Ötən il 52 polis əməkdaşı xidmətdən xaric edilib

Ötən il 52 polis əməkdaşı xidmətdən xaric edilib
  27 Yanvar 2017    Oxunub:2414
“Xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin icrası daim ciddi nəzarətdə saxlanılıb, bu sahədə mühüm vəzifələr keçən ildə də tam və ardıcıllıqla yerinə yetirilib”.
AzVision.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün keçirlən kollegiya iclasında deyib. Onun sözlərinə görə, nazirliyin rəhbərliyi tərəfindən 3.248, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 64 şəhər və rayonundan olan 2.164 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub.

Kollegiya iştirakçılarının nəzərinə çatdırılıb ki, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunçuluğun qorunması sahəsində xidməti vəzifələrin icrasına da tələbkarlıq artırılıb. Nəticədə insan hüquq və azadlıqlarının pozulması faktlarının sayı 10,9 faiz, o cümlədən əsassız saxlamaların sayı 33,3 faiz, kobud rəftar halları isə 41,3 faiz azalıb. Eyni zamanda, korrupsiya hüquqpozmalarının sayının 29 faiz, həmin əməllərə yol vermiş əməkdaşların sayının 13 faiz azalması və bu təmayülün son 3 ildə davamlı xarakter alması qeyd olunub:

“Bununla belə, daxili nəzarət qaydasında keçirilmiş tədbirlərlə vətəndaşları əsassız polisə gətirdiklərinə, saxladıqlarına, məsuliyyətə cəlb etdiklərinə, qanunsuz axtarış apardıqlarına, sürücülərin hüquqlarını pozduqlarına, kobud rəftara yol verdiklərinə və s. qəbahətlərə görə 350 əməkdaş intizam qaydasında cəzalandırılıb, onlardan 52 nəfəri xidmətdən xaric edilib, 42-si tutduğu vəzifədən azad olunub, 256 əməkdaşa digər intizam tənbehləri verilib”.

Nazir bildirib ki, kadrlarla iş və şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması sahəsində fəaliyyət də nəzarətdə saxlanılıb. Peşə hazırlığının artırılması üzrə davam etdirilən tədbirlərlə 18 mindən artıq əməkdaş müxtəlif təlimlərə, ixtisasartırma kurslarına və beynəlxalq treninqlərə cəlb olunub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti