Azərbaycanda siqaret çəkən uşaqların statistikası

Azərbaycanda siqaret çəkən uşaqların statistikası
  30 Yanvar 2017    Oxunub:9053
Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 10,3%-i, əsasən oğlanlar siqaret çəkib və onların 32,6%-i 10 yaşadək siqaret çəkməyə davam edib.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri müavini Tofiq Musayev "Azərbaycanda tütünlə mübarizə qanunvericilyinin gücləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada deyib.

T.Musayev əlavə edib ki, hazırda 13-15 yaşlı uşaqların 7,3 faizi bu və ya digər formada tütün məmulatından istifadə edirlər. Araşdırmaların nəticələrinə görə, 13-15 yaşlıların 28,8%-i evdə, 40,8% -i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Siqaret çəkməyənlərin 8 faizi növbəti il ərzində siqaret çəkməyə başlaya bilər.

Müdir müavinin sözlərinə görə, siqaret çəkən yeniyetmələrin 19 faizi elə hesab edir ki, siqaret çəkənin daha çox dostu olur, 29,2 faizi isə elə fikirləşir ki, siqaret çəkənlər daha çəlbedici görünür.

T.Musayev qeyd edib ki, ümumilikdə Azərbaycanda yaşı 15-dən çox olan kişilərin 36-%-i siqaret çəkir. Siqaret çəkən qadınların sayı isə heç 1%-ə çatmır. Araşdırmaların nəticələrinə görə, kişilərin 77%-i ictimai yerlərdə, qadınların 41%-i evdə tütün tüstüsünün təsirinə məruz qalırlar: "Siqaret çəkənlərin 40% -i siqareti evdə çəkməklə ailə üzvlərinə təhlükə törədir. Qeyd edim ki, ağciyər xərçəngindən ölən 35 yaşdan yuxarı kişilərin 85%-də tütün çəkmə risk amili mövcuddur”.

T.Musayev əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının xüsusi metodologiyası əsasında ötən il ərzində keçirilən araşdırmanın nəticələrinə görə, siqaret çəkən yeniyetmələrin 64,8%-i mağazadan siqaret alıb: "Halbuki qanunvericilik buna yol vermir. Yeniyetmələrin 32,5% düşünür ki, siqaret vitrinləri siqaret çəkməyə həvəsləndirir. Siqaret çəkməyən yeniyetmələrin 8 %-i növbəti il siqaret çəkməyə başlaya bilər”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti