Qafqaz Universiteti ilə bağlı mühüm qərar verildi (VİDEOXƏBƏR)

Qafqaz Universiteti ilə bağlı mühüm qərar verildi (VİDEOXƏBƏR)
  31 Yanvar 2017    Oxunub:9791
Təhsil Nazirliyində növbədənkənar Kollegiya iclası keçirilib. Kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, müzakirə nəticəsində irəli sürülmüş bir neçə təklif arasında qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə - Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə dövlət universiteti statusunda yaradılmış Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib. Qərarda, həmçinin tələbələrin təhsil aldıqları tədris dilinin saxlanılması da vurğulanır.

Sözügedən təklifin qəbul olunması zamanı Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti nəzərə alınıb.

Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarda digər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək istəyən tələbələrin müraciətlərinə yay tətili zamanı baxılacağı da qeyd olunur.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti