Prezident yeni hərbi şəhərciyin açılışında - FOTOLAR+VİDEO

Prezident yeni hərbi şəhərciyin açılışında  - FOTOLAR+VİDEO
  23 Yanvar 2017    Oxunub:16666
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

AzVision.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı İlham Əliyev əvvəlcə Azərbaycan Ordusunun inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoydu.



Yeni hərbi şəhərcik 42 hektar ərazidə yerləşir. Burada tikinti işləri 2014-cü ilin mayında başlanıb, ötən ilin sonunda isə yekunlaşıb. Şəhərcikdə zabit, gizir və çavuşlar üçün 9 yaşayış binası inşa edilib. Onlardan 4-ü ailəli, 5-i isə subay hərbi qulluqçular üçündür. Ərazidə ümumilikdə 13 əsgər yataqxanası tikilib. Hərbi şəhərcikdə inzibati, xidməti və texniki binalar da inşa edilib. Ali Baş Komandan, Prezident İlham Əliyev hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsdi.

Hərbi şəhərciyin qərargah binası müasir səviyyədə yaradılıb. İkimərtəbəli qərargah binasının foyesində ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdikləri diqqəti əks etdirən fotostend yaradılıb. Burada hərbi hissə növbətçisi, istirahət, qonaq və digər xidməti otaqlar var. Qərargah binasında Şərəf otağı, brifinq və akt zalları da hərbçilərin ixtiyarına verilib. Bir sözlə, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq və istirahət etmək üçün hərtərəfli şərait yaradılıb.



Hərbi şəhərcikdə ailəli hərbi qulluqçuların yerləşməsi üçün iki və üçotaqlı mənzillərdən ibarət yaşayış binaları inşa edilib. Binalardakı mənzillər yumşaq və bərk mebellər, zəruri inventar və televizorla təmin olunub. Bütün binalara su, elektrik, telefon, internet və televiziya kabeli xətləri çəkilib. Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. 2003-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli ordularının sırasına daxil olmasına imkan yaradıb.



Ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş 76 çarpayılıq, ikimərtəbəli tibb məntəqəsi də tikilib. Tibb məntəqəsinin binasında Ulu Öndərin və dövlətimizin başçısının hərbi qulluqçularla görüşlərini əks etdirən fotolar sərgilənir. Burada UZİ, elektrokardioqram, rentgen, diaqnostika, lor, oftalmoloji, stomatoloji, fizioterapiya kabinetləri, laboratoriya yaradılıb. Bu kabinetlərdə müasir tibb cihazları quraşdırılıb. Bu isə tam imkan verir ki, şəxsi heyətə ixtisaslı tibbi yardım göstərilsin. Tibb məntəqəsinin palataları müasir səviyyədədir. Binada hərbi tibbi hazırlıq sinfi də yaradılıb. Bu cür hərbi şəhərciklərin inşası bir daha sübut edir ki, ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Bütün bunlar isə Azərbaycan Ordusunun qüdrətini artırır, hərbi sahənin maddi-texniki bazasını möhkəmləndirir.



Hərbi şəhərcikdə bütün avadanlıqla təchiz edilmiş yeməkxana inşa edilib. Dövlətimizin başçısına burada hərbi qulluqçuların istifadə etdikləri ərzaqlar barədə məlumat verildi. 1790 yerlik yeməkxanada əsgər və zabitlərin dolğun qidalanması üçün hərtərəfli şərait vardır. Burada mətbəx və təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları yaradılıb. Yeməkxana kompleksində çörək istehsalı sahəsi də fəaliyyət göstərir. Bu istehsal sahəsi hərbi hissənin şəxsi heyətini çörək və şirniyyat məmulatları ilə tam təmin etmək imkanına malikdir. Ərazidə şəxsi heyətin uzunmüddətli yerləşməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib. Dövlətimizin başçısı hərbi hissənin əsgər yataqxanasına da baxdı. Burada əsgərlərin qalması və istirahəti üçün hərtərəfli şərait var. Yataqxanada ideoloji otaq, dəftərxana və digər inzibati otaqlar yaradılıb.



