`Prezidentin çıxışı həddini aşan məmurlara mesajdır` - Deputat

`Prezidentin çıxışı həddini aşan məmurlara mesajdır` - Deputat
  31 Yanvar 2017    Oxunub:3373
Azərbaycan Prezidenti İlham Əliyev məmurlara növbəti dəfə xəbərdarlıq edib. Ölkə başçısı ötən gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bildirib ki, məmur yekəxanalıq etməməli, qanunsuz tələb irəli sürməməli, rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır.
Dövlət başçısı çıxışında diqqətə çatdırıb ki, insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür: "Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır.

Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır".

Prezidentin çıxışına münasibət bildirən millət vəkili Fəzail İbrahimlinin sözlərinə görə, məmurların tənqid olunması insanlarda təəccüb doğurmamalıdır.

“Bəzən ölkədə prezidentin məmurları tənqid etməsi təəccüblə qarşılanır. Ancaq, belə olmamalıdır. Bu, dünya praktikasında qəbul olunmuş haldır. Əgər iş varsa, orada qüsur olur. Komanda varsa, ona irad da bildirilməlidir. Burada prezident öz komandasından səmimi olmağı, xalqa xidmət etməyi tələb edir. Ölkə başçısı komandasında olan məmurlara bununla mesaj verir.

Bu, həddindən artıq özündən razı olan, arxayın olan, atdığı addımların, əməllərin görünmədiyini düşünən, yaxud görünüb əhəmiyyət verilmədiyini düşünən məmurlara qarşı mesajdır ki, hər şeyi görürük, bilirik. Yerinizi, həddinizi bilin, səmimi olun, xalqa xidmət edin və göstərilən etimadı doğruldun”.

Deputat hesab edir ki, prezidentin çıxışı qeyd etdiyim işlərlə məşğul olan məmurlara şamil olunub: “Bu gün çətin, beynəlxalq hüququn beynəlxalq gücə təslim olduğu bir dövrdə yaşayırıq. Dünya yeni hüquq normalarının, prinsiplərinin müəyyən edilmə ərəfəsindədir. Ona görə də Azərbaycandakı komanda vahid, monolit, olduqca güclü olmalıdır. Bunun üçün ilk növbədə komanda üzvləri xalqa xidmət etməli, ruhunu duymalıdır. Qəbullarına gələn insanlara münasibətdə ədalətli olmalıdırlar”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti