan ölkələrə yardım proqram-layihələrinin müzakirəsi, maddi təminatın yaxşılaşdırılması məqsədilə marketinq fəaliyyətlərinin genişləndirilməsi və digər mövzular olub.
Gündəlikdən kənara çıxılan yeganə məsələ isə Azərbaycanda keçirilən IV İslam Həmrəylik Oyunları, onlara hazırlıq prosesi olub. IWF prezidentinin xahişi ilə R.Rəsulov bu barədə geniş məlumat verib.
Aytən Zəhra
AzVision.az
Teqlər: IWF Azərbaycan Dopinq