`Qarabağ gec-tez qaytarılacaq` - Əli Əhmədov (VİDEOXƏBƏR)

`Qarabağ gec-tez qaytarılacaq` - Əli Əhmədov (VİDEOXƏBƏR)
  10 Dekabr 2016    Oxunub:4591
“Ermənistan dəfələrlə qeyri-konstruktiv mövqe nümayiş etdirib. İşğalçı ölkə mövqeyindən əl çəkmir. Hesab edirik ki, Ermənistan bu yolla münaqişənin nizamlanması prosesinə əngəl törədir, status-kvonu qorumağa çalışır”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, YAP-ın sədr müavini Əli Əhmədov Ermənistanın Hamburqda 3+2 formatında görüşdən imtina etməsinə münasibət bildirərkən deyib.

Ə.Əhmədovun sözlərinə görə, Ermənistan rəhbərliyi yaxşı anlayır ki, münaqişə beynəlxalq hüquq normaları əsasında gec-tez həll olunacaq, Azərbaycanın işğal olunmuş torpaqları geriyə qaytarılacaq: “Əks halda Azərbaycan bunu öz imkanları ilə həll edəcək. Buna görə də Ermənistanın indiki taktikası münaqişənin həllini mümkün qədər uzatmaqdır və bu taktikanı həyata keçirmək üçün ayrı-ayrı görüşlərdən imtina etmək yolunu seçir. Güman edirəm ki, bununla Ermənistan özünün beynəlxalq aləmdən təcrid olunmasını daha da dərinləşdirir”.

Ə. Əhmədov bildirib ki, istənilən münaqişənin həllində vasitəçilik edən ölkələr tərəfsiz olmalıdır: “Amma təəssüf ki, ATƏT-in Minsk qrupu ölkələri ilə bağlı bunu demək çətindir. Əlbəttə, mən ATƏT-in Minsk qrupunun fəaliyyətini heçə endirmək istəməzdim. Amma reallıq budur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı onların 20 illik fəaliyyətində heç bir nəticə yoxdur. Belə olan halda qrupun fəaliyyətində kardinal dəyişiklik tələb olunur. Bunun hansı formada olmasını deyə bilmərəm. Amma bu dəyişiklik olmayacaqsa, Azərbaycanda belə bir sual yaranacaq: ATƏT-in tərkibində qalmağa və yaxud Minsk qrupunun bundan sonrakı fəaliyyətinə ehtiyac varmı? Bu sual bizi düşündürəcək”.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti