“Min möhtəşəm günəş”in rejissoru: "Allah bizi o gündən qorusun" (Video)

“Min möhtəşəm günəş”in rejissoru: "Allah bizi o gündən qorusun" (Video)
  04 Aprel 2017    Oxunub:7665
Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsəri İrəvan Azərbaycan Dövlət Teatrında səhnələşdirilir. Tamaşanın məşqlərini izləyən əməkdaşımız rejissor Elvin Mirzəyevlə həmsöhbət olub. Rejisssor söhbət əsnasında “Min möhtəşəm günəş”lə bağlı maraqlı nüanslara toxunub.


-Elvin bəy, necəsiniz? Məşq prosesi necə gedir?

-Məşq edəndə əhvalım həmişə yaxşı olur.

-Niyə məhz bu əsər? Adətən teatrlarımızda klassik əsərlərə üstünlük verirlər. Siz isə müasir dövrümüzdə yazılmış əsəri səhnələşdirirsiniz.

-Xalid Hüseyni 21-ci əsrin Şekspiridir. O əsərdə dialoqlar konstruksiyası, konfiliktlər zənciri o qədər dürüsüt, o qədər dəqiqdir ki, düşünürəm, bəlkə də Şekspirin ruhu Xalid Hüseyninin daxilindədir.

Mən klassik əsərlərlə işləməyi çox sevirəm, indi də klassik əsərlə işləyirəm. Əminəm ki, bu əsər 21-ci əsrin klassik incilərindən olacaq.

-Tamaşa izləyicilərinə əfqan ailəsinin məişət, həyat tərzindən, yaşam uğrunda mübarizəsindən söhbət açacaq. Aktyorlarınıza o həyatı duymaq, hiss etmək çətin olmadı ki?

- Əfqanıstan bizdən çox da uzaq məsafədə yerləşmir. Dini etiqadımız oxşardır. Nəzərə alaq ki, indi də Əfqanıstanda yaşayan azərbayacanlılar var. Bir sözlə, biz böyük Sasani dövlətinin tərkibində olarkən bir- birimizin mədəniyyətindən bəhrələnmişik.

“Min möhtəşəm günəş” başlığı bizim azərbayacanlı şairimiz Saib Təbrizinin “Kabilnamə”sindən götürülüb. Həmin şairin şəkli hazırda Nizami muzeyində asılıb. Odur ki, Əfqanıstanla biz o qədər də fərqli, uzaq deyilik. Talelərimiz arasında hardasa oxşarlıqlar var.

Əfqan xalqının bu gün yaşadıqlarını Allah heç kəsə qismət etməsin. Allah bizi o gündən qorusun. Bu mövzuya müraciət etməklə şəxsən mən mesaj vermək istəyirəm ki, Əfqanıstanın vəziyyətini gözümüzün qarşısına gətirməliyik. Xəbərimiz olmalıdır ki, belə bir yaşam tərzi var. Buna uyğun addımlarımıza nəzər yetirməliyik. Əfqanıstanın aqibətindən dünyada heç bir ölkə, bəşəriyyət insanı sığortalanmayıb. O taleni hər kəs yaşaya bilər.

Aktyorlara gəldik də isə dediyim kimi obrazlar onlara çox yaxındır. Burada çox yüksək əyarlı aktyorlar var. Əminəm ki, istədiyimizi tamaşaçıya göstərə biləcəyik.

-Tamaşaya nə qədər aktyor heyəti cəllb olunub?

-20 nəfər

-Tamaşanı nə zaman təhvil verməyi düşünürsünüz?

-Aprel ayında. Tamaşanı Rus Dram və ya Akademik Milli Dram Teatrının səhnəsində göstərəcəyik.

Şahanə Rəhimli
Video:Əhməd Xəlilov

AzVision.az


Teqlər: İrəvan   Teatr  





Xəbər lenti