Azərbaycan Qran-prisinə daha çox ruslar maraq göstərir

Azərbaycan Qran-prisinə daha çox ruslar maraq göstərir
  10 Yanvar 2017    Oxunub:2343
Bu il Azərbaycanda keçiriləcək “Formula -1” yarışları ilə əlaqədar Hökumət evinin qarşısındakı Paddok ərazisində bütün infrastrukturun inşasına, yaz aylarında isə Niyazi küçəsində qəmbər daşları ilə örtülən hissənin asfalt qatla örtülməsinə başlanılacaq.
AzVision.az xəbər verir ki, bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai “ASAN Radio” ilə müqavilənin imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, aprel ayında tribunalar və müvəqqəti yerüstü keçidlərin quraşdırılmasına başlanılacaq: “May ayında- İslam Həmrəyliyi Oyunlarından dərhal sonra trek ətrafında təhlükəsizlik baryerlərinin quraşdırılmasına başlanacaq. 2017-ci il üçün Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar tikinti və montaj işləri 1- ci ildəki kimi böyük ölçüdə olmayacaq. Ümumilikdə trekin konfiqurasiyası dəyişməz olaraq qalır. Yalnız bəzi döngələrdə təhlükəsizlik baxımından modifikasiya işləri aparılacaq”.

N.Arpadarai vurğulayıb ki, Bakıda keçiriləcək yarışları üçün artıq 27 ölkədən biletlər alınıb. Onun sözlərinə görə, 2016-cı ilin dekabrın 2-dən bu günədək satılan biletlərin 62,3 faizi Rusiyanın, 8,9 faizi Böyük Britaniyanın, 8,1 faizi Azərbaycanın payına düşür.

Bilet alışına görə ilk onluğa daxil olan ölkələr Rusiya, Böyük Britaniya, Azərbaycan, Almaniya, Gürcüstan, Ukrayna, Monako, Birləşmiş Ərəb Əmirlikləri , Bolqarıstan və İsveçrədir.

Çin, Sinqapur və Vyetnam kimi Asiya ölkələrindən də Azərbaycan Qran Prisinə maraq göstərənlər var. Hazırda biletlər 30 faizədək endirimli qiymətlərlə təklif olunur. Bu kampaniya yanvarın 31-dək davam edəcək və növbəti endirim olmayacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti