Jurnalistlərə xəbərdarlıq edildi
Əməliyyat şirkətinin vasitəçiliyi ilə aparılan bu proses aprelin 5-i, saat 17:00-da başa çatacaq. BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yerli media nümayəndələrini tezliklə qeydiyyatdan keçməyə çağırır:
“Ötən il böyük uğurla Bakıda reallaşdırdığımız ilk Formula 1 Qran Prisi zamanı yarışı izləyən jurnalistləri Beynəlxalq Avtomobil Federasiyasının müvafiq standartlarına uyğun iş şəraiti ilə təmin etmişdik. Həm xarici, həm də yerli jurnalistlər onlar üçün yaradılmış şəraitdən olduqca məmnun qalmışdılar.
Bu il Azərbaycan Qran Prisindədaha yaxşı şəraiti təmin etmək üçün gərəkli hazırlıqlara indidən başlamışıq və çalışırıq ki, maksimum sayda yerli media nümayəndəsi qeydiyyatdan keçsin və Bakıda baş tutacaq növbəti Formula 1 yarışını yerində canlı izləyərək bu yarışı yüksək səviyyədə işıqlandıra bilsin.
Əməliyyat şirkəti olaraq bütün yerli jurnalistlərə bir daha müraciət edirik ki, sayılı günlərin qaldığını nəzərə alaraq qeydiyyatdan keçməyə tələssinlər və onlar üçün təqdim olunan bu əvəzolunmaz fürsəti əldən verməsinlər”.
Qeyd edək ki, akkreditasiyadan uğurla keçən jurnalistlər pilotlarla yanaşı komandaların texniki heyətləri ilə görüşmək və onlardan müsahibə almaq imkanına sahib olacaqlar. Eyni zamanda jurnalistlər yarış həftəsonu ərzində keçirilən bütün mətbuat konfranslarında da iştirak edərək öz suallarını əlaqədar şəxslərə birbaşa ünvanlaya biləcəklər.Bundan əlavə, akkreditasiya sahiblərini dünya ulduzlarının iştirakı ilə baş tutacaq əyləncəvi konsert proqramları da gözləyir.
Akkreditasiyadan keçmək istəyən media nümayəndələri https://www.bakucitycircuit.com/az/media/media-accreditation keçidinə daxil olaraq müvafiq formanı doldurmalıdırlar. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.
Akkreditasiya prosesi ilə əlaqədar daha ətraflı məlumat almaq istəyənlər öz suallarını [email protected] adresinə göndərə və ya 012 404 1383 nömrəsinə zəng edərək bizə bildirə bilərlər.
Qeydiyyatdan keçmək istəyən televiziya və radio nümayəndələrinin nəzərinə!
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 2017-ci ilin yayında keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün qeydiyyatdan keçmək istəyən televiziya və radio qurumlarının nümayəndələrini martın 31-i, saat 11:00-da şirkətin mərkəzi ofisində baş tutacaq görüşə dəvət edir. Görüş zamanı jurnalistlərə qeydiyyat prosesindən keçməyə köməklik göstəriləcək vənövbəti mərhələdə hansı əməliyyatların yerinə yetirilməsinə dair onlara ətraflı məlumat veriləcək.
Eldar Əlvanoğlu
AzVision.az