Novruz bazarlığı: Qiymətlər necədir? (VİDEO+FOTOLAR)

Novruz bazarlığı: Qiymətlər necədir? (VİDEO+FOTOLAR)
  14 Mart 2017    Oxunub:18051
Yazın gəlişinə sayılı günlər qalıb. Hamı bayram bazarlığına hazırlaşır. Bunun üçün bazarlara, marketlərə üz tutmalı oluruq.

Bəs bayramqabağı qiymətlər necədir? İstədiyimiz məhsulu münasib qiymətə ala bilərikmi?

Suallara cavab tapmaq üçün paytaxtın mərkəzində yerləşən “Təzə bazar”a üz tutduq. Bizi müştəri bilib məhsullarını tərifləyən satıcılar sonradan jurnalist olduğumuzu görüb alıcı azlığından şikayətlənməyə başladılar. Müştəri üzünə həsrət qaldıqlarını deyən satıcılar bekarçılıqdan nərd oynayırdılar. Biz də söhbət əsnasında qiymətlərlə maraqlandıq.



Meyvələrin qiymətindən başlayaq. Görək, onların qiymətləri də görünüşü kimi alıcıların ürəyincədirm? Satıcıların sözlərinə görə, “Təzə bazar”da almanın qiyməti fərqlidir. Bazarda kiloqramı 1 manatdan tutmuş 5 manatadək almaya rast gəlmək olar.

Narın, portağalın qiyməti ötən illə müqayisədə bahalaşıb. Bu məhsulları 2, 3 manatdan ucuz tapmaq mümkün deyil. Bananın da qiyməti təxminən 2-3 manatdır.

Bayram süfrəsi üçün heyva almaq istəsəniz, minimum 5-6 manatınızdan keçməli olacaqsınız.



Meyvələrin qiyməti ilə maraqlandıqdan sonra tərəvəzlərə keçdik. Bayram bazarlığına çıxanlar kartofu 80 qəpiyə, bir manata, soğanı isə növündən asılı olaraq 30-50 qəpiyə ala bilərsiniz. Hövsan soğanını isə 3 manatdan ucuz deyil. Kələm bir manat 20 qəpiyə, bir manat 50 qəpiyə, pomidor isə 2 manatadır.

Əgər ürəyiniz badımcan, bibər istəsə, gərək şirin bibərin kilosuna 4 manat, badımcana isə ən azı 2 manat pul verəsiniz.



Göyərtinin bir dəstəsi hazırda 20 qəpikdir.

Bayramda süfrəmizin şahı olan plovu hazırlamaq üçün kişmişin 1 kiloqramına 10, ərik və turşuya 8, şabalıda 8- 9 manat verməlisiniz.

Süfrənizə qoz ləpəsi də qoya bilərsiniz. Bunun üçün isə 15-20 manatınızdan keçməli olacaqsınız.



Nəhayət, bayaramı onsuz təsəvvür edə bilmədiyimiz ətin qiymətini soruşduq. Sümüklü mal əti 9, sümüksüz mal əti isə 10 manat 50 qəpiyə satışa çıxarılıb.

Bazarda ağız sulandıran daha nələr yox idi ki?! Cürbəcür turşular, tutmalar, nar şirələri və s.
Bir sözlə, ürəyiniz istəyən, gözünüz tutan ərzağı tapıb ala biləsiniz. Təki əliniz cibinizdə olsun!























































Şahanə Rəhimli
Elvin Abdulla

AzVision.az


Teqlər: Novruz   Bayram   Bazar  





Xəbər lenti