Prezident İlham Əliyevə hərbi hissədəki texnika barədə də məlumat verildi. Bu gün ordumuzun balansında dünyanın ən müasir silah-sursatı və hərbi texnikası var. Son illərdə dövlətimizin başçısı, Ali Baş Komandanın diqqəti sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açır. Təsadüfi deyil ki, indi ölkəmizin silah-sursatları bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur. Bu hərbi texnika ilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə əsasən istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Məlumat verildi ki, hərbi hissədə zirehli avtomobil və texnikaların yerləşdirilməsi üçün xüsusi yerlər inşa edilib. Hərbi texnika üçün parkın ərazisində yeni avadanlıqla təchiz edilmiş texniki nəzarət, qulluq, təmir, yanacaqdoldurma və digər məntəqələr tikilib.



Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, eləcə də hərbi qulluqçuların və onların ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili, təhsil və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə hərbi şəhərciyin ərazisində 528 yerlik klub inşa edilərək lazımi avadanlıqla tam təchiz olunub. Bundan başqa, ərazidə hərbi qulluqçuların peşə və ixtisas hazırlığının təşkili məqsədilə müvafiq avadanlıq və qurğularla təchiz edilmiş 2 tədris korpusu inşa olunub. Təntənəli mərasimlər, qoşunların sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün 3 sıra meydanı salınıb. Şəhərcikdə qarovul xidmətinin təşkili və aparılması məqsədilə qarovul şəhərciyi və qarovul evi inşa edilib. Hərbi şəhərcik yaradılarkən hərbi qulluqçuların idmanla məşğul olmaları diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə burada minifutbol, basketbol, voleybol, həndbol meydançaları, maneələr və qaçış zolaqlarının daxil olduğu idman-məşq qurğuları sahəsi yaradılıb.



Hərbi hissədə müasir avadanlığın quraşdırıldığı hamam-çamaşırxana-qazanxana kompleksi fəaliyyət göstərir. Burada, həmçinin bərbərxana və dərzi otaqları da var. Hərbi hissənin isti su təchizatını təmin etmək və istiliyə ehtiyacını ödəmək üçün müasir tipli qazanxanada suqızdırıcı qurğular quraşdırılıb. Şəhərcikdə bir buxar qazanxanası, iki transformator yarımstansiyası və biotəmizləyici su stansiyası da inşa edilib. Ərazidə həcmi 500 kubmetr olan ehtiyat və yanğın əleyhinə tədbirlər üçün nəzərdə tutulan su anbarları da yaradılıb. Hərbi şəhərcikdə yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı hərbi qulluqçularla görüşdü.



Prezident İlham Əliyev yeni hərbi şəhərciyin açılışı münasibətilə təbriklərini çatdırdı. Burada xidmət aparmaq və yaşamaq üçün bütün şəraitin olduğunu deyən dövlətimizin başçısı son illərdə ölkəmizdə 20-dən çox hərbi şəhərciyin inşa edildiyini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətidir. Hərbi qulluqçuların sosial məsələlərinin həllinin diqqət mərkəzində saxlanıldığını, Azərbaycan Ordusunun bu gün dünyanın ən qüdrətli ordularından olduğunu deyən dövlətimizin başçısı son illərdə ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində atılan addımlardan danışdı.



Ötən ilin aprel döyüşlərinə toxunan Ali Baş Komandan, Prezident İlham Əliyev bunu Azərbaycan Ordusunun böyük qələbəsi kimi xarakterizə etdi. Bu döyüşlər zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər yaratdığı mifin dağıdıldığını söylədi. Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha vurğulayan dövlətimizin başçısı Ermənistanın işğala son qoyması ilə bağlı beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymadığını dedi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır.



Sonda Prezident İlham Əliyev hərbçilərə yeni uğurlar arzuladı. Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun döyüş fəaliyyəti barədə məlumat verdi, 2017-ci ildə qarşıda duran vəzifələrdən danışdı, ordu quruculuğuna göstərdiyi diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirdi.









AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti